Oxuduğunuz məqalə

“Qarabağ Rusiyanındır, sual işarəsi” – Rusiyanın həqiqi planları nədir? by Kərtənkələ

10 min read

Bu yazını paylaşın:

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yüksək qeyri-stabillik ilə xarakterizə olunur və üstündən 30 il keçməsinə baxmayaraq hələ də bu istiqamətdə heç bir davamlı nəticə əldə olunmayıb. 2016-cı ilin aprel ayı gərginliyin xüsusilə pik həddə çatdığı dövr idi və bəziləri 1990-cı illərdəki müharibəyə bənzər bir müharibənin baş verməsindən ehtiyyat edirdi. Buna baxmayaraq, son vaxtlar iki ölkə arasındakı münaqişənin həll olunacağına ümid edənlər də yox deyil. 2019-cu ilin başlanğıcından bu yana Əliyev və Paşinyan danışıqlara daha ciddi yanaşmağa başlasalar da (Şiriyiv, 2019), il sonuna təsadüf edən qarşıdurmalar daha çox səs gətirdi. Paşinyanın 2019-cu ilin noyabr ayındaki “Qarabağ Ermənistanındır, nöqtə” çıxışına Əliyev “Qarabağ Azərbaycanındır, nida işarəsi” bəyanatı ilə cavab vermişdi. Bəs Rusiyanın bölgədə öz maraqları varmı?

Bu gün – 20 Yanvar 2020-ci il tarixində, SSRİ-dən və Rusiya hökmranlığından ayrılaraq müstəqilliyini elan etmək istəyən xalqımızın qətliamından 30 il ötür. Bu məqalədə Rusiyanın dondurulmuş Dağlıq Qarabağ münaqişəsində oynadığı rola yaxından nəzər yetirəcəyik. Rusiya hökumətinin münaqişəni bu qədər yaxından izləməsi təsadüfi deyil və Lavrov planına uyğun olaraq bölgəyə rus qoşunlarının yerləşdirilməsi də sadəcə kömək xarakteri daşımır.

Regionun qısa tarixi

Cənubi Qafqaz regionu qərbdən Avropanın mərkəzi hissəsi, şərqdən Asiya və cənubdan İranla həmsərhəddir və məhz buna görə də, əsrlər boyu bir çox ərazi dəyişikliklərinə məruz qalmışdır. Təkcə öz ölkəmiz belə fərqli dövrlərdə fərqli xalqların hakimiyyəti altında olmuşdur:

Azərbaycanın Rusiya İmperiyası və SSRİ-nin tərkibində olduğu dövrü ölkəmiz üçün zamanın durduğu bir dövr kimi təfsir etmək olar. Bu dövrdə Cənubi Qafqazın hər üç ölkəsi öz milli kimliklərini inkişaf etdirdikləri halda, Rusiya hökmdarları tərəfindən ərazilərin özbaşına (bəzən) yenidən bölünməsi, bu gün üzləşməli olduğumuz milli təhlükəsizlik problemlərinin təməlini qoymuş oldu. 19-cu əsrin sonlarında, Azərbaycan və Ermənistanın indiki əraziləri Bakı, İrəvan və Yelizavetpol “quberniyalarına” bölünmüşdü (xəritədə göstərilmişdir).

Mənbə: Audrey Altstadt, Azərbaycan Türkləri: Rus hakimiyyəti altında güc və kimlik, 1992, 2-ci Fəsil.

Bakı ilə İrəvan quberniyaları üzdən düzgün bölünmüş hissi yaratsa da, daha dərindən analiz etdikdə bu bölgüdə uyğunsuzluqların olması aşkar nəzərə çarpır. 1897-ci il siyahıyaalınmasına əsasən, İrəvan, Naxçıvan, Surmalinsk və Şərur-Daralaqev bölgələrində yaşayanların əksəriyyəti Azərbaycanlılar olsa da, bu ərazilər İrəvan quberniyasının tərkibində idi. Yelizavetpol quberniyasının tərkibindəki 8 şəhərdən yetdisində əsasən Azərbaycanlılar idi, buna baxmayaraq bu şəhərlər Bakı quberniyasına aid edilməmişdi.

Quberniyaların milli tərkibi, 1897 siyahıyaalması(Mənbə: Audrey Altstadt, Azərbaycan Türkləri: Rus hakimiyyəti altında güc və kimlik, 1992, 2-ci Fəsil.)

1940-cı ilə qədər əsasən Azərbaycanlıların yaşadığı Yelizavetpol quberniyası rəsmi olaraq Ermənistan SSR-ə birləşdirildiyi üçün Azərbaycan ərazisi yenidən kiçildi. (aşağıdakı xəritəyə baxın).

Mənbə: Карта Азербайджанской ССР, 1940 г., Q-map.ru.

Bu uyğunsuzluqlar nəticəsində yaranan gərginlik iki millət arasında əsrlər boyu davam edən anlaşılmazlığa, nifrətə və kinlərə səbəb oldu hansı ki, bu vəziyyət 1988-ci ildə başlayan və 1994-cü ildəki atəşkəs elan olunan Dağlıq Qarabağ müharibəsi zamanı pik həddə çatmışdı. Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən zəbt olunması, Azərbaycanın faiz nisbətinə görə ümumi əhalisinin böyük bir hissəsi məcburi köçkünlər olan ölkələrdən birinə çevrilməsinə gətirib çıxartdı. Sayı 600 mini keçən məcburi köçkünlər 1994-cü ildə ümumi əhalinin təxminən 8%-ni təmsil edirdi.

Münaqişə niyə hərb yolu ilə həll olunmur?

Ərazinin Azərbaycan torpağı olduğunu və ölkəmizin hərbi imkanlarının 1994-cü ildəkinə nəzərən çox daha yaxşı olduğunu deyə bilərik. Bəs niyə Dağlıq Qarabağı geri qaytarmırıq? Əliyev rejimi son 10 ildə ölkənin hərbi xərclərini artırmaq məsələsində olduqca qətiyyətli idi. Bununla belə, xüsusilə hazırki zamanda Ermənistanla müharibədən söhbət belə gedə bilməz. Ermənistan Rusiya ilə hərbi ittifaqda olduğu üçün, Ermənistana qarşı hərhansı bir aqressiya həm də Rusiyaya qarşı yönəlmiş bir aqressiya hesab ediləcək. Belə aqressiv yanaşma Azərbaycan üçün bir seçim ola bilməz çünki Azərbaycanın hərbi imkanları Rusiyanın hərbi imkanlarından dəfələrlə azdır və aralarındaki müqaviləyə əsasən Rusiya, Ermənistanı müdafiə etmək üçün öz hərbi qüvvələrini səfərbər etməlidir. Əlavə olaraq, əgər bölgədə müharibə baş versəydi, artıq ölkəmiz beynəlxalq sərmayələr üçün, xüsusən də neft və qaz sənayesi perspektivindən “təhlükəsiz bir cənnət” olaraq görülməzdi. Bu həqiqəti biznes və korrupsiya işlərindən başı çıxan hökumət məmurlarımız çox yaxşı bilirlər.

Bu region Rusiya, Türkiyə, AB, İran, Böyük Britaniya və ABŞ üçün strateji maraq doğurduğuna görə yeni bir hərbi münaqişə (De Waal, 2015), 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Balkanlarda olduğu kimi fərqli tərəflərə hərbi missiyalarını yerinə yetirmək üçün dəvətnamə rolunu oynaya bilər. Belə bir vəziyyətdə itirənlər yalnız Azərbaycan və Ermənistan olacaq.

Bu münaqişə, 1994-cü ildəki atəşkəsdən bəri hər iki tərəfin apardığı təxribatlarına baxmayaraq donmuş olaraq qaldı. Həm Azərbaycanın, həm də Ermənistanın siyasi rəhbərliyinin bu məsələdə güzəştə getməməsi hər iki ölkənin təhlükəsizliyi üçün ciddi təhlükə yaradır (Blahova, 2018). Bu arada, Minsk qrupu həm azərbaycanlı məcburi köçkünləri, həm də Dağlıq Qarabağdakı erməni əhalisini nəzərə alacaq şəkild bir sülh yolu tapmaqda kömək etmək yerinə səmərəli danışıqlar bazası yaratmağı bacarmadı.

General Süleymaninin öldürülməsi ilə ABŞ və İran arasındaki gərginliyin hazırda yüksək həddə qalxması bölgə üçün daha bir təhdiddir. Müharibələrini öz ərazilərindən kənarda aparmaq super dövlətlər üçün bir “ənənə” olduğundan, Azərbaycan çətin vəziyyətdədir, çünki Ermənistanla kiçik bir münaqişə belə baş versə bütün iştirakçı ölkələr (ABŞ, İran, Türkiyə, Rusiya) bundan Dağlıq Qarabağa “giriş bileti” kimi istifadə edilə bilərlər.

Həmçinin qeyd etmək istərdik ki, Azərbaycandakı məcburi köçkün probleminin ciddiyyəti müəyyən qədər göz ardı edilir. Azərbaycanlı məcburi köçkünlər münaqişənin həlli məsələsində öz sözlərini deyə bilməyiblər. Hökumətimiz məcburi köçkün problemini prioritet bir məsələ kimi təqdim etsə də, 2019-cu il etibarilə 344 000 insan hələ də qeyri-sabit vəziyyətdə yaşamağa davam edir(IDMC, 2019). 2008-ci ildə 600000 məcburi köçkünün əksəriyətinin “propiskası” yox idi və bu da onların böyük şəhərlərdə işləmək və yaşayış yerlərini seçmək imkanlarını məhdudlaşdırırdı (IDMC, 2009). Bu vəziyyət müəyyən dərəcədə münaqişənin ilk illərdə Azərbaycanın xeyrinə sürətli həll olunması ümidi ilə izah edilə bilər. Lakin, münaqişədən 25 il ötüb və artıq bu bəhanənin arxasına sığınmaq mümkün deyil.

Bu, qeyd olunan istiqamətdə heç bir addımın atılmaması demək deyil. Fakt budur ki, bir çox milli və beynəlxalq layihələr həyata keçirilib, lakin məcburi köçkünlərin prioritet bir məsələ olduğunu söyləmək, onların hazırki vəziyyətlərini nəzərə alınanda, dürüst bir bəyanat kimi səslənmir.

Bu donmuş münaqişədə qazanan kimdir?

Münaqişənin həllin prosesində üçüncü tərəf kimi çıxış edən Rusiyanın, müharibə vəziyyətində Ermənistanın tərəfində olmasına baxmayaraq Azərbaycana silah satması hamıya məlumdur. 2010-cu ildə S-300 hava hücumundan müdafiə sistemlərinin 2 batareyasının Azərbaycana satılması belə hərbi əməkdaşlığın ilk dalğası idi (Nicoll, Delaney, 2010). Eyni zamanda, Rusiya, 2016-cı ildəki dörd günlük aprel döyüşləri zamanı heçbir müdaxilə etmədi və danışıqlar zamanı Rusiyanın Azərbaycanın tərəfində ola biləcəyinə Azərbaycan elitasını inandırdı (Şiriyev, 2019b). Digər tərəfdən Ermənistandakı nüfuzunu qorumaq üçün Rusiya, silahlı qarşıdurmadan sonra Ermənistana böyük miqdarda silah tədarük etdi.

Rusiya son 10 il ərzində həm Azərbaycan, həm də Ermənistana silah tədarükü müttəfiqi və eyni zamanda hərbi məsləhətçi olmuşdur. Yeganə fərq odur ki, Rusiya Ermənistan ordusuna təlim verərkən, Azərbaycan əsgərləri bölgədəki digər “müttəfiq” olan Türkiyə ilə birlikdə təlimlərdə iştirak edir (İISS, 2019) hansı ki, Suriyadakı mövcud qarşıdurmalarda Rusiya ilə yaxın əlaqələrini nəzərə alsaq Türkiyənin müttəfiq olaraq qalması sual altındadır.

Azərbaycanın istəklərini tam təmin edən Lavrov Planı, Rusiyanın niyyətlərini əvvəllər olduğundan çox daha qabarıq şəkildə əks etdirir. Münaqişədən istifadə edərək “dağılmış imperiyanı təzədən inşa etmək”. Təklif olunan hərbi plan Rusiyanın bölgədəki gücünün təməlidir və Ermənistanın təhlükəsizlik zəmanəti olaraq qəbul edilməsini və Dağlıq Qarabağın və ətrafındakı işğal edilmiş bölgələrin geri qaytarılması üçün Azərbaycanın bu məsələyə kooperativ yanaşmasını tələb edir (Şiriyev, 2019b). Belə bir həll yolu əldə etmək üçün həm Azərbaycan, həm də Ermənistan əlbəttə ki, Rusiyanı öz tərəflərində saxlamalı və “Böyük Qardaşdan” iqtisadi və hərbi asılılıqlarını daha da gücləndirməli idilər. Rusiya öz hərbi qüvvələri yerləşdikdən sonra əldə etdiyi mövqe və gücdən istifadə edərək hər iki ölkənin siyasətinə öz maraqlarına uyğun olaraq təsir göstərə bilər.

Bu yeni bir görüş deyil və günahın rəsmi olaraq ermənilərin üstünə atılmasına baxmayaraq, görünür, Azərbaycan xalqı əsas günahı Rusiyaya və onun Ermənistana qarşı himayəçi davranışına yazır (Radnitz, 2019).

Nəticə

Bölgədəki rəqabətçi maraqları, hər iki tərəfdə artmağa başlayan milliyətçi düşüncələri və hələ də həll olunmağı gözləyən məcburi köçkün problemini nəzərə alsaq Dağlıq Qarabağ münaqişəsinin mürəkkəb bir məsələ olması aşikardır. Dəqiq olan budur ki, Azərbaycan öz xalqı və iqtisadiyyatı üçün stabilliyi, habelə Rusiyadan iqtisadi müstəqilliyini təmin etməli və eyni zamanda öz doğma torpaqlarına qayıtmaq istəyənlərin köçürülməsinə imkan verən qərar qəbul etməlidir. Lavrov planı bir həll yolu kimi görünə bilər, lakin bunun uzun müddətli perspektivdə həm Azərbaycan, həm də Ermənistan üçün zərərli olacağı qaçınılmazdır.

Biz inanırıq ki, Dağlıq Qarabağ məsələsinin həlli üçün öz maraqlarını müdafiə etməyi üstün tuta biləcək üçüncü tərəfləri (məs, Rusiyanı) dəvət etmək əvəzinə, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlməli və məsələni sülh yolu ilə həll etməlidirlər.

Müəllif: Kərtənkələ Press

Mənbələr:

Altstadt, A. (1992). Azerbaijani Turks: Power and Identity under Russian rule, Chapter 2.

Blahova, P. (2018). Nagorno-Karabakh: obstacles to the resolution of the frozen conflict. Asia Europe Journal (2019) 17:69–85.

De Waal, T. (2015).  The elusive search for resolution of the Nagorny Karabakh dispute. In “Frozen conflicts” in Europe. By Bebler, A. (2015).

IDMC, Internal Displacement Monitoring Centre. (2009). Global Overview of Trends and Developments in 2008. Available online:  http://www.internal-displacement.org/sites/default/files/publications/documents/2009-global-overview2008-global-en.pdf

IDMC, Internal Displacement Monitoring Centre. (2019). Global Report on Internal Displacement. Available online:  http://www.internal-displacement.org/global-report/grid2019/

IISS. International Institute for Strategic Studies. (2019). The Military Balance. Chapter Five: Russia and Eurasia, 119:1, 166-221.

Nicoll, A., Delaney, J. (2010). Moscow plays both sides on Nagorno-Karabakh. IISS Strategic Comments.

Radnitz, S. (2019). Reinterpreting the enemy: Geopolitical beliefs and the attribution of blame in the Nagorno-Karabakh conflict. Political Geography 70 (2019) 64–73.

Şiriyev, Z. (2019). Old Conflict, New Armenia: The View from Baku. ISPI. Available online: https://www.ispionline.it/it/pubblicazione/old-conflict-new-armenia-view-baku-22206

Shiriyev, Z. (2019b). Azerbaijan’s Relations with Russia: Closer by Default?. Chatham House.

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching