Oxuduğunuz məqalə

“Virusla sınaq” – Azərbaycan hökuməti və cəmiyyəti bu sınaqdan necə çıxdı? by Kərtənkələ

9 min read

Bu yazını paylaşın:

Jam News

Nika Musavi, Bakı

Azərbaycanda COVID-19 virusundan “rəsmən” sağalanların sayı “dörd nala çaparaq” yoluxanların ümimi sayına çatmağa çalışır. Mayın 4-də isə ölkə, nəhayət, hamını bezdirən karantindən çıxmalıdır. Son ay yarım-iki ay ərzində Azərbaycan cəmiyyətində hansı proseslərin getdiyini analiz etməyin tam zamanıdır.

Əgər qısa desək, görünən odur ki, koronavirusun özü Azərbaycan sakinlərini hər şeydən daha az narahat edir. Bütün emosiyalar xəstəliyə yox, həm ölkə sakinlərinə, həm də hakimiyyətə tuş gəlib. Ən çox da qorxu və qəzəb. Bunun niyə belə olduğunu anlamağa çalışaq.

“Hər gün mağazalarda və meyvə-tərəvəz dükanlarında oxşar söhbətlər eşidirəm: insanlar deyirlər ki, virus yalan söhbətdi, kimsə bundan milyonlar qazanır, biz isə əzab çəkirik. Mən heç vaxt bu söhbətlərə qoşulmuram, bilmirəm nə deyim, çünki nə düşünəcəyimi belə bilmirəm.
Əvvəl maska tapa bilmədiyim üçün çox narahat olurdum, indi özüm hazırladığım krujevalı maska ilə gəzirəm, müdafiəsi sıfırdır, amma vecimə deyil. Sadəcə bütün bu nümayişkəranəlik və qeyri-adekvat informasiya [hakimiyyətdən və mediadan gələn – red.] məni əks mövqeyə itələyir”.

Bakıdan gənc qadın keçirdiyi hissləri Facebook-da belə təsvir edir. Və bu, eyni ruhda yazılan yeganə status deyil.

Geniş reklam olunan “evdə qal” çağırışı əksər azərbaycanlıları laqeyd buraxıb – ən müxtəlif səbəblərdən

Fevralın sonunda Azərbaycanda COVID-19 virusuna ilk yoluxma halı qeydə alınıb. Aprelin əvvəlində ölkə artıq gücləndirilmiş karantin rejimində idi, cəmiyyətdə isə əhval bir qədər narahatdan apatik-gərginə qədər dəyişmişdi.

Azərbaycan cəmiyyətinin yaranmış vəziyyətə reaksiyasının müxtəlifliyini bir neçə əsas tiplərə bölmək mümkündür.

Reaksiya 1. Cəmiyyət və hakimiyyət: qorxu və nifrət

Hər şeydən əvvəl böhran vəziyyəti cəmiyyətin böyük hissəsi ilə hakimiyyət arasında çoxdan mövcud olan münaqişəni daha da kəskinləşdirdi. Bu iki ay ərzində hökumətin praktiki olaraq bütün əməlləri çoxlarında ya qorxu, ya qəzəb, ya da etimadsızlıq doğurub.

Hər şey hələ Azərbaycan vətəndaşlarının xaricdən evakuasiya edilərək, karantinə yerləşdirildiyi vaxtdan başlayıb.

“Video qoxuları əks etdirmir, amma inanın mənə, buradan toz iyi gəlir. Şkaflar, hər yan hətta toz da deyil qumdur. Bu yataq dəstinə baxın, bunun üstünə sağlam adam uzansa, xəstə qalxar…”.

Bu, karantin zonasının yerləşdiyi əyalət xəstəxanalarından birinə “video-ekskursiyadır”. Azərbaycanın belə xəstəxanasına düşməkdən koronavirusa yoluxmaqdan daha çox qorxurlar. “Karantin fobiyasının” rəmzi isə Cəlilabad şəhəri olub (hərçənd, ədalət naminə demək lazımdır ki, digər regionlarda vəziyyət daha yaxşı deyil).

Digər tədbirlər də çoxlarını qəzəbləndirib. Məsələn:

  1. Karantinə görə işini itirənlərin və biznesi ziyan çəkənlərin bir qisminə ümumiyyətlə pul kompensasiyası verilməyib, digərlərinə isə çox az verilib.
  2. Azərbaycanda karantin qaydaları sərtdir: addım başı polis yoxlamaları, cərimələr və sairə. Əslində görülən bu tədbirlər çox da qanuni deyil, çünki vətəndaşları faktiki olaraq hərəkət azadlığından məhrum ediblər, həm də fövqəladə vəziyyət elan etmədən.
  3. Bəzi tədbirlər nəinki ardıcıl olmayıb, həm də əks effekt verib – məsələn, bir müddət Bakı metrosu sutka ərzində bir neçə saat işləyirdi və buna görə də işlədiyi saatlarda basabas yaranırdı.

Bir sözlə, ölkədə çoxlarında koronavirusa qarşı cəmi bir irad var – onun üzündən hökumətin bütün bu hoqqalarına dözmək lazım gəlir. Və hələ məlum deyil ki, sabah yeni nə fikirləşəcəklər.

Xarakterik olan odur ki, həmin bu hoqqalara qarşı etirazlar sosial şəbəkələrdə müzakirələrdən o yana getməyib.

Ən birinci turizm sahəsi ziyan çəkib, onun ardınca bütün xidmət sahəsi gəlib, martın sonundan isə bəzi bankların lisenziyaları ləğv edilmyə başlayıb. Bir çox ekspertlər Azərbaycanda karantin tədbirlərinin tələsik yumşaldılmasını iqtisadiyyatın uğradığı böyük ziyanla izah edir.

Reaksiya 2: Özümüz hamıya yardım edəcəyik

Əhalinin ən həssas təbəqələrinə yardım etmək üçün Facebook-da bir neçə xeyriyyə kampaniyası təşkil edilib.

Onlardan bəziləri sadəcə Facebook səhifələrindən ibarətdir, ehtiyacı olanların məlumatları orada yazılır və onlara yardım edilməsi çağırışı yer alır.

Gənc fəalların təşkil etdiyi “Qaranquş” yardım fondu məsələyə daha ciddi yanaşıb. Onlar supermarketlər şəbəkəsi ilə razılaşıblar, xüsusi satış kartları hazırlatdırıblar. Bu kartlarla həmin marketlərdən ərzaq və gigiyenik vasitələr almaq mümkündür. Onlar bu kartları “himayə etdikləri” imkansız ailələrə paylayıblar. Fond ianə toplayır və bunun sayəsində həmin kartların balansı doldurulur.

Reaksiya 3: Konspirologiya

Virusla bağlı hadisələrin sadəcə yaxşı uydurulmuş və oynanılan blef olduğunu hesab edən skeptiklər belə reaksiya verir.

Bu mövqe fantaziyanın zənginliyindən və təhsil səviyyəsindən asılı olaraq müxtəlif formalarda özünü göstərir.

Bəziləri hansısa boz kardinalların, Forbes jurnalının siyahısına daxil olan milyarderlərin və digər “əcinnələrin” iştirakı ilə sui-qəsd nəzəriyyələrini yayırlar. Hətta virusun ümumiyyətlə mövcud olmadığını, varsa da, Çindəki yarasaların məsələyə heç bir dəxlinin olmadığını, bu virusun hansısa gizli laboratoriyada hazırlandığını danışanlar da var.

Digərləri virusun mövcudluğunu və təbii mənşəyini etiraf etsələr də, güman edirlər ki, dünyanın güc mərkəzləri (xüsusən də Azərbaycanın “qüdrət sahibləri”) bundan öz məqsədləri üçün yaxşı istifadə edirlər.

Bu kateqoriyaya konspiroloji isteriyaya qapılmayan kifayət qədər məntiqli insanlar daxildir. Onlar yerli hakimiyyətlərin qeyri-adekvat ciddi karantin tədbirləri tətbiq edərək, vəziyyətdən öz maraqları daxilində yararlandıqlarını, yoluxma və sağalma statistikası ilə manipulyasiya etdiklərini yetərincə arqumentli şəkildə sübut edirlər.

Üstəlik, Azərbaycanda rəsmi mənbələrin səsləndirdiyi rəqəmlərə ümumiyyətlə çox az adam inanır, hətta bu rəqəmlər xiyar məhsulu ilə bağlı olsa belə. Polisin can-fəşanlıqla karantin rejimini pozanları cərimələməyə başlaması və bir ay ərzində bu cərimələrin ümumi həcminin 100 minlərlə manat olması da bu versiyanın xeyrinə olan arqumentlərdən biridir.

Reaksiya 4. Qaydalara tüpürənlər

Azərbaycanda çoxları sadəcə “hansısa qripə” görə öz həyatını dəyişmək niyyətində deyil. Bütün ölkədə insanların təhsil səviyyəsinin aşağı olması da burada önəmli rol oynayır. Gəlirlərin aşağı olması, insanların heç olmasa bir ay dolana biləcəyi qədər kənarda ehtiyat pulunun olmaması da bir yandan. Onlar virusa yox, aclığa inanırlar.

“Hər yan maşın, insan doludur, demək olar ki, hamı maskasızdır, sadəcə qabaqda polis görəndə taxırlar maskanı. Hərdən adama elə gəlir ki, hər şey artıq keçib, hər şey əvvəlki kimi olub, ancaq mən gic kimi hələ də bunu anlamamışam”, – Facebook istifadəçilərindən biri vəziyyəti belə təsvir edir.

Hətta əvvəlcə xəstəlikdən qorxanlar da karantindən yorulmağa başlayıblar.

Onlar bulvarda gəzmək və nəhayət, qısqanc sevgili kimi hər addımlarına görə hakimiyyətə hesabat verməkdən canlarını qurtarmaq istəyirlər. Onlar virusdan yox, depressiyadan ölməkdən qorxurlar.

Psixoloq Rövşən Süleymanov hesab edir ki, ciddi karantin rejimi depressiyaya meyilli insanlarda bu vəziyyətin güclənməsinə səbəb ola bilər.

“Dörd divar arasında qalmağa məcbur olduğu zaman insan özünü tələdəki kimi hiss etməyə başlayır. Təcrid məişət zorakılığını təhrik edə, qorxu və narahatlığı gücləndirə bilər. Hərəkət azadlığının məhdudlaşdırılması, maddi ziyan qeyri-müəyyənlik, gələcəklə bağlı əminsizlik – bütün bunlar sarsıntı, həyəcan, qəzəb, ruh düşkünlüyü səviyyəsini yüksəldir”, – Süleymanov deyir.
Bir çox Bakı sakini dilemma qarşısında qalıb – ailələrini bağa və ya kənddəki qohumlarının yanına aparmaq, yoxsa şəhərdə xəstəxanalara və banklara yaxın qalmaq? Bakı qəsəbələrinin sakinlərinin bu sarıdan bəxti daha çox gətirib – evin ətrafında həyətyanı sahə varsa, karantini keçirmək daha asandır.

Reaksiya 5. “Bizim insanlarımıza bu da azdır”

“Maskasızlara” qarşı nifrət qaydalara əməl edən və həqiqətən də xəstələnməkdən qorxanların reaksiyasıdır. Nə qədər sərt olmasından asılı olmayaraq, hökumətin tədbirləri onlara əsaslı və yerinə yetirilməsi mütləq kimi görünür.

Bəziləri bildirirlər ki, “evdə oturmaq istəməyən bu qoyunlarla başqa cür mümkün deyil” – yəni Azərbaycan xalqını əks təqdirdə təhlükəsizlik qaydalarına əməl etməyə məcbur etmək mümkün deyil.

Niyə birlik alınmır?

“Ərzaq dalınca küçəyə çıxanda nə müşahidə edirəm – çox sayda sərxoş kişi, maska taxanlarla taxmayanlar arasında qarşıdurma, sifətlərdə qəzəb və qorxu, it sahiblərinə qarşı nifrət… Nə isə ümumilikdə, konsolidasiya, anlayış və mərhəmət alınmır”, – Facebook istifadəçisi yazır.

Azərbaycan cəmiyyətinin hansı prosesləri və hansı xüsusiyyətləri bu vəziyyət sayəsində üzə çıxıb?

Filosof Rəhman Bədəlov hesab edir ki, karantin hələ koronavirusdan çox əvvəl başlayan, gələcəkdə isə daha kəskin hal alacaq dərin sistem böhranının sadəcə üstünü açıb.

This image has an empty alt attribute; its file name is Rahman_Badalov-3-150x150.jpg

“Bizim hakimiyyət çoxdan öz konstitusion vəzifələrini unudub və öz vəzifələrini xalqa “ata qayğısı” kimi qəbul edir. Bu prinsip çoxdan bəri nəinki yanlış, hətta dağıdıcı kimi təsbit edilib.

Bütün bunlardan başqa, bu prinsip vətəndaşlarda istehlakçı münasibəti tərbiyə edir, onlar bu cür “qayğıya” öyrəşirlər və nə qədər paradoksal olsa da, həmişə narazıdırlar, çünki onlara daima elə gəlir ki, nəyisə tam eləməyiblər və bununla da onlar öz ölkələrində tamaşaçı vəziyyətində qalırlar.

Bu prinsipin digər tərəfi odur ki, vətəndaşlar çox utancaq və sözəbaxan vəziyyətə düşürlər, çünki yalnız “hakimiyyətin” hakimiyyətə (tavtologiya yerinə düşür) sahib olduğuna alışırlar.

Bizim cəmiyyətimiz ən müxtəlif əlamətlərinə görə parçalanıb, amma mənim zənnimcə, müxtəliflik potensialı bizim inkişafımızın əsas resurslarından biridir, baxmayaraq ki, o, dağıdıcı da ola bilər, əgər cəmiyyət funksional fərqləndirmə üzərində yox, tabe etmək üzərində, şaquli yox, üfüqi istiqamətdə qurulsa.

Hökumətin qəbul etdiyi tədbirlərə gəlincə, bunlara müsbət yanaşmaq olardı, əgər hüquqi müstəvidə həyata keçirilsəydi, daha həmin “qayğı” əsasında yox. Əhalidə hüquqi şüurun çatışmazlığı hüquqi prosedurlara barmaqarası baxan hakimiyyətə haqq qazandıra bilməz.

Bizim hakimiyyətimiz, nəhayət, anlamalıdır ki, müasir cəmiyyətlərdə (bu, yalnız karantin vəziyyətinə aid deyil) dərhal nəticə verəcək sadə həll yolları yoxdur, mürəkkəb həll yolları isə cəmiyyətlə müxtəlif formada həmrəylik (qarşılıqlı fəaliyyət) tələb edir – ən azı cəmiyyətin həmrəylik və birgə fəaliyyətə hazır olan hissəsi ilə”.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching