Oxuduğunuz məqalə

Türkiyə və Azərbaycan arasında karbohidrogenlər və neft-kimya məhsulları da daxil olmaqla hərtərəfli enerji əməkdaşlığı

 

Bu yazını paylaşın:

Nordic Monitor, 3 iyul 2020-ci il

Tərcüməçi: Kərtənkələ Press

Türkiyə ilə Azərbaycan arasında karbohidrogen ehtiyatlarının düzgün formada istifadə edilməsi, neft-kimya məhsullarının istehsalı və satışı, LNG (mayeləşdirilmiş təbii qaz) terminallarının qurulması, elektrik enerjisi ticarətinin inkişaf etdirilməsi, mineral ehtiyatların kəşfiyyatı, bərpa olunan enerji ehtiyatları və enerji səmərəliliyi sahələrini əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb.

Tərəflər, həmçinin dövlət və özəl şirkətlər vasitəsilə enerji və mədən sahələrində investisiyaların təşviqi sahəsində də əməkdaşlıq edəcəklər. Son razılaşmanın enerji sahəsində ikitərəfli əməkdaşlığı daha da möhkəmləndirəcəyi gözlənilir. Hər iki tərəf mütəmadi olaraq regional enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edir.

2019-cu ilin noyabr ayında Türkiyə və Azərbaycan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) tamamlandığını rəsmi olaraq bəyan etdilər. Bu layihə 40 milyard dollarlıq Cənub Qaz Dəhlizinin ən uzun hissəsini təşkil edir və Azərbaycanın Şahdəniz II yatağından çıxarılan qazı Avropaya ixrac edən boru kəmərlərindən ibarət bir şəbəkəni təmsil edir. Rəsmi olaraq 2018-ci ilin iyun ayında start verilən layihə, Türkiyə-Gürcüstan sərhəddindən Türkiyə-Yunanıstan sərhəddinə qədər uzanır.

Türkiyənin idxal etdiyi təbii qazın böyük bir hissəsi Azərbaycanın payına düşür. Energetika Nazirliyinin məlumatına görə, 2019-cu ildə Azərbaycanın dünya bazarına çıxartdığı təbii qazın 27,3 faizindən çoxu Türkiyəyə ixrac olunub. 2020-ci ilin yanvar ayında Azərbaycan Şahdəniz yatağından Türkiyəyə 945,18 milyon kubmetr qaz ixrac etmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz çoxdur.

Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK), Aprel ayında 2020-ci ilin Mart ayı üçün ölkənin qaz istehlakı ilə əlaqədar bir hesabat yayımladı. Hesabatda 2020-ci ilin Mart ayında Türkiyənin qaz idxalında LNG nisbətinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə artdığı qeyd edildi. Həmçinin Azərbaycanın Rusiya və İranı geridə qoyaraq Türkiyənin boru kəməri idxallarında birinci sıraya yüksəlməsi də hesabatda qeyd olunub.

Sözügedən tərəfdaşlıq müqaviləsi Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti Əliyevin iştirakı ilə iki ölkənin enerji nazirləri tərəfindən fevralın 25-də Bakıda imzalanmışdır.

"Nordic Monitor" tərəfindən əldə olunan razılaşmanın mətninə görə, Türkiyə və Azərbaycan aşağıdaki sahələr üzrə əməkdaşlıq edəcəklər: karbohidrogen ehtiyatlarının genişləndirilməsi və istifadə olunması; geologiya və su anbarları mühəndisliyi; neft-kimya və emal edilmiş neft məhsullarının istehsalı və satışı; LNG terminalları, onların ehtiyat hissələri və bu sahə üzrə texnologiyaların istehsalı və tətbiqi; neft-kimya və neft emalı proseslərinin dərinləşdirilməsi.

Müqavilənin 4-cü maddəsinə əsasən hər iki tərəf "karbohidrogenlərin (quruda və dənizdə) kəşfiyyatı, hasilatı, daşınması, emalı, paylanması və ticarəti" məsələlərini diqqət mərkəzində tutacaq və bir birilərinə “təbii qaz anbarları və ötürmə infrastrukturlarının tikintisi, bərpası, inkişafı, istismarı, istehsalı və istismarı” sahələrində köməklik göstərəcəklər.

Prezident Rəcəb Tayyib Ərdoğan, 25 Fevral 2020 tarixində keçirilmiş Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasında iştirak etmək üçün Bakıya rəsmi səfər etdi. İclasdan sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez və Azərbaycanın enerji naziri Pərviz Şahbazov enerji və mədən sahəsində ikitərəfli əməkdaşlıq üçün hüquqi bazanı genişləndirən müqaviləni imzaladılar.

14 maddədən ibarət olan müqavilə mayın 31-də Azərbaycan parlamenti – Milli Məclis tərəfindən təsdiqlənsə də, prezident Rəcəb Tayyib Ərdoğan təsdiqlənməsi üçün sazişi iyunun 8-də Türkiyə parlamentinə təqdim etdi.

Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq müqaviləsinin təsdiqlənməsi üçün Parlamentə təqdim olunan məktub:

Müqavilənin 6-cı maddəsində tərəflərin mineral ehtiyatların axtarışı və geoloji tədqiqatlar üçün əməkdaşlıq imkanlarını qiymətləndirəcəyi və bu istiqamət üzrə texnologiyaları inkişaf etdirəcəyi vurğulanır.

Müqavilənin 3-cü maddəsinə görə, tərəflər bərpa olunan və təmiz enerji və enerji səmərəliliyi sahələrində fəaliyyət imkanlarını müəyyənləşdirmək üçün işçi qrupu yaradacaq və hər iki Tərəfin səlahiyyətli orqanlarını və investorlarını bu sahələrdə həyata keçirilən layihələri dəstəkləmək və inkişaf etdirmək üçün birgə işləməyə təşviq edəcəklər.

Müqavilə, həmçinin elektrik ötürücü şəbəkələrin qurulması və istismarı; elektrik enerjisi ticarətinin və qarşılıqlı əlaqə imkanlarının inkişafı; və elektrik bazarının tənzimlənməsi sahəsində təcrübə mübadiləsi sahələrində texniki əməkdaşlığı da əhatə edir.

Müqavilənin şərtləri Türkiyə tərəfində Enerji və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan tərəfində isə Energetika Nazirliyi tərəfindən yerinə yetiriləcəkdir. Müqavilə, hər il avtomatik yenilənməklə şərti ilə beş il müddətinə imzalanmışdır. Razılaşmaya görə, hər iki tərəf müqaviləni ləğv etmək niyyətlərini diplomatik kanallar vasitəsilə ən azı üç ay əvvəlcədən qarşı tərəfə bildirə bilər.

Enerji və mədən sahəsində əməkdaşlıq müqaviləsi aşığıdakı kimidir:

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching