Oxuduğunuz məqalə

“Qarabağ düyününü” “baltalamaq” mümkündürmü?

 

Bu yazını paylaşın:

JAMNews

“No War!” — “Müharibəyə yox!”. Sosial şəbəkələrin bir çox azərbaycanlı və erməni istifadəçiləri profil şəkillərinə  bu cür çərçivə əlavə ediblər.

Bu, yeni dəbli trenddir. Əlbəttə, təqdirəlayiqdir. Müharibə pisdir. Müharibə gənclərin ölməsi, ağrı, məhrumiyyətlərdir. Dünyaya sülh.

Yalnız Ermənistan və Azərbaycanda yox, dünyanın hər yerində “müharibə həll yolu deyil”, “münaqişənin hərbi yolla həlli yoxdur, ola da bilməz” məzmunlu deyimlər eşitmək və oxumaq mümkündür. Bu, inandırıcı səslənir.

Həqiqətən də münaqişəni danışıqlar yolu ilə həll etmək mümkündürsə, niyə müharibə edəsən? BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, ATƏT-in Minsk Qrupunun timsalında vasitəçilər var, Madrid prinsipləri var.

Əgər bütün tərəflər “müharibənin pis olduğu” ilə razılaşırsa və sözdə Madrid prinsiplərini qəbul etməyə hazırdırsa, niyə indiyə qədər sülh müqaviləsini imzalamaq mümkün olmayıb?

Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı xəbərlər və reportajlar. Döyüşlərin 11-ci günü

Mənim subyektiv fikrim: erməni tərəfi birinci Qarabağ müharibəsinin “hərbi nəticələrini” və öz uğurlarını yanlış dəyərləndirib.

Yeri gəlmişkən, bununla Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da razıdır. O, 1997-ci ildə “Müharibə, yoxsa sülh? Artıq ciddiləşmək vaxtıdır” məqaləsini yazıb.

Digər məqamlardan əlavə məqalədə deyilir: “Biz müharibəni yox, sadəcə döyüşü qazanmışıq” və o, uğurları möhkəmləndirmək üçün güzəştləri nəzərdən keçirməyi təklif edirdi.

Amma bu məqalə Ter-Petrosyana prezidentlik kürsüsü bahasına başa gəldi.

Rusiyalı həmsədr Vladimir Kazimirovun dediyi kimi münaqişəsinin “hərbi nəticələri” ifadəsinin özü və ya “güllələrlə səsvermə” ifadəsi bu “nəticələrə” yenidən baxılmasını və ya “güllələrlə səsvermənin” ikinci turunu nəzərdə tutur, axı Azərbaycan kapitulyasiya aktı imzalamayıb.

Heç atəşkəs sazişini də imzalamayıb, məşhur “Bişkek protokolunda” Azərbaycanın imzası yoxdur. (Daha sonra Moskva ilə faks mübadiləsi olub, amma hüquqi öhdəlikli saziş elə də ərsəyə gəlməyib).

Əgər sülh yolu ilə həll ədalətli olmasa da, qarşılıqlı məqbuldursa, bu, sülh deyil, uzun və ya qısa müddətli atəşkəsdir.

Tarix belə nüminələrlə doludur. Məsələn, Birinci Balkan Müharibəsi və ya daha inandırıcı nümunə – Birinci Dünya Müharibəsi.

Birinci Qarabağ müharibəsinin müvəqqəti nəticələrini Azərbaycanda mütləq əksəriyyət ədalətsiz hesab edir, bu cür ruhlanmanın və gözlənilən milli birliyin, hətta kəskin rəqabətdə olan siyasi partiyalar arasında belə həmrəyliyin səbəbi də budur.

Birinci Qarabağ müharibəsinin ədalətsiz nəticələrinin yenidən nəzərdən keçirilməsinin “baş məşqi” 2016-cı ildə keçirildi.

Artıq o zaman Azərbaycan “Cənubi Qafqazın ən güclü ordusunun” məğlubedilməzliyi haqda mifi sındıra bildi, düzdür, böyük itkilər bahasına.

Təəssüf ki, Ermənistan rəhbərliyinin 1994-cü il ritorikasından imtina etməyin vacibliyini qəbul etsi üçün bu, yetərli olmadı. Ermənistanın yeni hakimiyyəti üstəlik danışıqların formatını da dəyişmək istədi.

Baş nazir Paşinyan əvvəlcə dedi ki, Dağlıq Qarabağ danışıqlarda ayrıca tərəf olmalıdır, sonra isə bildirdi ki, “Artsax Ermənistandır və nöqtə”.

Bakıda bu məntiq anlaşılmadı və bəyənilmədi.

Qarabağda cəbhə boyunca qanlı döyüşlər davam edir. Hər iki tərəf dinc sakinlərin atəşə tutulduğunu bəyan edir.

Azərbaycan cəbhənin cənub istiqamətində xeyli irəlilədiyini və şimalda strateji yüksəkliklərin ələ keçirdiyini bildirir.

Görünən odur ki, ikinci Qarabağ müharibəsi getdikcə daha çox “tükənmə müharibəsinə” çevrilir. Tərəflərdən heç biri qarşılıqlı güzəşt yolunda ilk addımı atmağa hazır deyil.

Bu böhrandan çıxış yolu ilə bağlı öz görüşümü ifadə etmək riskini alacam.

Hər şeydən əvvəl hər iki tərəf razılaşmalıdır ki, hərbi yol həll yolu deyil. Yaxud böyük fəsadlara səbəb ola biləcək müvəqqəti həll yoludur.

Azərbaycanlı müəllif kimi mən bunu Ermənistan rəhbərliyindən eşitmək, onların birinci Qarabağ müharibəsinin “hərbi nəticələrinə” və “güllə ilə səsverməyə” istinad etməkdən vaz keçdiyini görmək istəyirəm.

Bu halda həmin “nəticələri” dəyişmək meyli də olmayacaq.

İkincisi, hər iki tərəfdən “xoş niyyət” jestlərinə böyük ehtiyac var.

Ermənistan tərəfi Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərə iddialı olmadığını bəyan edə və bu ərazilərdən qoşunları mərhələli şəkildə çıxarmağa razılaşa bilər.

Onsuz da orada erməni əhalisi yaşamayıb və bu ərazilər hazırda tamam boşdur. Bu ərazilərin saxlanmasına böyük məbləğlər xərclənir.

Azərbaycan tərəfi Qarabağ erməniləri ilə birbaşa danışıqlara hazır olduğunu bildirə, nəqliyyat və enerji kommunikasiyasını bərpa edə bilər.

Azərbaycan özü də bunda maraqlıdır, çünki Naxçıvan Muxtar Respublikası Azərbaycanın “materik” hissəsindən Dağlıq Qarabağın cənubuna doğru üç rayonla və Ermənistan ərazisi ilə ayrılıb.

Ən əsası isə Azərbaycan və Ermənistan rəhbərlikləri qeyri-populyar qərarlar vermək üçün özlərində siyasi iradə tapa bilərdi.

İstənilən güzəşt cəmiyyətdə kəskin qarşılanacaq. Yenə də azərbaycanlı müəllif kimi mənə elə gəlir ki, Nikol Paşinyanın vəziyyəti daha çətindir. Ona həm daxildən, həm də xaricdən təzyiq göstərilir.

Proqnozum ümidverici deyil: tükənmə müharibəsi hələ uzun çəkəcək.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching