Oxuduğunuz məqalə

Pakistan və Azərbaycan: qarşılıqlı-faydalı münasibətlərin möhkəmləndirilməsi

 

Bu yazını paylaşın:

Müəllif: Shahid Hussain, 19 May 2020, The Diplomat

Tərcüməçi: Kərtənkələ Press

Azərbaycan və Pakistan arasında davamlı diplomatik əlaqələr mövcuddur, lakin münasibətlərin davam etməsi üçün keçilməsi lazım olan bir sıra çətinliklər vardır.

16-cı əsrdə qitənin böyük bir hissəsinə hakimlik edən Böyük Moğol imperatoru Humayun Osmanlı sultanı Sultan Süleyman Qanuniyə məktub yazaraq onun ordusunu, ədəbi və dini nailiyyətlərini mədh etmişdi. Humayun, həmçinin, Gürcüstandan Ərəb dənizinə qədər əraziyə hökmranlıq edən İran sülaləsi olan Səfəvilər imperiyası ilə də sıx əlaqələr  qurmuşdu. Təəccüblü deyil ki, bu imperiyaların varisləri olan Azərbaycan və Pakistan arasında da möhkəm diplomatik münasibətlər davam edir.

Bu ay pakistanlı həmkarına telefon zəngi edən Azərbaycan prezidenti İlham Əliyev Hindistanın Kəşmirdə yol verdiyi insan hüquqları pozuntularından dərin narahatlıq hissi keçirdiyini bildirmiş, qeyd etmişdir ki, Azərbaycan Pakistanı yaxın dost sayır və hər məsələdə Pakistanı dəstəkləyəcəkdir. Pakistan da Əliyevin şərhinin qarşılığında Azərbaycanla Ermənistan arasında Cənubi Qafqazda yerləşən Dağlıq Qarabağ ərazisi üstündə uzun müddət davam edən münaqişədə İslamabadın Bakını dəstəklədiyini bildirmişdir.

Liderlər, həmçinin koronavirus pandemiyasını da müzakirə etmiş, bundan dərhal sonra Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə İslamabaddakı tibbi mərkəzə baş çəkmişdir. Fotolarda Əlizadənin mərkəzə tibbi maskalar, qida bağlamaları və digər tibbi ləvazimatlar ianə etdiyi görünür. İanə kiçik də olsa, çatdırılan mesaj, məqam, Əliyevin bəyanatı və Əlizadənin təşəbbüsü bir daha aydın sübut edir ki, Azərbaycan keçmiş Sovet ölkələri arasında Pakistanın ən yaxın tərəfdaşlarından biri və bəlkə də ən sadiq tərəfdaşıdır. Yaxın münasibət iki dövlət arasında qarşılıqlı-faydalı təcrübə əsasında inkişaf etmişdir.

İki ölkə arasında təəccüb doğuracaq qədər oxşarlıqlar mövcuddur. Hər iki xalqın qədim fars imperiyaları, türk əsilli Teymurilər və iran əsilli Səfəvi imperiyaları tərkibində fars-türk tarixli keçmişi olmasından əlavə, bənzər mədəni, dini və geosiyasi baxışları vardır. Bakı Dövlət Universitetinin tərkibində azərbaycanlı tələbələrə Pakistanın milli dili olan urdu dilini öyrədən bölmə fəaliyyət göstərir, Pakistanda isə bu yaxınlarda onlayn Azərbaycan xəbər agentliyi açılmışdır. Hər iki ölkənin əhalisinin böyük əksəriyyəti müsəlmandır. Həmçinin, Pakistanın Əfqanıstanla qonşuluğu, Azərbaycanın da şimaldan Dağıstanla giriş-çıxışlı sərhədindən dolayı İslamabad və Bakının öz ərazilərində məzhəblər arası iğtişaş və radikal islamın yayılması ilə bağlı haqlı narahatlıqları vardır.

Geosiyasi baxışların bənzərliyi bununla izah oluna bilər. Hər iki ölkə xüsusilə də Suriya və Yaxın Şərqdəki digər regional münaqişələrə qoşulmaqdan çəkinmişdir. Bundan əlavə, qərbdə Bəşər Əsədə qarşı olan Türkiyə ilə şimalda Əsədi dəstəkləyən Rusiya arasında qalmış Bakı Suriya məsələsində ehtiyatlı balanslaşdırma siyasəti aparmaq məcburiyyətindədir. Türkiyənin Ermənistanla öz münaqişəsinin olması və daha sonra Dağlıq Qarabağ mövzusunda Azərbaycanı dəstəkləməsinin Bakının Ankarayla yaxın münasibətlərində xüsusi yeri vardır. Lakin Bakı Rusiyanı diqqətdən kənarda qoya bilməz; Bakının Moskva ilə ticarət dövriyyəsi 2019-cu ilin ilk yeddi ayında 23%-ə yaxın artmışdır. Elə bu ay Azərbaycan prezidenti Azərbaycan-Rusiya əlaqələrindən, keçmiş Sovet İttifaqı dövlətləri arasında Böyük Vətən Müharibəsi kimi tanınan İkinci Dünya Müharibəsində hər iki dövlətin verdiyi qurbanlardan fəxrlə söhbət açmışdır. Pakistanın Suriyada və ümumiyyətlə regionda fərqli məqsədləri olan Səudiyyə Ərəbistanı ilə İran arasında yerləşməsi də onun Suriya ilə bağlı siyasətini Azərbaycanınkına oxşadır.

Prezident Əliyevin bəyanatından da aydın olduğu kimi, Pakistan və Azərbaycan arasında ikitərfli möhkəm münasibətlər mövcuddur. Bəs bu münasibətlərin davamı hansı şəkildə olacaq? Sıx münasibətlər daha da möhkəmlənə bilərmi? Bu istiqamətdə perspektiv vəd edən sahələrdən biri hərbi sahədir. 2018-ci ildə Pakistan Hərbi Qüvvələrinin heyəti hərbi və müdafiə sahəsində əməkdaşlıq təklif etmiş, Bakı da öz növbəsində Pakistanın yeni JF-17 qırıcılarını almağa maraq göstərmişdi. JF-17 Pakistan və Çin arasında birgə müəssisə tərəfindən istehsal olunub. Bakının JF-17-yə marağı həm də Azərbaycanın Pakistanla ikitərəfli münasibətindən faydalanaraq Pakistanın hərtərəfli müttəfiqi olan Pekinlə də münasibətləri möhkəmlətmək istəyi ilə izah oluna bilər ki, bu da Azərbaycan-Pakistan münasibətlərinin daha bir üstünlük vəd edən cəhəti sayıla bilər.

Ötən ilin sonunda Azərbaycanın baş nazir müavini Şahin Mustafayev Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini bəyan etmiş, Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolunun Çin və Avropa arasında yükdaşınmaların təhlükəsiz şəkildə həyata keçirilməsinə töhvə verə biləcəyini qeyd etmişdi. “Bir kəmər, bir yol” layihəsində Pakistan da əsas iştirakçılardan biridir və Bakı ilə Pekin arasında yaxın diplomatik əlaqələrin təmin edilməsində mühüm rola malikdir. Pakistan, həmçinin, Azərbaycana bir sıra əhəmiyyətli regional qurumlara, o cümlədən, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaqda kömək edə bilər. Əvəzində Azərbaycanın Pakistana sabit dəstəyi İmran Xanın hökuməti üçün böyük əhəmiyyətə malikdir və rəsmi Bakının Kəşmir məsələsini gündəmdə saxlaması rəsmi İslamabad üçün uğurlu piar olardı.

Pakistanın Avrasiyada digər müttəfiqi Türkiyə də rəsmi İslamabada dəstək nümayiş etdirir. Koronavirus epidemiyasından az öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, onun üçün Türkiyə İstiqlaliyyət Müharibəsi ilə Kəşmirdəki indiki vəziyyət arasında heç bir fərq yoxdur. Türkiyə Pakistanın mühüm müttəfiqidir və İslamabadın Ankaranın uzunmüddətli müttəfiqi olan Bakı ilə əlaqələri Pakistan-Türkiyə-Azərbaycan münasibətlərini yalnız gücləndirə bilər.

Lakin bütün ümumi məqsədlərə, xoş sözlərə və “qardaşlıq sevgisinə” baxmayaraq, bu da danılmaz həqiqətdir ki, iki ölkə arasındakı münasibətlərdə bir neçə əngəl vardır.  Bu yaxınlarda Azərbaycanın iş adamları Hindistanla iqtisadi əlaqələri genişləndirmək arzusunda olduqlarını dilə gətirdilər. Onların sözlərinə görə, Azərbaycanın sənaye parkları Hindistan şirkətləri ilə sıx iş birliyi qurmaqla Yeni Deliyə kənd təsərrüfatı, dərman və dəri sənayesində iqtisadi nüfuzunu artırmağa kömək edə bilərlər. Onu da qeyd etmək yerinə düşər ki, mədəni və geosiyasi sferadakı ümumi maraqlarına baxmayaraq, Pakistan və Azərbaycan arasında birbaşa uçuşlar yoxdur. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı və Pakistanın liman şəhəri olan Karaçi arasında vaxtilə birbaşa uçuşlar həyata keçirirdi, lakin 2000-ci illərin ortalarında bu uçuşlar dayandırıldı. Hindistanın paytaxtı Yeni Deliyə isə, İslamabadda müəyyən suallar oyada biləcəyinə rəğmən, 2019-cu ildə AZAL-ın yeni reysi açılmışdır.

Əsrlərin sınağından çıxmış bir deyim vardır: sevdanı pul kəsər. Şübhəsiz, dünyanın beşinci ən böyük iqtisadiyyatına malik olan Hindistanın Azərbaycan üçün əhəmiyyəti böyükdür. 2018-ci ildə Bakının Yeni Deli ilə ticarət dövriyyəsi 922 milyon ABŞ dolları civarında olub; Pakistanla ticarət dövriyyəsi isə cəmi 10 milyon ABŞ dolları təşkil etmişdir və bu disbalansın yaxın zamanlarda düzələcəyi də gözlənilmir. Azərbaycan və Pakistan arasında ikitərəfli ticarət əlaqələri, həmçinin, iki ölkənin indiki münasibətlərinin əsl gücünü sual altına qoyur. Lakin hər iki ölkənin ərazi bütövlüyü məsələlərində bir-birini dəstəkləməsi, oxşar geosiyasi maraqlardan çıxış etməsi və qarşılıqlı münasibətlərə töhvə verə biləcək potensiala malik olması keçmiş Sovet ölkələri arasında Azərbaycanın hələ yaxın gələcəkdə də Pakistanın ən sadiq müttəfiqlərindən biri olaraq qalacağından xəbər verir.

Şahid Hüseyn bakalavr və magistr təhsilini London Universitet Kollecində (UCL) almışdır və həmin universitetdə Erkən Müasir diplomatiya mövzusunda  elmlər doktoru (PhD) dərəcəsinə yiyələnəcəkdir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching