Oxuduğunuz məqalə

Politoloq: “Rusiya istəyir ki, döyüşlər başlasın”

 

Bu yazını paylaşın:

Abzas

Bir neçə aydır Azərbaycan – Ermənistan sərhəddində ciddi hərbi hərəkətlilik var. İyul ayında bir neçə günlük döyüş əməliyyatları da oldu. Bütün bunların fonunda Azərbaycan prezidenti bu günlərdə çıxışında bildirdi ki, Ermənistan danışıqlardan çəkilib. Prezident dedi ki, cəbhə xəttində və Azərbaycan sərhəddində Ermənistan təxribatlara əl atıb. Azərbaycan Müdafiə Nazirliyi isə 20 sentyabrdan etibarən ehtiyatda olan hərbi vəzifəliləri hərbi təlimlərə cəlb etmək üçün onlara çağırış göndərib.

Bəs görəsən, bütün bunlar nədən xəbər verir? Azərbaycan – Ermənistan arasında müharibə başlaya bilərmi? Məsələ ilə bağlı politoloqların fikirlərini öyrəndik.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə Abzas-a açıqlamasında bildirib ki, bəzi xırda detallar və xəbərlər onu deməyə əsas verir ki, hansısa hərbi əməliyyatlara hazırlıq gedir və ordumuz hərəkətə keçə bilər.

Hikmət Hacızadə

“Ermənistan status-kvonu qoruyub saxlamağa çalışır”

Onun sözlərinə görə, ehtiyyatda olan hərbi vəzifəlilər təkmilləşmə kurslarına çağrılır, Türkiyə rəsmiləri ciddi bəyanatlar verir, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir, bütün bunlar göstərir ki, nəsə ola bilər.

“Onu deyə bilmərəm ki, effektiv olacaq, ya yox. Ancaq bu əməliyyatların həcmi əvvəlkilərdən geniş ola bilər. Ermənistan status-kvonu qoruyub saxlamağa çalışır, bu da Azərbaycanın maraqlarına xidmət etmir. 30 illik Ermənistan – Rusiya hərbi müttəfiqliyi var idi, artıq Türkiyə də Azərbaycanın arxasında görünməyə başlayıb. Bu yaxşı haldır. İllərlə tək qalmışdıq, artıq bu dəyişir. İnşallah bu da öz müsbət təsirini göstərəcək”, – deyə politoloq Hikmət Hacızadə bildirib.

Politoloq Zərdüşt Əlizadə isə müharibənin indiki məqamda real olmadığını bildirir. Onun sözlərinə görə, Azərbaycan üçün ciddi təhlükələr var.

Zərdüşt Əlizadə

“Müharibəni başlatmaq asandır, amma sonra nə baş verəcəyini heç kəs bilmir”

“Mən düşünmürəm indiki məqamda müharibə olsun. Müharibəni başlatmaq asandır, amma heç kəs öncədən bilmir ki, sonra nə baş verəcək. Azərbaycan üçün ciddi təhlükələr var. Azərbaycanın beynəlxalq imici yaxşı deyil, Ermənistan isə baxmayaraq ki, tamam əksidir, amma dünyaya özünü əziyyət çəkən, təqib altında olan ölkə kimi təqdim edə bilib.

Bütün bunların fonunda, Azərbaycan artıq uzun illərdir özünü anti-demokratik ölkə kimi göstərib. Dünyada əsas rəy sahibləri, beynəlxalq media, beynəlxalq təşkilatlar biz haqlı olsaq da, bizim tərəfimizdə olmayacaqlar. İnformasiya müharibəsində tam qalib gələ bilməyəcəyik”, – deyə politoloq bildirib.

Zərdüşt Əlizadə deyir ki, bütün bunlarla yanaşı, Qərbin və Rusiyanın regionda maraqları var və hər ikisi Ermənistan kartından istifadə edirlər.

“Bu gərginlik Rusiyanın maraqlarına xidmət edir”

Onun sözlərinə görə, Türkiyənin bu məsələdə Azərbaycanı dəstəkləməsi müsbət hal olsa da, Türkiyə Azərbaycana görə dünya ilə, Rusiya ilə münasibətləri korlamaz. Bu məsələdə əsas yük Azərbaycanın öz üzərinə düşəcək.

“Ümumilikdə isə bu gərginlik Rusiyanın maraqlarına xidmət edir. Gərginliyi Ermənistan başladıb və bunu Rusiyanın təhriki ilə edib. Tovuz hadisələri də bu qəbildəndir. Rusiya müharibəyə əl verir və istəyir ki, döyüşlər başlasın, bunun nəticəsində də Cənubi Qafqaza nəzarəti güclənsin”, – deyə politoloq Zərdüşt Əlizadə bildirib.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching