Oxuduğunuz məqalə

Ərəstun Oruclu: ‘Azərbaycanlıların uğur qazana bilmədiyi yeganə ölkə Azərbaycandır’

 

Bu yazını paylaşın:

Abzas

Prezident Administrasiyasının və Nazirlər Kabinetinin strukturlarında dəyişikliklər edildi. Önəmli vəzifələr tutan şəxslərin bir çoxu vəzifələrindən uzaqlaşdırıldı. Bundan başqa prezidentə yenə köməkçilər təyin olundu. Ardınca isə Yeni Azərbaycan Partiyasından olan deputatlar parlamentin buraxılması üçün prezidentə müraciət etdilər. Bütün bunlar isə birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərindən dərhal sonra baş verir.

Bəzi ekspertlər baş verənləri Mehriban Əliyevanın hakimiyyətə yolunun açılması üçün edildiyini bildirirlər. Və bunun Rusiyanın razılığı ilə baş verdiyi söylənilir.Əslində nə baş verir? Siyasi şərhçi Ərəstun Oruclu mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

Ərəstun bəy, ölkədə nələrsə baş verir. Dövlət başçısı Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturunu təsdiq etdi. Bir çox önəmli vəzifə tutan şəxslər vəzifələrindən azad oldular. Parlament özünü buraxdı. Sizcə, nə baş verir? Bütün bunlar nə ilə əlaqədardır?

– Sizinlə olan son müsahibəmizdə Azərbaycanda sistem böhranının hökm sürdüyünü demişdim və bu gün baş verənlər də həmin böhrandan çıxış yolu axtarmaq cəhdidir. Belə ki, həmin sistem böhranı son 26 ildə mövcud olmuş hakimiyyət ierarxiyasının səmərəsiz fəaliyyətinin nəticəsidir və burada da təəccüblü heç nə görmürəm. Müstəqillik əldə etmiş, ictimai-siyasi və iqtisadi formasiyası kökündən dəyişmiş bir ölkədə sovet idarəçilik prinsiplərinə söykənən və həmin sistemdən çıxmış məmurlar uğurlu model qura bilməzdi. Elə bu səbəbdən də bizə tamamilə yanlış bir model tətbiq olundu və bunun da xüsusi tarixçəsi var. Hələ 2003-cü il prezident seçkiləri ərəfəsində Bakıda fəaliyyət göstərən bir sıra Qərb diplomatları şəxsən mənimlə söhbətlərində iddia edirdilər ki, indi Azərbaycanda iqtisadi azadlıqlar olacaq, amma siyasi azadlıqlar yox və etiraf edim ki, onlardan belə riyakar, ağ yalan olan sərsəm fikirləri eşitmək çox məyusedici idi. Xeyr, o mənada yox ki, Qərb demokratiyasına inamım alt-üst olurdu, o mənada ki, mənim ölkəm üçün hansı model, hansı resept nəzərdə tutulurdu, çünki belə bir model uğurlu olsaydı onu ilk növbədə Qərb ölkələri elə özlərində tətbiq edərdilər. Amma bu, mümkün deyil, çünki azad bazar iqtisadiyyatı yalnız müvafiq siyasi və hüquqi şəraitdə fəaliyyət göstərə, güclənə, inkişaf edə bilər. Təəssüf ki, həmin model tətbiq olundu və biz də onun ağır nəticələrini görə-görə gəlirik. İlkin mərhələdə yüksək neft qiymətləri əsasında formalaşan gəlirlər həmin uğursuz modelin çatışmazlıqlarını qismən ört-basdır eləsə də, bir çox iqtisadçılar hələ o zaman deyirdilər ki, bu, ilğım effektidir və neft qiymətlərinin düşəcəyi halda ölkə ciddi böhranla üz-üzə qalacaq. Ona görə də neft ucuzlaşanda ilk dəfə islahatların anonsu verildi, amma o zaman buna mane olan azı iki amil oldu. Birinci, dərindən klanlaşmış və korrupsiyalaşmış hakimiyyət ierarxiyasının müqaviməti və ikinci, bir qədər sonra neft qiymətlərinin müəyyən qədər sabitləşməsi. Amma həmin sabitləşmə də aldadıcı idi, çünki böhran artıq başlamışdı, lakin islahatlar, xüsusilə də struktur islahatları ağrılı və riskli proses olduğundan onlar arxa plana keçirildi. Bu gün isə böhranın nə qədər dərinə getdiyi artıq hamıya aydındır və hansısa təxirəsalınmaz addımlar atılmalı idi. Ölkənin real iqtisadi göstəricilərinin hansı səviyyədə olduğunu İlham Əliyev hər kəsdən aydın görür və bu səbəbdən də bugünkü addımları atmağa qərar verdi. Amma burada da müəyyən spesifik məqamlar var ki, onları nəzərə almadan struktur və kadr islahatları aparmaq mümkün deyildi. Bu, ilk növbədə Azərbaycana təsiri olan böyük dövlətlərə loyal hakimiyyətdaxili qrupların neytrallaşdırılması idi. Görünür, elə bu səbəbdən də Rusiya ilə yaxınlaşmaya gedilməli idi. Əlbəttə, təkcə bu səbəbdən deyil, o cümlədən həm də Qərb ölkələrinin bölgəyə marağının azalması da bu addımı atmağa sövq edirdi. Addım atıldı və paralel olaraq həm Prezident Administrasiyasında, həm də Nazirlər Kabinetində struktur və kadr dəyikliklərinə start verildi. İlk baxışdan həmin məntiqlə demək olar ki, görünür, bundan sonra da növbə parlamentin idi, hərçənd bunları birbaşa əlaqələndirməyin əsaslı olduğunu düşünmürəm. Çünki parlamentin buraxılması barədə söz-söhbətlər ən azı ilyarım əvvəl dolaşırdı. Qaldı bunun necə həyata keçirilməsinə, zənnimcə burada ən qeyri-optimal yol seçildi və bu da onu deməyə əsas verir ki, gələcək parlament hakimiyyət qanadı kimi indikindən daha zəif və ali qanunverici orqan kimi az məhsuldar olacaq. Amma görünən həm də budur ki, onun formalaşdırılmasında bu prinsiplərdən daha önəmli siyasi baxımdan loyal ali qanunverici orqanın olmasıdır. Xüsusilə də hansısa kritik situasiyalar üçün.

–  Belə fikirlər var ki, hakimiyyət əl dəyişir və ya bütün bunlar Mehriban Əliyevanın hakimiyyətə yolunu açmaq üçün baş verir. Deyilənlər nə  dərəcədə həqiqətəuyğundur?

– Yəqin ki, bu fikirlər heç də əsassız deyil və xüsusilə son ilyarımda atılan ardıcıl addımlar bir çoxlarına belə düşünməyə əsas verir. Son günlər Mehriban Əliyevanın aparat üzvlərinin bəzilərinin Prezident Administrasiyasına keçirilməsi də belə fikirlərin güclənməsinə və daha da yayılmasına təkan verir. Amma burada da bir neçə sual var ki, onların cavabı hələ tam aydın deyil. Əvvəla, İlham Əliyev indiki prezidentlik müddətinin icrasına cəmi ilyarım əvvəl başlayıb və onun Mehriban Əliyeva ilə əvəzlənməsi zərurəti nədən yaranıb? İkinci, Mehriban Əliyeva onsuz də dövlətdə ikinci şəxsdir və komandası da hakimiyyət strukturlarında kifayət qədər geniş təmsil olunub. Belə olduğu halda isə zərurət yarandıqda İlham Əliyevi əvəzləməli olan Mehriban Əliyevanı indi ön plana çıxarmaq hakimiyyətin təhlükəsizliyi və qorunması baxımından nə dərəcədə rasional olardı? Başqa sözlərlə, əgər həm birinci, həm də ikinci mövqelər bir əldədirsə, sizin dediyiniz kimi, bu əlləri bölməklə və ya dəyişməklə onsuz da yetərincə olan riskləri bir qədər də artırmaq nə dərəcədə məqsədəuyğun və məntiqli sayıla bilər? Təbii ki, bizim bilmədiyimiz məqamların da ola bilməsini istisna eləmirəm, amma burada da bir neçə qaranlıq detal var ki, onlar bu haqda əsaslı mülahizə yürütməyə və təhlil aparmağa ciddi mane olur. Məsələn, Rusiya ona daim loyal olmuş böyük və mütəşəkkil bir komandanı niyə belə asanlıqla “qurban verir” və ya həqiqətənmi “qurban verir”, yoxsa hansısa qaçılmaz təhlükələrdən qorumaq üçün müvəqqəti olaraq arxa plana keçirir? Axı Moskvada çox yaxşı anlayırlar ki, ona sadiq “köhnə qvardiyadan” fərqli olaraq Əliyevlərin əlaqələri daha çoxşaxəli və əhatəlidir. Yəni, burada təkcə Rusiya ilə əlaqələrdən söhbət getmir. Nəhayət, Mehriban Əliyevanın prezident postuna gətirilməsi Azərbaycanda son 50 ildə mövcud olmuş, dərin kök atmış ierarxiyanın dəyişməsi deməkdir ki, bunun isə müsbət tərəfləri qədər də mənfi çıxarları ola bilər. Bütün bu və digər səsləndirmədiyim aydın olmayan məqamlar sualınızı birmənalı cavablandırmağa imkan vermir.

Uzun illərdir hakimiyyət daxilində qruplaşmaların savaşı barədə danışılır. Məsələn, deyirdilər ki həmin qruplaşmaların birinin arxasında Rusiya hakimiyyəti dayanır. Amma indi həmin qruplaşmanın üzvləri olduğu ehtimal olunan və böyük gücə malik şəxslərin vəzifələrindən uzaqlaşdığını görürük. Bütün bunlar Rusiyanın razılığı ilə baş verirmi?

– Bu sualınızı əslində yuxarıda qismən cavablandırdım və dediklərimə əlavə olaraq bunu da qeyd etmək istərdim: əgər bütün bu transformasiya Rusiyanın dəstəyi və razılığı ilə baş verirsə və qeyd edim ki, görünən də məhz budur, onda biz onu Rusiyanın bölgədə möhkəmlənmək planının tərkib hissəsi kimi nəzərdən keçirməyə məcburuq. Xüsusilə də Azərbaycanda baş verən dəyişikliklərlə Gürcüstandakı iqtidar-müxalifət (və ya Rusiya-Qərb) qarşıdurması ilə sinxronluq təşkil etməsi belə düşünməyə əsas verir. O zaman başqa bir sual yaranır ki, Rusiya Azərbaycandan nə istəyir? Zənnimcə bu, ilk növbədə ölkənin coğrafi mövqeyi ilə bağlıdır. Belə ki, Azərbaycan şimaldan cənuba və şərqdən qərbə uzanan iki mühüm dəhlizin kəsişmə nöqtəsidir və bu da nəqliyyat-kommunikasiya kanalları uğrunda gedən geosiyasi mübarizədə ölkənin əhəmiyyətilə yanaşı həm də onun üçün riskləri və təhdidləri artırır. Bugünkü geosiyasi mübarizə isə 10-15 il əvvəlkindən təkcə formatı ilə deyil, həm də hədəfləri və metodları ilə fərqlənir. Deməli, risklər də əvvəlkindən daha yüksəkdir. Həmin mübarizədə iştirak edən 3 ölkədən biri olaraq Rusiya postsovet məkanında özünü müstəsna səlahiyyətlərə malik hesab etdiyindən bütün bu ərazilərə nəzarətini gücləndirməyə çalışır. Bu gün Gürcüstanda baş verənlər də fikrimcə, birbaşa Xəzər-Qara dəniz bölgəsilə bağlı Rusiya planının tərkib hissəsidir. Elə Gürcüstanın Qara dəniz sahilindəki dərinsulu Anaklia limanının tikintisi ətrafında baş verənləri nəzərdən keçirmək kifayət edir.  Bu mənada bölgədəki etnik-ərazi münaqişələrinin son 30 ildə öz həllini tapa bilməməsi heç də təsadüfi deyil, çünki onların dondurulması bir növ münaqişə iştirakçıları olan bütün tərəfləri daha rahat ram etməyə imkan yaradır. Görünür, elə buna görə də Rusiya keçən əsrin 90-cı illərində Gürcüstandakı münaqişələrə dair qəbul etdirdiyi modeli Qarabağ münaqişəsinə də tətbiq etməyə çalışır. Başqa sözlərlə, Rusiya hansısa qarşılıqlı güzəştlər fonunda münaqişə bölgəsinə sülhməramlı statusunda öz silahlı qüvvələrini yerləşdirmək istəyir. Belə cəhdlər hələ 1994-cü ilin mayında da olmuşdu, amma o zaman Heydər Əliyev neft amilindən istifadə edərək Qərbin dəstəyilə bunun qarşısını aldı. Bizim üçün bu, təkcə ərazi itkisi yox, həm də suverenliyin məhdudlaşması demək olardı. Ümid edirəm, bu, baş verməyəcək, amma eyni zamanda Moskvanın bunu hədəflədiyini də istisna eləmirəm. Belə bir addım həm də Azərbaycan əhalisi arasında heç bir halda populyar ola bilməz və ona görə də həmin addımı atan dövlət başçısı öz hakimiyyətini də təhdid altına atmış olardı. İlham Əliyev də 16 ildə bu addımı atmadı və ümid edirəm, bu, gələcəkdə də baş verməyəcək. Amma bunun baş verməməsi üçün Qərblə də münasibətləri sağlamlaşdırmaq və intensivləşdirmək lazımdır. Buna indi fikrimcə, heç vaxt olmadığı qədər ehtiyac yaranıb.

Son dönəmlər prezidentin Qərbə, Avropaya yönələn mənfi bəyanatlarının şahidi oluruq. Amma bütün bunlar Qərb tərəfdən susqunluqla qarşılanır. Nə baş verir? Olmaya Rusiya ilə anlaşma ilə yanaşı hakimiyyət həm də Avropa ilə razılaşıb?

– Bəli, indicə qeyd etdiyim kimi, Azərbaycanın Qərblə münasibətlərində xeyli gərginlik müşahidə olunur və bu, bizim üçün həssas vəziyyət yaradır, ölkəni təklənmiş durumda buraxır. Öncə onu da əlavə edim ki, bu gün Qərb anlayışının özü də əvvəlkindən çox fərqlidir, yəni ABŞ və Avropa artıq vahid düşərgə kimi nəzərdən keçirilməməlidir. Ona görə də hər iki tərəflə münasibətlər ayrı-ayrılıqda nəzərdən keçirilməlidir və buna həqiqətən ehtiyac var. Məsələn, son dövrlər iki azərbaycanlı nazirin Vaşinqtona səfəri zamanı yaranmış bəzi texniki problemlər və onların səfərinə lazımi səviyyədə diqqət olmaması göstərir ki, Azərbaycan-ABŞ münasibətlərinə yeni baxış və yeni yanaşmalar lazımdır. Digər tərəfdən də Azərbaycanın Avropa ilə münasibətləri yeni müstəviyə keçməlidir. Amma bunun üçün ilk növbədə yeni çoxvektorlu xarici siyasət strategiyası işlənib hazırlanmalı və onu həyata keçirməli olan çevik diplomatik korpus yaradılmalıdır. Təəssüf ki, son dəyişikliklər hələlik Xarici İşlər Nazirliyinə toxunmadı, halbuki, buna ehtiyac daha çoxdur. Bilirsiniz, Elmar Məmmədyarovu dövlət dilində çox qeyri-səlis danışdığına görə tez-tez tənqid atəşinə tuturlar, amma deyim ki, şəxsən mən onun heç ingiliscəsindən də bir şey anlaya bilmirəm. Diplomatiya isə ilk növbədə aydın, səlis nitq qabiliyyəti və çevik ağıl tələb edir. Şübhəsiz ki, baş diplomatlar həmçinin siyasi prosesləri də dərindən bilməlidirlər. Qaldı Qərbin susmasına, burada hansısa anlaşmanın olduğunu düşünmürəm. Qərbin taktikası belədir: Qərb heç zaman heç bir hadisəyə, bəyanata cəld və impulsiv cavab vermir, o, məsələni dərindən araşdırır, öyrənir və tələsmir, çünki bilir ki, əlinin altında yetərincə təsirli vasitələri var, həm də onlardan zamanında, dəqiq və effektiv istifadə etməyi bacarır.

– Bütün bunların nəticəsi nə olacaq? Azərbaycan hara gedir? Bu siyasət, bu dəyişikliklər ölkəni hara aparacaq?

– Bu sualınıza iki mümkün cavab var: arzu olunan və reallıq. Təəssüf ki, əksər hallarda olduğu kimi bu halda da onlar üst-üstə düşmür. Nəticə haqda danışırıqsa, paralel olaraq bu günə və bir qədər irəliyə baxmalıyıq. Ölkədə təcili olaraq islahatlara, xüsusilə də iqtisadi islahatlara başlanmalıdır, çünki zaman artıq yox dərəcəsindədir. Azərbaycan iqtisadi artım göstəricilərinə görə, MDB məkanında sonuncu yerlərdədir və qarşıdan gələcəyi gözlənilən qlobal iqtisadi resessiya bizim üçün ağır fəsadlar törədə bilər. Fikrimcə, ilk növbədə bazarı liberallaşdırmaq və azad iqtisadi fəaliyyətə mane olan bütün amilləri aradan qaldırmaq lazımdır. Azərbaycanda talançı gömrük sistemi mövcuddur və onu dağıdıb yerində adekvat səviyyədə gömrük rüsumları əsasında tam şəffaf fəaliyyət göstərən mahiyyətcə yeni qurum yaradılmasa heç bir iqtisadi islahat effekt verməyəcək. Xüsusilə də illər boyu bu sistemdə kök salmış, korrupsiyalaşmış yuxarı təbəqə məmur ordusu işdən kənarlaşdırılmasa. Dövlət və hakimiyyət orqanlarının iqtisadiyyata müdaxiləsi ilə ən amansız şəkildə mübarizəyə ehtiyac yaranıb. Biznes fəaliyyətilə məşğul olan məmur və rəsmilər seçim qarşısında qoyulmalıdır, çünki bu iki fəaliyyət birlikdə maraqların toqquşmasına gətirib çıxarır ki, bundan da həm dövlət itirir, həm onun iqtisadiyyatı, həm də sahibkarlar. Bu addımlar atılacağı halda qalanlarını insanlar özləri həll edəcəklər. Azərbaycanlılar işləməyi bacaran insanlardır və ən çətin şəraitdə belə iqtisadi uğur qazanmağı bacarırlar. Amma nə qədər paradoksal görünsə də, sadə bir həqiqət var: azərbaycanlıların uğur qazana bilmədiyi yeganə ölkə Azərbaycandır. Bunun səbəbləri də zənnimcə, hamımıza məlumdur. Qarşıdan həqiqətən ağır bir il gəlir və neft qiymətlərinin kəskin düşəcəyi də istisna deyil, odur ki, qeyri-neft sektorunun inkişafına böyük investisiyalar cəlb olunmalıdır, sahibkarlıq kreditlərinin faiz dərəcələri biznes şəraiti üçün əlverişli həddə endirilməlidir və bütün bunlar fikrimcə, təxirəsalınmaz tədbirlərdir. Belə bir ifadə var ki, insanın şüuruna televizorun ekranında görünənlərdən çox soyuducunun içində olanlar təsir edir və bu mənada da iqtisadi baxımdan möhkəmləndirilməyən istənilən populist-dekorativ addımlar heç bir effekt verməyəcək. Əks-effektdən başqa təbii ki, və bu mənada da həmin soyuducunun içindəki vəziyyəti kim dəyişəcəksə ictimai rəy də, ictimai dəstək də onun tərəfində olacaq. Amma bunların hamısını reallaşdırmaq üçün ilk növbədə dərin hüquqi islahatlar, o cümlədən də məhkəmə islahatları qaçılmazdır. Ən başlıcası isə siyasi iradə və qətiyyət tələb olunur. Bu mənada hansısa susqun və başıaşağı parlamentin formalaşdırılması da yalnız müvəqqəti təskinlik üçün əsas ola bilər. İslahatların imitasiyası ancaq müəyyən vaxt qazanmağa imkan verə bilər, amma həmin vaxt da başa çatanda mövcud problemlər daha kəskin və daha böyük miqyasda gündəmə qayıdır. Bütün bu addımları kimin atacağı isə sadə vətəndaş üçün önəmli deyil, onu maraqlandıran güzəranının yaxşılaşması və gündəlik həyatının yüngülləşməsidir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching