Oxuduğunuz məqalə

Qorxuya əsaslanan media

 

Bu yazını paylaşın:
Hikmət Nazim, Novator.az

Dünya əhalisi koronavirusla (Covid-19) mübarizə aparır. Hər gün müxtəlif ölkələrdən yoluxma və ölüm faktı ilə bağlı xəbərlər gəlir. Azərbaycanda da kifayət qədər yoluxma faktı qeydə alınıb. Bir neçə nəfərin öldüyü barədə xəbərlər də açıqlanıb. Apteklərdə maska və tibbi spirt tapılmasa da, Azərbaycan hökuməti bununla bağlı ciddi tədbirlər görüldüyünü deyir. Bütün ölkə üzrə xüsusi karantin rejimi elan edilib. Yaşı 65-i keçmiş insanların küçəyə çıxması qadağan olunub. Qonşu ölkələrlə sərhədlər bağlanıb, ölkə daxilində rayonlararası sərhədlər qurulub. Hökumət hər nə qədər hiss elətdirməsə də, insanlar arasında ciddi panika var.

Bütün bunları isə süzgəcindən keçirib insanlara çatdıran mediadır, yaxud bir başqa sözlə, bu mövzuda cəmiyyətə təqdim olunan informasiya medianın əlindən keçir. Bəs media işinin öhdəsindən necə gəlir? Koronavirusla əlaqadar xəbər hazırlayıb tirajlayarkən məsuliyyətini dərk edirmi?

Məlum məsələdir, ənənəvi media yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın açıqladığı məlumatı yayımlamaqla kifayətlənir. Elə xəbər agentlikləri də. Nə araşdırmalar aparıb sorğular keçirirlər, nə də hədlərini aşıb dezinformasiya yayırlar. Hazırladıqları materialı geniş kütləyə hesablayan xəbər saytları və “Youtube” kanalları isə “işlərindən” qalmırlar.

***

Bir neçə gün öncə sosial şəbəkələrdə “Bu 2 həftədə müharibə başlaya bilər: Düşmənlə tək qaldıq” adlı sərlövhəyə rast gəldim. Adətən bu tip başlıqları ciddi hesab etmədiyim üçün açmıram. Amma maraq məni bürüdü və linkə daxil oldum. Kontent jurnalist Əziz Əlibəylinin “Təmas Xətti” adlı “Youtube” kanalında canlı qeyd olunmuş videosu idi. Nə bir açıqlama vardı, nə başqa bir şey. Azı 20 min nəfər izləmişdi.

Mən qeyri-ciddi hesab etməyimdə olum, adam videonun ilk dəqiqələrindən ciddi-ciddi mənbə göstərirdi: sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “Feysbuk” statusu.

Keçmiş nazirin yazdığı statusu profilində görməsəm də, yetkinlik yaşına çatmayana qarşı cinayət törətməkdə şübhəli bilinən şəxslər haqqında “Beyləqanda 2 namussuz gədə tutulub” tipli başlıq yazmış Axar.az saytında tapdım: “Axır ki İrəvanla tək qaldıq… – Keçmiş nazirdən sensasion təklif”.

Keçmiş nazir ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin koronavirus səbəbi ilə özünü prosesdən uzaqlaşdırdığını, KTMT, NATO, AB və MDB ölkələrinin sərhədlərini bağladığını və bölgədəki münaqişəyə təsir edən yalnız iki oyunçunun qaldığını bildirmişdi: Ermənistan və Azərbaycan. Əlavə olaraq onu da vurğulamışdı ki, düşünürəm, bir, ya iki həftədən sonra Azərbaycan Ermənistana bu sualı verə bilər: “Qoşunlarınızı işğal olunmuş Azərbaycan torpaqlarından neçə günə çıxarırsınız?”

Anlaşıldığı kimi, burada nə təklif var, nə müharibə mesajı. Açıqlamanın qeyri-ciddiliyini bir kənara qoysaq, sadəcə Azərbaycanın yaranmış şəraitdən istifadə edib Ermənistanı sorğu-suala tuta biləcəyi ehtimalının dilə gətirildiyini demək olar. Üstəlik, adam “düşünürəm” deyir. Yəni onun dediyi ehtimaldan ibarətdir. Hərçənd hər hansı bir “şərait”dən söhbət gedə bilməz, bunu ehtimal eləmək özü belə gülünc səslənir; çünki koronavirusun bölgədə yaratdığı vəziyyət nə Azərbaycan, nə də Ermənistan hökumətinin xeyrinədir. Hər iki ölkə çətin vəziyyətdədir.

***

“Fist Draft” təşkilatı “Covid-19 haqqında informasiya yaymaq və dezinformasiyanın yayılmasını ləngitmək üçün göstərişlər” adlı məqalədə xəbər istehsalçılarını məhəllə söhbətlərini xatırladan hekayətləri, doğruluq payı az olan ehtimalları diqqətdən kənar tutmağa, bir dedi-qodu, ya ehtimalın nə dərəcədə etibarlı olduğunu anlamaq üçün aşağıdakı beş suala cavab tapmağa çağırır:

  1. Ehtimal, ya dedi-qodunun təsir gücü nə qədərdir?
  2. Mövcud dedi-qodu və ehtimala əsaslanan müzakirələr yalnızca onlayn qrupdamı var?
  3. Dedi-qodu, ya ehtimalın müzakirəsi başqa bir platformada da varmı?
  4. Hər hansı sosial media fenomeni, ya da cəmiyyət tərəfindən təsdiqlənib qəbul edilmiş hər hansı bir hesab bu ehtimalı paylaşıbmı?
  5. Aparıcı media orqanları bu dedi-qodu və ehtimala istinadən xəbər hazırlayıbmı?

“Bu 2 həftədə müharibə başlaya bilər: Düşmənlə tək qaldıq”, “Axır ki İrəvanla tək qaldıq… – Keçmiş nazirdən sensasion təklif” tipli başlıqlar birbaşa olmasa da dolayısı ilə koronavirusla bağlıdır. Daha doğrusu, onun meydana çıxardığı psixoloji vəziyyətlə. Təbii ki, onları hazırlayanlar yuxarıdakı sualların heç birinə cavab tapmağa cəhd belə göstərməyiblər.

Ehtimalın təsir gücünü hesablaya bilsələr, yaxud hesablamaqda maraqlı olsalar, ən azından koronavirus pandemiyasından dolayı hərbi xidmətdə olan övladlarına görə narahatlıq keçirən valideynləri birə-beş qorxudub həyəcanlandırmazdılar.

Fikrimcə, hesablamaqda maraqlı olmayıblar. Bu da o deməkdir ki, ən diqqətsiz oxucunun da bildiyi kimi, baxış sayına işləyirlər. Baxış sayı isə hiss və həyəcana, qorxuya əsaslanır. Qorxuya əsaslanan media diktatura qədər təhlükəlidir. Yeri gəlmişkən, canlı yayımda Əziz Əlibəyli “Bu 2 həftədə müharibə başlaya bilər: Düşmənlə tək qaldıq” başlığına irad bildirənləri blok edəcəyi ilə hədələyirdi.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching