Oxuduğunuz məqalə

Tətil, Avropanın dəstəyi, Rusiyanın müdaxiləsi ilə təhdid – Belarusda nələr baş verir?

 

Bu yazını paylaşın:

JAMNews

Belarusda etirazlar davam edir – insanlar hələ də küçələrə çıxır, tətilə görə iri müəssisələrin fəaliyyəti dayanır. Etirazçılar prezident Aleksandr Lukaşenkonun istefasını tələb edir, ictimai çıxışları zamanı ona qarşı şüarlar səsləndirirlər. Amma prezident bildirir ki, getməyə hazırlaşmır və kömək üçün Rusiyaya müraciət edəcək. Rusiya Lukaşenkoya hakimiyyəti saxlamağa kömək edəcəkmi? Rusiyalı şərhçilər hesab edirlər ki, Rusiyanın müdaxilə üçün heç bir səbəbi yoxdur.

Müxalifət nə edir?

9 avqustda Belarusda keçirilən prezident seçkilərində özünü qalib elan edən Svetlana Tixanovskayanın göstərişi ilə Koordinasiya Şurası yaradılıb ki, onun da məqsədi hakimiyyətin təhvil verilməsi üçün hazırkı hakimiyyətlə danışıqlar aparmaqdır.

Şuraya 15 nəfər daxil olub – onların sırasında Tixanovskayanın qərargah üzvlərindən başqa tanınmış alimlər və hüquq müdafiəçiləri, o cümlədən də ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç var.

Euroradio-nun məlumatına əsasən, Belarusda Milli Tətil Komitəsinin – ümummilli tətili idarə edəcək orqanın yaradılmasına başlanılıb. Yaxın iki-üç gün ərzində “tətil komitəsi” adından ölkədə hakimiyyətin tranziti ilə bağlı rəsmi orqanlarla danışıqlar başlanacaq – Belarus Demokratik Həmkarlar İttifaqları Konqresinin sədri Aleksandr Yaroşuk bildirib.

Belarusun “Uralkaliy”müəssisəsinin fəhlələri tətil iştirakçılarının tələblərinin altına imza atırlar. 17 avqust 2020. REUTERS/Vasily Fedosenko

Bütün ölkə boyu iri müəssisələr tətil edir. Avqustun 17-də Belarus büdcəsini valyuta ilə təchiz edən əsas müəssisənin – “Uralkaliy” zavodunun fəhlələri tətilə qoşulublar.

Minsk Avtomobil Zavodunun (MAZ) yanında insanlar toplaşır, tətilçiləri dəstəkləyirlər. Tətil edən müəssisələrə insanlar yemək gətirir:

Avqustun 17-də Svetlana Tixanovskaya Litvadan yeni video-müraciətini yayıb. Müraciətində o, etiraz iştirakçılarına dəyanətlərinə görə minnətdarlığını bildirib və milli lider olmağa hazır olduğunu bəyan edib.

Tixanovskayanın və onun tərəfdarlarının tələbləri dəyişməz qalır:

— bütün siyasi məhbusların dərhal azad edilməsi;

— Lukaşenkonun istefası;

— beynəlxalq nəzarət altında yeni ədalətli prezident seçkilərinin keçirilməsi.

Avqustun 17-də növbəti izdihamlı yürüş baş tutub – insanlar Müstəqillik Meydanında toplaşıblar və etiraz aksiyası zamanı həbs edilənlərin saxlanıldığı həbsxanaya qədər yürüyüblər.

Avqustun 18-də etirazçılar yenidən Aleksandr Lukaşenkonun istefasını tələb etmək üçün Minskin mərkəzində toplaşıblar.

Minsk Avtomobil Zavodunun tətil edən fəhlələrinə dəstək aksiyası. 17 avqust 2020. REUTERS/Vasily Fedosenko

Hakimiyyət nə edir?

Amma avqustun 17-də Lukaşenko bəyan edib ki, getmək niyyətində deyil. O, vertolyotla fəhlələri tətil elan eləyən Minskin ən böyük zavoduna – Minsk Təkərli Traktorlar Zavoduna gəlib.

Onu “Get!” və “Özünü güllələ!” şüarları ilə qarşılayıblar.

“Yeni seçkilər olmayacaq. Bunun üçün siz əvvəlcə məni öldürməli olacaqsız”, – Lukaşenko deyib.

Görüş az qala Lukaşenko və fəhlələr arasında dava ilə sona çatıb.

Dövlət kanallarının efirlərinrə etiraz aksiyaları haqda reportajlar yayımlanmağa başlayıb. Bu, jurnalistlərin etirazçılara qoşulmasının nəticəsində mümkün olub.

Belarus Baş Prokurorluğu elan edib ki, 600 nəfər həbsxanalarda, milis maşınlarında və milis şöbələrində işgəncə və zorakılığa məruz qalması ilə bağlı şikayət edib.

Avqustun 18-i axşam saatlarına olan məlumata görə, 67 nəfər saxlanılan şəxs təcridxanada qalır, 50 nəfərdən çox insan hələ də itkindir, onları tapmaq mümkün olmayıb.

Dinc nümayişçilərə qarşı zorakılıq faktı üzrə bircə dənə də cinayət işi qaldırılmayıb.

Qərb sərhədlərində Belarus ordusunun hərbi hissələri tam döyüş hazırlığına gətirilib. Aleksandr Lukaşenko avqustun 18-də Təhlükəsizlik Şurasının iclasında bu bəyanatı səsləndirib.

Minsk Təkərli Traktorlar Zavodunun tətil edən fəhləsi. 17 avqust 2020. REUTERS/Vasily Fedosenko

Dünya necə reaksiya verir?

Avropa Parlamentinin deputatı Lukaşenkonun Avropa İttifaqı ərazisində “persona non qrata” elan edilməsini tələb edir.

Almaniyanın maliyyə naziri öz xalqına qarşı terror törətdiyi üçün Lukaşenkonun məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırışla çıxış edib.

Avqustun 17-də Polşanın baş naziri Mateuş Moravetski Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə ölkədəki vəziyyət və bütün siyasi məhbusların, repressiyaya uğrayanların azad edilməsinin vacibliyi haqda danışıb. O bildirib ki, Polşa Belarusda repressiya edilənlərin, qeyri-hökumət təşkilatlarının və azad medianın dəstəklənməsi üçün 11 milyon avro ayırıb.

Litva Seymi Belarusda keçirilən prezident seçkilərinin nəticələrinin tanınmaması və dövlət aparatına qarşı sanksiyaların tətbiqi haqda çağırışla bağlı bəyanat qəbul edib.

Avqustun 19-da Avropa İttifaqının Belarusdakı hadisələrə reaksiyaya həsr olunmuş video-konfrans formatında növbədənkənar sammiti keçiriləcək.

Rusiya nə edəcək?

Rusiyanın mövqeyi ən çox maraq doğuran məsələdir. Formal olaraq bu ölkə hələlik neytraldır, hərçənd Vladimir Putin prezident seçkilərində qələbə qazanması münasibətilə Lukaşenkonu təbrik edib.

İki media orqanı birdən Moskva və Peterburqdan Belarus sərhədinə doğru yönələn iki hərbi texnika kolonu haqda məlumat yayıb.

“Lukaşenko Rusiyanı cəlb etmək istəyir. Bəs bizə bu lazımdırmı?”, – Rusiyanın «Новая газета» nəşri baş redaktorun müavini Andrey Lipskinin şərhini bu başlıq altında dərc edib:

“Lukaşenko isterika içindədir… əsas vəzifə üzərində işləyir – ölkə vətəndaşlarının dəhşətli seçim istismarı və sonradan minlərlə etirazçıya qarşı tətbiq edilən amansız tədbirləri nəticəsində ortaya çıxan daxili siyasi qarşıdurmaya Moskva və şəxsən Putini cəlb etmək … ”

“Bəs Likaşenko Kremlə nəyin bahasına olursa-olsun lazımdırmı? Əlbəttə, Rusiya hakimiyyətinin Belarusda hərbi-strateji maraqları var”, – Lipski yazır. – “Amma kənardan real təcavüzkar niyyətlər varmı və Belarusda hansısa nüfuzlu siyasi qüvvələrin Rusiyanın hərbi-siyasi maraqlarının ziddinə NATO ilə yaxınlaşmağa başlayacaq siyasi iradəsi varmı? Hazırkı mərhələdə cavab birmənalıdır – yox”.

Müəllif hesab edir ki, Kremlin hazırda güc müdaxiləsi həyata keçirəcək səbəbi yoxdur, çünki nəticədə “Rusiyaya tam dost ölkə qaçılmaz olaraq Rusiya xalqının düşməninə çevriləcək”. Rusiya isə “Qərb ölkələri ilə münasibətlərdə hər hansı normallaşma üzrə istənilən layihələri birdəfəlik dəfn etməli” olacaq.

“Yeri gəlmişkən, Rusiyanın həlledici hərbi-siyasi maraqlarının (bunlar kiminsə xoşuna gəlsə də, gəlməsə də) yeganə qarantının öz xalqının dəstəyini, hörmətini və etibarını tamam itirmiş bir diktator ola biləcəyini kim sübut edib?”- “Novaya qazeta” nəşrinin redaktor müavini sual edir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching