Oxuduğunuz məqalə

Xəzər dənizinə yeni baxış: yaşı onilliklərlə hesablanan mübahisəyə yeni yanaşma

 

Bu yazını paylaşın:

Kərtənkələ Press Orijinal

English version

Dünya miqyaslı pandemiyanın yumor hissi ola bilərmi? COVID-19 həm səhhətimizdə, həm də peşəkar həyatımızda ağır izlər qoydu. Buna baxmayaraq, pandemiyaya görə sənaye fəaliyyətlərinin azalması və nəqliyyatın hərəkətinin dayandırılması atmosfer çirklənməsinin aşağı düşməsinə səbəb oldu. Qalın his qatından səması adətən görünməyən Pekində sakinlər mavi səma görməyə və təmiz hava ilə nəfəs almağa başladılar (videoya keçid). Nairobidə şəhərin mərkəzində yerləşən binaların başından Kenya dağlarınıngörünməsi hər kəsi təəccübləndirdi.

Mənbə: Nairobi sakini Osman Siddiqinin keçən ay çəkdiyi fotoda güllə şəklində inşa olunmuş One Africa Place göydələni, fonda isə silsiləli, zirvəsi qarlı Kenya Dağı görünür. Bir çox sakinlər bu vaxta qədər paytaxtdan bu dağları heç vaxt görmədiklərini deyirlər. Osman Siddiqi.

Dəyişiklik, planetimizin okeana çıxışı olmayan ən böyük su hövzəsi olan Xəzər dənizindən də yan keçmədi. COVID-19 böhranı dənizlə yükdaşımaların sayını azaltdı, ifrat balıqçılığın qarşısını aldı, Xəzər çimərliklərində qələbəliyi azaltdı. Balıqçılıq fəaliyyətinin azalması ilə İranın əvvəlki onilliklər ərzində suiti rast gəlinməyən bəzi ərazilərində suitilər görünməyə başladı. Təəssüf ki, bu bərpaolunma qısaömürlüdür; böhran aradan qaldırılan kimi, dənizdə neft hasilatı və emalı başlar-başlamaz, hər şey əvvəlki kimi davam edəcək.

Xəzər dənizinin sualtı aləmini mühafizə etmək nə qədər vacib olsa da, bu məsələ Xəzərin sahilində yerləşən beş ölkə – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan üçün heç vaxt başlıca məsələ olmayıb. Bu yolda əməkdaşlıq etməyin qarşısını alan əsas məsələ hüquqi maneədir. Xəzər dənizdir, yoxsa göl? Xəzərin bugünədək bütün mübahisələrə son qoya biləcək aydın hüquqi statusu yoxdur. Beş ölkənin beşinin də öz məqsədləri var və hər kəs Xəzərin resurslarından özü üçün istifadə etmək arzusundadır. Bu məsələnin həlli üçün yeni yanaşma – özəlləşdirmə köməyə gələ bilər.

Hüquqi status məsələsinə keçid etməzdən əvvəl Xəzərin sualtı aləmini təhdid edən əsas ekoloji təhlükələri, onların Azərbaycana və digər həmsərhəd ölkələrə təsirini analiz edəcəyik. Daha sonra bu təhlükələri aradan qaldırmaq yolunda qətiyyətli birgə fəaliyyət planının yaradılmasına əngəl törədən hüquqi status məsələsini müzakirə edəcəyik. Bundan sonra mübahisənin mümkün həlli variantlarından biri kimi dənizin özəlləşdirilməsi məsələsini müzakirə edəcəyik.

Xəzərdə ekoloji təhlükə

Dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsi 20-ci əsrin əvvəllərindən bəri qurumaq təhlükəsi altındadır. 1929-1962-ci illər ərzində Xəzərə tökülən çaylar 1012 km3 azalmışdır (Vendrov və başqaları, 1964). Bunun əsas səbəbi, digər insan fəaliyyətləri də daxil olmaqla, əsasən, SSRİ dövründə Xəzərə tökülən Volqa çayı üzərində qısa müddətdə çoxlu bənd və su anbarlarının tikilməsi, eləcə də dəyişən kənd təsərrüfatı fəaliyyətləri olmuşdur (Gyul’ və Furman, 1967). 1978-1995-ci illər ərzində yüksək yağıntılar və buxarlanmanın azalması hesabına dənizdə suyun səviyyəsi artdı, lakin indiyədək stabilləşmədi. Səth temperaturunun yüksəlməsi və buxarlanma nəticəsində dəniz səviyyəsinin azalması 21-ci əsrdə də davam edir. Buxarlanmanın ildə 7 sm təşkil etdiyi indiki hesabla Xəzərin şimal hissəsinin əsrin sonuna qədər tamamilə yox olacağı gözlənilir.

Bu problem öz həllini tapmazsa, nəinki Azərbaycan və digər 4 Xəzəryanı ölkə, həmçinin Xəzər sularının qış buxarlanmasının yağdırdığı yağışların suyundan asılı olan digər region ölkələri – Türkiyənin cənub-şərqi, Suriya və İraq da əziyyət çəkəcək.  İqtisadi itkilərə gəlincə, suyun səviyyəsinin aşağı olması bütün həmsərhəd ölkələrin sosial-iqtisadi inkişafını ləngidəcəkdir. Dəniz suyunun səviyyəsinin aşağı olmasına görə limanlararası nəqliyyatın hərəkəti də məhdudlaşacaqdır.

Dəniz səviyyəsinin qeyri-stabilliyindən əlavə, Xəzər dənizi, həmçinin neft və qaz hasilatı, tullantı suları vasitəsilə çirkab və zibillərin axıdılmasına, eləcə də Volqa hövzəsindəki neft tankerlərindən axıdılan tullantılara görə də çirklənməyə məruz qalır. Dənizin əksər şimal hissələrində, neft dağıntılarının baş verdiyi ərazilərdə neft karbohidrogenləri ilə çirklənmələr yayılmışdır. Yuyucu maddələr və ammonium da çirkləndirici amil kimi suyun tərkibində aşkar edilmişdir, lakin yay aylarında müəyyən miqdarda artımı çıxmaq şərtilə, ötən bir neçə il ərzində azalan xətlə müşahidə olunur.

Çirklənmənin böyük problem olduğu Xəzər dənizində atılmış yararsız balıqçı torlarına rast gəlmək adi haldır. Mənbə: Mission Blue, 2019.

Xəzərin cənub hissəsi, xüsusilə də şelf hasilatı zonalarına yaxın ərazilər neft karbohidratları, yuyucu maddələr və ammonium ilə çirklənməyə daha çox məruz qalmışdır. Neft və qazla ən yüksək miqdarda su çirklənməsi dənizin qərb sahillərində, Bakı buxtasında qeydə alınmışdır (Korshenko, Gul, 2005). Bu çirklənmədə Xəzərə axan çayın da payı vardır. 2003-cü ilədək olan məlumata əsasən, hər il 60,000 tona yaxın neft tullantısı, 24,000 ton sulfit duzları və 400,000 ton xlor Xəzərə axıdılır (Aghai Diba, 2003). 2016-cı ildə sahilyanı ölkələr Xəzərə 58-155 kiloton plastik tullantı atmışlar. Dəyişiklik baş verməsə, bu rəqəm 2030-cu ilə qədər 15% artacaqdır (Ghayebzadeh və b., 2020).

Bütün bunlar suyun keyfiyyətini aşağı salmaqla yanaşı, torpağı çirkləndirir, dənizin biomüxtəlifliyini məhv edir və əhalinin sağlamlığına təsir edir.

Xəzər dənizində çirklənmənin əsas mənbələri. Mənbə: Peyk görüntüləri əsasında Xəzər dənizinin səth sularının çirklənmə nümunəsi, Mityagina və b., 2019.

Üstəlik, ətraf mühit tənzimləmələrinin mövcud olmaması və monitorinqlərin aparılmaması neft və qaz hasilatının pis idarə olunmasına, bu da öz növbəsində 2008-ci ildə BP-nin Azəri-Çıraq-Günəşli (AÇG) yatağından dənizə neft dağıtması kimi irimiqyaslı qəzalara səbəb olur. Bir neçə il sonra Meksika Körfəzində baş verəcək növbəti neft dağılmasından fərqli olaraq, BP bu qəza zamanı işçi tələfatına yol vermir, hətta hadisəni kütləvi informasiya vasitələrindən və ABŞ hökumətindən bir müddət gizlədə bilir. Ərazinin peykdən monitorinq edilməməsinin növbəti fəsadı 2015-ci ildə AÇG-də fırtına nəticəsində başlayan yanğın olmuşdur (Mityagina, Lavrova, Kostianoy, 2019).

Müzakirə olunmuş bütün bu mövzular bir sual yaradır: necə olur ki, 20-ci əsrin ortalarından aparılan bütün tədqiqatlara baxmayaraq, Xəzəryanı ölkələr hələ də suların bölüşdürülməsində razılığa gələ, ətraf mühiti nəzərə alan, dayanıqlı inkişafı təmin edən plan ortaya qoya bilməmişlər?

Dəniz, yoxsa göl?

20-ci əsrin çoxu ərzində SSRİ və İran Xəzər dənizi üstündə mübarizə aparan yeganə rəqiblər idilərsə, indi bu mübarizə piroqun ən yaxşı hissəsini özünə götürmək istəyən beş müstəqil ölkə arasında gedir. Həm SSRİ, həm də İran Xəzər gölünü ötən əsrdə olduğu kimi birgə idarə etmək istəyirlər (Petrov, Amelin, 2015).

Bu mövqe hər bir sərhəd ölkəyə 28 km-lik dəniz ərazisi və eksklüziv iqtisadi zona iddia etmək hüququ tanıyan Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyasına ziddir. Beş ölkənin beşi də risk və qeyri-müəyyənliyi sevməyən xarici investisiyalar vasitəsilə əməkdaşlıqdan faydalana, kollektiv fəaliyyətlərinin ekoloji təsirlərini nəzarətdə saxlaya bilərlər, lakin İran status-kvo məsələsində illərdir ki, heç bir güzəştə getmək istəmir (Orazgaliyev, Araral, 2019).

Hüquqi xüsusiyyətindən asılı olaraq, hər bir ölkə resursların fərqli payına yiyələnməlidir. Bu məsələ ətrafında illərlə davam edən narazılığa baxmayaraq, 2018-ci ilin avqust ayında beş ölkə arasında konvensiya imzalandı. Uzun danışıqlardan sonra, Xəzərə “xüsusi hüquqi status” verildi. Hər bir ölkə öz sahilindən 28 km-lik ərazidə eksklüziv kəşfiyyat apara və təbii resurs hasil edə, 19 km-lik ərazidə isə balıqçılıqla məşğul ola bilər.

Təəssüf ki, bununla məsələ tam həll olunmamışdır. Xəzərin qalan hissəsi ilə əlaqədar heç bir razılıq əldə edilməyib. Azərbaycan və İran arasında yerləşən Araz-Alov-Şərq kəşfiyyat blokunun, yaxud Azərbaycan və Türkmənistan arasında yerləşən Sərdar-Kəpəz yatağının hansı ölkəyə məxsus olması məsələləri kimi indiki və gələcəkdə yarana biləcək konfliktlərin həlli üçün heç bir sistem nəzərdə tutulmayıb (Whitney, 2018). Konvensiya ölkələrin bölünmə xətlərini də müəyyənləşdirmir, odur ki, sərhədlərin müəyyənləşdirilməsi  imzalanmış və ya imzalanmaqda olan digər müqavilələrdən asılıdır (bax: aşağıdakı xəritədə qırmızı bölünmə xətləri).

Konvensiyaya əsasən Xəzərin hüquqi statusu. Mənbə: Freshfields Knowledge, 2018. Onlayn bax.

Mavi: Territorial sular və xarici sərhədlər. Yaşıl: Balıqçılıq zonaları və xarici sərhədlər. Ağ: Ümumi dəniz sahəsi. Qırmızı xətt: Dəniz yatağının mövcud bölünmə xətti.

Ətraf mühit məsələsinə gəldikdə, Rusiyanın təşəbbüsü olan “ətraf mühitə təsirin qiymətləndirilməsinə dair” protokol çərçivəsində hər bir Xəzəryanı dövlət istənilən sualtı fəaliyyət üzrə tədqiqat apara bilər. Lakin bu protokol türkmən qazını Avropaya çıxartmaqla Rusiya qazına rəqib olacaq Trans-Xəzər boru kəməri layihəsini yaxından izləyə bilmək üçün Rusiyanın aşkar cəhdidir (IISS, 2018). SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyovla bu yaxında baş tutmuş müsahibədə o, türkmən qazının Avropaya yeni Cənub Qaz Dəhlizi vasitəsilə daşınacağının planlaşdırıldığını bildirmişdir.

Cənub Qaz Dəhlizinin xəritəsi (2018). Cənub-şərqi Avropaya gedən yeni borular: qara (tamamlanmışdır) və qara qırıq xətlər (planlaşdırılmışdır). Digər qaz boruları: qırmızı (böyük diametrli) və mavi (digər). Mənbə: OIES (IEA veb saytından götürülmüşdür).

Lakin həmin bu konvensiya regional stabillik və ətraf mühit məsələləri sahəsində əməkdaşlığın bünövrəsini qoyan ilk konkret təşəbbüs idi. 2020-ci ilin iyun ayında rəsmi videokonfrans zamanı Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistanın ekologiya nazirləri bu məsələdə daha yaxın əməkdaşlığın vacibliyini müzakirə etdilər. Görünür, nazirlər 2003-cü ildə Tehranda imzalanmış Xəzər dənizinin ekologiyasının mühafizəsi haqqında konvensiyanın ölkələrin bu məsələyə öhdəliklə yanaşdıqlarının göstəricisi olduğuna inanırlar. Təəssüf ki, imzalanmış kağız parçası, ən yaxşı halda niyyətin göstəricisidir.

“Biz (Xəzəryanı ölkələr) Tehranda Çərçivə Konvensiyasını imzalamaqla Xəzər dənizi ətraf mühitinin mühafizəsinə və bərpasına olan marağımızı ifadə etdik. Bəzi təkliflər hazırlanmışdır, lakin onların hüquqi qüvvəsi yoxdur və ümumi razılıq əldə edilmədiyindən heç biri icra olunmayıb,” Mirzağaliyev, Ekologiya Naziri, Qazaxıstan, 12 iyun 2020-ci il.

Tehran Konvensiyası BMT-nin Ətraf Mühit Proqramının həyata keçirilməsi baxımından müsbət rol oynadı.  Proqram 2014-cü ildə rotasiya sistemi ilə işləyən daimi katiblik yaradılana qədər müvəqqəti həll yolu kimi nəzərdə tutulmuşdu. İlk daimi katibliyi 2015-ci ildə Bakının yaradacağı nəzərdə tutulurdu, lakin bu da təxirə salındı. O vaxtdan bəri yeni təşəbbüslər Xəzərin gələcəyi uğrunda ümidləri yenidən canlandırmağa başlamışdır. Məsələn, 2018-ci ildə yaradılmış Xəzər Ekoloji İnformasiya Mərkəzi yeni onlayn platforması beş Xəzəryanı ölkənin hər birinin Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat bazasına və tədqiqatlarına daxil olmağa və onlardan istifadəyə imkan verir.

Lakin Xəzərin tam ərazisini və yatağının bölüşdürülməsini əhatə edən saziş olmadan real nəticələr və ekoloji əməkdaşlığa ümid etmək tezdir.

Eyni su hövzəsini bölüşməyə müvəffəq olmuş digər ölkələrin müsbət təcrübəsindən yararlanmaq?

Kimsə deyə bilər ki, Xəzər dənizində baş verənlər minillik ərzində planetimizin məruz qaldığı normal iqlim dəyişikliyinin təzahürüdür. Bu arqumentə haqq qazandırmış olsaq, məntiqlə gərək Niderland da öz torpaq ərazilərini daşqınlardan qorumaq üçün su bəndləri tikməyəydi, axı  daşqınlar da təbiət hadisələridir.

Bütün su hövzələri təbiət etibarilə konflikt mənbəyidir, çünki içməli su ehtiyatı funksiyasını daşımaqla yanaşı, həm də sənaye, kənd təsərrüfatı, mədəni və dini ayinlər məqsədilə istifadə olunan digər resurslara malikdirlər (Petersen-Perlman və b., 2017). İkidən çox ölkəni həmsərhəd edən Xəzər dənizi kimi su hövzələrində isə hövzənin idarə edilməsi daha da mürəkkəb olmaqla şifahi münaqişələrə, iqtisadi və hətta hərbi konfliktlərə səbəb olur.

Əməkdaşlıq prosesinə başlamaq üçün müqavilə və konvensiyalar imzalamaq, yeni institutlar yaratmaq doğru addımdır, lakin effektiv olması üçün onların uzunmüddətli həyata keçirilməsi lazımdır. Bundan əlavə, həmsərhəd ölkələr arasında davam edən və gələcəkdə yaranacaq münaqişələrin həlli mexanizminin yaradılmasına ehtiyac vardır (Giordano & Wolf, 2003).

Diplomatik gərginliyin azaldılması və dialoqameylli mühitin yaradılması baxımından birgə inkişaf mexanizmlərini ən yaxşı saziş kimi təklif etmək olardı, lakin tədqiqatlar onu göstərir ki, bu cür sazişlər çox az hallarda məqsədə nail olurlar. Su hövzəsi münaqişələrinə gəldikdə isə, ikitərəfli münasibətlərin korlanmasına gətirib çıxarırlar (Xue, 2019).

Bir qədər qəribə səslənsə də, haqqında fikirləşməyə dəyən digər həll yolu isə transmilli şirkət yaratmaq hesabına Xəzər dənizinin özəlləşdirilməsidir. Özəlləşdirmənin pay sahibləri beş ölkənin hökumətləri olacaqdır. Hər bir pay sahibi illik gəlirdən ölkəsinin milli resurslarının ölçüsü nisbətində faiz əldə edəcəkdir.

Yeni yaradılmış bu şirkət digər şirkətlərə (məs., BP, SOCAR, yaxud individual şəxslərə – balıqçılara və s.) müvafiq qaydada resurs kəşfiyyatı və hasilatından eksklüziv istifadə hüquqları vermək ixtiyarına sahib olacaqdır. Eyni zamanda, hökumətlər qonşu dövlətlərlə uzun-uzadı danışıqlara girmək əvəzinə, pay sahibi olan transmilli şirkətə təzyiq göstərə biləcəklər.

Xəzər dənizinin özəlləşdirilməsi, özəlləşdirmə sazişindən törəyən köməkçi qanunlarla müəyyən olunan razılaşdırılmış ekoloji mühafizə aktlarının yerinə yetirilməsini asanlaşdıracaq. Məsələn, transmilli şirkətin yaradılması haqqında akt, illik mənfəətin faizinin müəyyən hissəsinin Xəzər sahillərində keyfiyyətli tullantı emalı sistemlərinin quraşdırılmasına sərf olunmasını, yaxud dənizdə fəaliyyət göstərən şirkətlərdən birinin dənizə neft axıtması hallarının idarə edilməsi üzrə spesifik qaydaları tənzimləyən ekoloji bəndləri özündə ehtiva edə bilər.  Şirkətin mühafizəsi pay sahibi olan hər beş hökumət tərəfindən maliyyələşdirilir.

Bir sözlə, şirkət və payçı münasibətini idarə etmək beş müxtəlif hökumətin bir-biri ilə münasibətini tənzimləməkdən daha asandır. Bu zaman şirkətin iqtisadi marağının olması, payçıya mənfəət və ekoloji baxımdan gözlənilən nəticəni vermək istəyi böyük rol oynayır.

Nəticə

Xoşbəxtlikdən, COVID-19 pandemiyası müvəqqətidir. Xəzərə gəldikdə isə, çox çəkməyəcək ki, azalmış sənaye fəaliyyəti yenidən dirçələcək və təbiət pandemiya sonrası artan neft tələbatını ödəməli olacaq. Xəzər kəşfiyyat və hasilat artımından doğan ekoloji zərərdən əziyyət çəkməyə davam edəcək.

Xəzər dənizinin işi, şübhəsiz ki, mürəkkəbdir, lakin hərbi müdaxilə və ya onilliklər boyu davam edən çətin danışıqlarsız həll yolları mövcuddur. Tehran konvensiyasının çatışmazlığı ordakı müstəsna hüquqlar üzrə sazişlərin dənizin tam ərazisini və yatağını, beş ölkə arasında sahil bölünmə xətlərini əhatə etməməsidir. Qalan məsələlər haqqında hələ də razılıq əldə olunmamışdır və bu haqda istənilən müzakirəyə cəhd təbii resurs mülkiyyətçiliyi mübahisəsinə görə yarımçıq qalır.

Tam özəlləşdirilməsi ideal variant olmasa da, bu cür yeni ideyaların müzakirəsi Xəzərin daha ekoloji inkişafına yol aça bilər. Bu yanaşma dövlətlər arasında birbaşa münaqişələri aradan qaldırmaqla güc münasibətlərini balanslaşdırmağa kömək edə bilər. Əvəzində hökumətlər payçı qismində eyni mövqeni bölüşər, korporativ fiqurdan daha yaxşı nəticə və ya ekoloji təzminat tələb edə bilərlər.

Bir şey dəqiqdir ki, ekoloji deqradasiyanın səbəblərini görməzdən gəlməklə Azərbaycan digər dörd həmsərhəd ölkə və neft-qaz şirkətləri ilə birləşərək regionda bir neçə ölkənin bölüşdüyü su hövzəsini təhlükəyə atır. Bir zamanlar Rəsul Rzanın (Pirşağı, 1937) aşiq olduğu Dəniz, bir gün yox olmaq təhlükəsi ilə üz-üzədir.


Mənbələr:

Aghai D. B. (2003). Pollution in the Caspian Sea, Payvand Iran News, Available at: http://www.payvand.com/ news/02/jul/1073.html

Hannesson, R. (2006). The Privatization of the Oceans. MIT Press. Available at: https://www.researchgate.net/profile/Dale_Squires/publication/288847099_Marine_conservation_and_fisheries_management_At_the_crossroads/links/568ad0d908ae1e63f1fbfb5e.pdf#page=681

Hollis, G. E. (1978). The Falling Levels of the Caspian and Aral Seas. The Geographical Journal, Vol. 144, No. 1, pp. 62-80.

Ghayebzadeh, M., Aslani, H., Taghipour, H., Mousavic, S. (2020). Estimation of plastic waste inputs from land into the Caspian Sea: A significant unseen marine pollution. Marine Pollution Bulletin, Volume 151, February 2020.

Giordano, M. A., Wolf, A. T. (2003). Sharing waters: Post-Rio international water management. Natural Resources Forum, 27(2), 163–171.

Gyul', K. K., Furman, T. I. (1967). Development of research on the Caspian Sea. Soviet Hydrology, 1967: 20.

IISS. Stevenson, J. (2018). The Caspian Sea Treaty, Strategic Comments, 24:9, i-ii, DOI: 10.1080/13567888.2018.1557841

Petersen-Perlman, J. D, Veilleux, J. C., Wolf, A. T. (2017). International water conflict and cooperation: challenges and opportunities, Water International, 42:2, 105-120.

Korshenko, A., Gul, A. I. (2005). Pollution of the Caspian Sea. Hdb Env Chem Vol. 5, Part XX (2005). State Oceanographic Institute, Moscow, Russia. Institute of Space Research of Natural Resources of Azerbaijan, Baku, Azerbaijan.

Mityagina, M. I., Lavrova, O. Yu., Kostianoy, A. G. (2019). Main Pattern of the Caspian Sea Surface Oil Pollution Revealed by Satellite Data. Ecologica Montenegrina 25: 91-105.

Vendrov, S. L. et al. (1964). Water-management problems of western Siberia. Soviet Geog. 5,5: 13-24.

Whitney, C. (2018). The Convention on the Legal Status of the Caspian Sea - A sea or not a sea: that is still the question. Norton Rose Fulbright. Available at: https://www.nortonrosefulbright.com/en/knowledge/publications/5f222b95/the-convention-on-the-legal-status-of-the-caspian-sea---a-sea-or-not-a-sea-that-is-still-the-question

Xue, S. (2019). Why Joint Development Agreements Fail. Contemporary Southeast Asia, Vol. 41, No. 3, pp. 418-446.

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching