Oxuduğunuz məqalə

Niyə eskalasiya Qarabağda yox, Azərbaycan-Ermənistan sərhədində baş verib? Bu, kimə lazım idi?

 

Bu yazını paylaşın:

JAM News

Cənubi Qafqaz politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə ilə Azərbaycan və Ermənistan sərhədində iyulun 12-dən başlayan eskalasiyadan danışdıq. O, hesab edir ki, Ermənistan KTMT-ə yardım üçün müraciət edə bilməkdən ötrü Azərbaycanı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa təhrik etməyə çalışıb. Eyni zamanda da öz cəmiyyətinin diqqətini daxili problemlərdən yayındırmaq istəyib.

Sərhəddə vəziyyətin gərginləşməsi nəyə lazım idi?

– Baxın, indiyə qədər Ermənistan cəmiyyətində daha çox daxili məsələlər müzakirə olunurdu, pandemiya ilə bağlı və ondan irəli gələn məsələlər daha çox gündəmdə idi, indi bunlarla yanaşı hərbi vəziyyət də müzakirə olunur.

Daha da mürəkkəbləşib vəziyyət, tənqidi fikirlər də çoxalıb. Ermənistan hakimiyyəti istəyirdi ki, cəmiyyətin diqqətini yayındırsın, amma buna nail olmadı, əlavə problemlərlə üzləşib.

Ermənistan tərəfi Azərbaycanla müqayisədə itkilərini açıqlamır, ya da çox gec məlumat verir bu barədə. Əgər itkilərin sayı çoxdursa, bunu nə qədər müddət gizləmək olar?

– Təcrübə göstərir ki, bunu hissə-hissə açıqlamaqla, hakimiyyət cəmiyyəti hazırlamaq istəyir. Mülahizələr var ki, müxtəlif ictimai təşkilatlar soruşurlar ki, nə üçün valideynlər uşaqlarla [əsgərlərlə – JAMnews] müntəzəm əlaqə yarada bilmirlər? Difər tərəfdən də, erməni tərəfi iddia edir ki, onlarda ölüm sayı çox deyil və Azərbaycan tərəfi onların ölü sayını qəsdən şişirdir. Amma əməliyyatların miqyasına, zərbələrin təsirinə baxanda mən düşünmürəm ki, tələfat sayı 2-3 nəfərlə yekunlaşıb.

Azərbaycan tərəfi ölənlərin və yaralananların sayını açıqlayır. Aprel döyüşlərindən sonra olduğu kimi, Ermənistanda rəqəmlər tədricən açıqlanacaq. Hətta Paşinyan hakimiyyətindən sonra Xaçaturov və digərləri ilə bağlı cinayət işində bu faktlar üzə çıxmağa başladı. Köhnə iqtidar bunu edirdisə, hansı əsasla deyə bilərik ki, yeni iqtidar bunu eləmir.

Bu dəfə vəziyyət sərhəddə gərginləşdi, yəni Qarabağdan uzaq olan ərazidə. Burada hansı məntiqi axtara bilərik?

– Gərginliyin coğrafiyası artır. Biz bilirik ki, ara-sıra həm Qazax, həm Tovuz, həm də Gədəbəy istiqamətində atışmalar olur. Şiddətin coğrafiyasının genişlənməsi ilə yanaşı, münaqişənin mahiyyətində də dəyişikliklər baş verir. Dağlıq Qarabağ münaqişəsindən söhbət açanda, biz, işğal olunmuş əraziləri, ətraf rayonları nəzərdə tuturduq.

Naxçıvan, Tovuz, Qazax istiqamətindəki hadisələrə isə əlavə proseslər kimi baxırdıq. İndi görürük ki, şiddət ölkələrin sərhədi və cəbhə xətti boyunca davam edir. Belə vəziyyət 92-93-cü illərdə yaşanıb, atəşkəsdən sonra belə bir hal olmayıb. Struktur baxımından ATƏT-in Minsk Qrupu cəbhə bölgəsinə nəzarət edir.

Xüsusi nümayəndə Anjey Kasprşik də cəbhə xəttində gedən proseslərə nəzarət edir, sərhədə yox. İndiki hal isə Minsk Qrupunun bilavasitə nəzarət etdiyi sahələrdən kənara çıxır.

Ermənistan tərəfi yaşayış məntəqələrini və hərbçiləri atəşə tutaraq, Azərbaycan tərəfini sanki əks-hücuma çağırır. Bu isə o deməkdir ki, Azərbaycan tərəfi Ermənistana əks zərbələr endirməli olur. Bu məsələyə KTMT [Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – JAMnews] cəlb oluna bilərdi ki, onun da nizamnaməsinin 5-ci bəndinə görə, Ermənistana dəstək verilməlidir.

KTMT isə ümumiyyətlə məsələyə baxmadı. KTMT-nin əsas orqanı dövlət başçıları şurasıdır, çox güman ki, bu tədbirin keçirilməsinə gərək duymadılar. Əslində, bununla göstərdilər ki, problemdən xəbərdardırlar, mahiyyət etibarı ilə nə baş verdiyini bilirlər və burada KTMT-nin qarışacağı bir şey yoxdur.

Sizin analizdən iki məsələni başa düşdüm ki, münaqişənin sərhəddə baş verməsi, 1) ATƏT-in Minsk Qrupunun mandatından kənar yerdir, 2) KTMT-ni prosesə qatmaq. Sizcə, yalnız iki faktordurmu?

– Bunlar üzdə olan faktorlardır. Başqa faktorlar da ola bilər, məsələn, daxili məsələlərdən fikirləri yayındırmaq. Ermənistan tərəfi Azərbaycanı hər zaman təcavüzkar kimi təqdim edir. Digər ölkələr də görürlər ki, münaqişə Azərbaycanın ərazisində gedir, burada təcavüzkar Azərbaycan ola bilməz. Amma Azərbaycanın cavab atəşini qarşı tərəf özünə qarşı təcavüz kimi başqa ölkələrə göstərə bilər.

Elmar Məmmədyarov XİN rəhbəri vəzifəsindən azad olundu, yeni nazir təyin olundu, həm də belə bir gündə. Hər zaman cəbhə xəttində, qoşunların təmas xəttində gərginlik başa çatdıqdan sonra, diplomatiya araya girir. Azərbaycan xarici siyasət kursu yeni nazirlə nə dərəcədə effektiv və perspektivli olacaq?

– Azərbaycanın xarici siyasət kursunu prezident müəyyənləşdirir, nazir bu kursu həyata keçirən fiqurdur. Son vaxtlar prezidentin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev də müəyyən dərəcədə bu kursun həyata keçirilməsində fəal rol oynayır. Yeni nazir təcrübəsizdir, diplomat deyil, yəqin ki, bu sistem nəticəsində belə bir fəaliyyətin şahidi olacağıq: prezident, onun köməkçisi və nazir.

Azərbaycandakı əhval-ruhiyyədən danışaq. Ermənistandakı daxili və xarici amilləri qeyd etdiniz.

– Cəmiyyətdə ümumi vəziyyətdən narazılıq, qəzəb hissi yükəkdir. Yaş kateqoriyasına baxsaq, bunların arasında gənclər və orta yaşlı insanlar üstünlük təşkil edir. “Biz niyə müharibəni başlamırıq”, “Biz niyə əks-hücuma keçmirik” kimi suallar var. Əslində, Ermənistan bunu gözləyir, yəni Azərbaycanın cavabı provokasiyaların tərkib hissəsi kimi görünə bilər.

Azərbaycan onların istədiyi kimi cavab versə, o zaman KTMT-nin də iclası reallaşa bilərdi, ölkəmizə təzyiqlər də ola bilərdi. Mən düşünürəm ki, Azərbaycanın əks-hücum planı var və onları biz istədiyimiz vaxt edəcəyik. Problem də budur ki, bunu cəmiyyətə izah etmək çətindir, çünki emosional gərginlik yaşanır.

Müharibə Qarabağda, ətraf rayonlarda gedir. Müharibə artıq sərhədə daşındı. Bütün bunların sonunda sülh perspektivi nə dərəcədə realdır?

– Qarşı tərəf də başa düşməlidir ki, sülh, torpaqların qaytarılmasından keçir. Yeni bir şey yoxdur burada. Həmsədrlər də deyib bunu, hətta o vaxt ABŞ səfiri də demişdi ki, bu (erməni – JAMnews) cəmiyyəti ilə kimsə bu barədə danışmır ki, torpaqları qaytarmaq lazım olacaq. Digər məsələ isə, azərbaycanlı və erməni icmasının birgə yaşayışıdır.

Bu yaşayış necə qurulacaq? Bunlar, aktual məsələlərdir. Münaqişənin sonu bununla nəticələnməlidir. Hansı statusda, hansı vəziyyətdə, bunlar özləri müəyyən etməlidir. İcmalar özləri müzakirə etməlidirlər və bir nəticəyə gəlməlidirlər.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching