Oxuduğunuz məqalə

Vitse-prezident – bir qadın: Azərbaycanda bir cinayət? by Kərtənkələ

8 min read

Bu yazını paylaşın:

Azərbaycan müxalifətinin vitse-prezident Mehriban Əliyevanı təsvir etmə forması, bu ikinci və orijinal məqalənin yazılması üçün ilhamverici bir faktor olmuşdur. Bir tərəfdə onun fiziki xüsusiyyətlərinə lağ edənlər, digər tərəfdə isə onun xanımlara xas moda hobbilərini vurğulayan insanlar olsada, hiss olunur ki, heç kim əsas vacib məqama fikir vermək istəmir. İstər onun mövqeyi ilə razı olun istərsə də narazı, (bizim narazı mövqedə olmağımız məlumdur), həqiqət budur ki o, yerini möhkəmləndirmişdir və onun addımları Paşayevlərə daha çox güc qazandırmaq istiqamətində uğurlu olmuqla birlikdə həmdə strateji və hədəflənmiş addımlar olma xüsusiyyətinə malikdir.

Bu vəziyyət, Kərtənkələni inandırdı ki, bunun arxasında görünəndən çox daha artığı ola bilər. Xalqı qıcıqlandıran şey Mehriban xanımın sadəcə əri tərəfindən təyin olunmuş olmasıdır, yoxsa onun bir qadının olması? Niyə müxalifət onu hazırki güc mövqeyinə gətirən elitizmə diqqət yetirmək əvəzinə onun qadın olması faktına bu qədər maraq göstərən bir imicə bürünüb? Azaqlıq İnfo onu ilin ən iddialı insanı adlandırdı, amma, yayımladıqları məqalənin yarısı onun instaqramdakı şəkilləri, kosmetika və moda maraqları ilə əlaqəlidir. Görünür onun bir xanım olması, nüfuzuna faktiki siyasi qərarlarından və ya güc mövqeyinə çatma yolundan daha çox xələl yetirir.

Foto-Müəllif: Vugaramrullayev (CC BY-SA 3.0)

Hakimiyyət mövqeyində olan qadınlar

Bir neçə il əvvəl, feminist fəallar, özünü bəyənmiş bir tərzdə “istə bugün istər 22-ci əsr olsun, qadınlar ya məzarda ya da mətbəxdə olmalıdır” deyən nəqliyyat nazirliyinin sözçüsü Namiq Həsənova bir seksual özünü-təmin etmə kuklası göndərərək xəbərlərə çıxmışdılar. Azərbaycan, 2019-cu il məlumatlarına görə qlobal gender fərqinə görə 135 ölkə arasında 95-ci yerdədir (WEF, 2019). Qadınlar ölkənin iqtisadi həyatında məqbul dərəcədə iştirak etsələr də, onların siyasi məkanda özlərini göstərməsi olduqca nadirdir. Bu nöqtədə Xanım Əliyevanın vitse-prezident vəzifəsinə təyin olunmasını nəzərə almasaq 1994-ci ildən bəri ölkədə hələ də heçbir qadın nazir vəzifəsinə təyin olunmayıb.

Bunun səbəbi təkcə siyasi sahədə qadınlara yönəldilmiş imkanların azlığı yox, həm də xalqımızın mentalitetinə kök salmış və qadınlara qarşı yönəldilmiş önyargılardır. “Əsl” azərbaycanlı qadından gözlənən şey evdə oturmaq və ailəsinə qayğı göstərməkdir. Bu, həm kişilərin, həm də qadınların üstündə həmfikir olduğu bir görüşdür. Azərbaycanda 1000 kişi və qadın arasında keçirilən 2018-ci il Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun Sorğusuna əsasən, kişilərin 58%-i və qadınların 48%-i siyasətin kişilərin işi olaraq qalmasının tərəfdarı olduqlarını demiş, o cümlədən kişilərin 91%-i və qadınların 75%-i qeyd etmişdir ki qadınlar hislərini idarə edə bilmədiklərinə görə bütün ev-məişət qərarlarında son sözü kişilər deməlidir.

Lakin digər səviyyələrdə müəyyən uyğunsuzluqlar özünü büruzə vermişdir: Kişilərin 60%-nə qarşı qadınların yalnız 37%-i, qadınların evdən kənarda işləməməsinin tərəfdarı olmuşdur; Kişilərin 55%-i qadınların düzgün qərar vermək üçün həddindən artıq emosional olduqlarını düşünmüşdür ki, qadınların yalnız 22%-i bu görüş ilə razılaşmışdır; kişilərin yalnız 18%-i və qadınların 37%-i qızlarının öz evliliklərində söz sahibi olmaları gərəkdiyini düşünmüşdür.Bunların hamısı özlüyündə qadınların həyatlarının və seçimlərinin daha da məhdudlaşdırıldığını göstərən göstəricilərdir.

Bəzi tənqidçilər adət-ənənələrimizin olduğunu və ya dinin bunu tələb etdiyini söyləmək üçün özlərini ortaya ata bilər. Halbuki, bütün müsəlman ölkələrində qadınlar getdikcə daha çox səlahiyyətlərə malik olmaqda, vacib mövqeləri doldurmaqda və xalqları üçün əhəmiyyətli qərarların alınmasında rol oynamaqdadırlar. Belə simalara misal olaraq iki dəfə demokratik yolla Pakistanın Baş naziri seçilən Benazir Butto, Banqladeşin keçmiş və indiki baş nazirləri Xaleda Zia və Şeyx Hasina və ya Türkiyənin keçmiş baş naziri Tansu Çilleri göstərmək olar. Buna görə müxalifəti Mehriban xanımı onun cinsiyyətinə və bunun bərabərində gətirdiyi ənənəvi görüşlərə görə nüfuzdan salmaq yerinə, onun siyasi qərarlarını analiz etməyə çağırırıq.

Mənbə: Jam News.

Müsəlman dünyasından kənar bir nümunə olaraq Hillari Klintonun prezidentlik kampaniyasını göstərə bilərik. O, cinsinə görə yox, ABŞ xalqına xeyir verəcək dəqiq və aydın bir proqramı olmadığına görə tənqidçilərin hədəfi olmuşdu. Əsas tənqid olunma səbəbi isə onun hakimiyyətə gəlmək və prezident olmaq mövzusunda şəxsi maraqlarını prioritet tutması idi.

Azərbaycanda gender üstünlüyü və məişət zorakılığı problemi

Ölkəmizdəki digər iki gender problemini vurğulamaq üçün bu məqaləni bir fürsət kimi istifadə edəcəyik. Birincisi ayrıseçkiliyin və texnologiyanın birbaşa nəticəsidir: doğum qabağı cinsiyyət aşkarlanması. Hamiləliyin erkən dövrlərində doğulacaq körpənin cinsiyyətinin yoxlanılması imkanı və oğlan uşaqlarına üstünlük verilməsi ilə dünyada yeni bir ciddi məsələ –”yox çıxan qadınlar” problemi ortaya çıxdı. Bu problem xüsusilə Hindistanda və Çində özünü daha kəskin şəkildə göstərir, belə ki müəyyən bölgələrdə cinsi seçim, körpə qızların abort edilməsi və/və ya doğulmuş qızların öldürülməsi səbəbindən hər bir qadın başına 5 kişi düşməkdədir.

Azərbaycan da bu trenddən kənarda qalmadı. 2010-cu ildə əhalinin qadın tərkibi, proqnozlaşdırılandan təxminən 10% aşağı idi, bu da təkcə həmin ildə 8000-dən çox cinsi-selektiv abort əməliyyatlarının yerinə yetirilmiş olması deməkdir (Maykl və başqaları, 2013). Bu trend ucbatından 2017-ci ildə 114 oğlana 100 qız olan cinsiyyət nistbəti, 2018-ci ildə daha da pisləşdi və nəticədə Azərbaycan dünyada ən yüksək cinsi qeyri-bərabərlik nisbətinə malik olan ölkələrdən birinə çevrildi.

Hökumət abortların sayının azaldılmasının zəruriliyini vurğulayır, lakin bunun öz mənfi cəhətləri olacaqdır: daha çox sayda istənilməyən uşaqlar, daha çox yeniyetmə hamiləlikləri və təhlükəsiz abort varyantları axtaran daha çox insan. Bu problemin əsas səbəbi, qız uşağına sahib olmanın bərabərində gətirdiyi sosial qərəzlər, önyargılardır və ilk öncə bu cür fikirlərə səbəb olan sosial dinamika öyrənilməli və problemləri aradan qaldırılmalıdır.

Bu problemin kökündə qadınların cəmiyyət tərəfindən məruz qaldığı rəftarının ümumi səciyyəsi durur. Azərbaycanda namus qətlləri və məişət zorakılığı heç də az deyil. 2018-ci il İnsan Hüquqlarının Müdafiəsi araşdırmasına görə, Azərbaycan qadınlarının 43%-i məişət zorakılığına məruz qalmışdır. Bir neçə ay əvvəl müğənni Nadir Qafarzadə namus qətllərini müdafiə etdi, bu da qadınlarla əlaqəli gender əsaslı “düzəltmələrə” növbəti bir misal idi.

Qeyd edək ki, bir çox hallar bu statistikada öz əksini tapmayıb. Bunun səbəbi həmin halların təhqir qorxusuna, bu cür normallaşdırılmış zorakılıq haqqında danışmağa cəsarət edən hər kəsin məruz qaldığı təhdidlər və ya təhqirlər ucbatından ya görməməzlikdən gəlinməsi ya da bu haqda ümumiyyətlə məlumat verilməməsidir. Aşağıdakılar 2012-ci ilə kimi ölkəmizdə kişi və qadınlar arasında yaşanan məişət zorakılığının əsas növləridir:

Mənbə: OSCE, 2013.

Bir qadın ya qayğıkeşdir, itaətkar həyat yoldaşıdır, anadır, bacıdır, qızdır ya da ki, o inancsız, əxlaqsız, ədəbsiz, insanlığı olmayan bir məxluqatdır və ölməyə layiqdir. Azərbaycanda gender problemlərinin miqyası olduqca narahatedici həddə çatmışdır. Biz artıq 2020-ci ildə yaşayırıq və bəlkə də mentalitetimizi dəyişdirməyin vaxtı artıq gəlib çatmışdır.

Müəllif: Kərtənkələ Press

Mənbələr:

İnsan Hüquqlarının Müdafiəsi. (2018). AZƏRBAYCAN: Birləşmiş Millətlər Təşkilatının Universal Dövri İcmalı, Məişət Zorakılığı Hesabatı.

Michael, M., King, L., Guo, L., McKee, M., Richardson, E., Stuckler, D. (2013). Qafqazda Yoxa Çıxan Qız Uşaqlarının Sirri: Doğuş Tarixlərinə Görə Gender Nisbətlərinin Təhlili. Cinsi və Reproduktiv Sağlamlığa Dair Beynəlxalq Perspektivlər, Vol. 39, No. 2, ss. 97-102.

OSCE. (2013). Azərbaycan Məhkəmə Sistemində Məişət Zorakılığı ilə bağlı İşlər. Mövcuddur: https://www.osce.org/baku/110044

WEF, Dünya İqtisadi Forumu. (2019). Qlobal Gender Fərqi Hesabatı 2020. Mövcuddur: http://www3.weforum.org/docs/WEF_GGGR_2020.pdf

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching