Oxuduğunuz məqalə

Naxçıvana gedən koridor Tehranı narahat edir: İran mövqeyini itirə bilər

 

Bu yazını paylaşın:

Abzas

Dağlıq Qarabağda erməni qüvvələrinə qarşı qələbə ilə başa çatan altı həftəlik müharibədən sonra Azərbaycan indi İran sərhədindəki bütün ərazilərinə nəzarət edir.

Üstəlik, Ermənistanla imzaladığı anlaşma sayəsində Türkiyə ilə sərhədə malik olan Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında Ermənistan üzərindən quru koridorun qurulması da nəzərdə tutulub.

Bu dəhliz İranın şimalındakı azərbaycanlılar tərəfindən sevinclə qarşılansa da, Tehranda narahatlıq doğurdu.

Bunun səbəbi Azərbaycanla Naxçıvan arasında ticarətin 30 ildir İran üzərindən aparılmasıdır.

Bunun sayəsində İran həm Azərbaycan üzərində siyasi təsirə sahib olur, həm də bu ticarətdən pul qazanırdı.

İranın enerji riskləri

İranda yayımlanan mühafizəkar Maşrek veb saytına görə, dəhlizin İrana bir çox mənfi geosiyasi təsiri olacaq.

“Maşrek” həmin təsirləri təhlil edərək aşağdakı altı başlıqla təsnifat verib:

  • Azərbaycan İran üzərindən Naxçıvana göndərdiyi qazın 15 faizini tranzit haqqı qismində İrana ödəyirdi.
  • Türkiyə ilə İran arasında 1996-cı ildə qaz satışına dair bir anlaşma imzalanmışdı. Həmin anlaşma əsasında Türkiyə illərdir İrandan bahalı qaz alırdı. Türkiyə İrana min kubmetr qaz üçün 490 dollar ödədiyi halda, Azərbaycan qazını 335 dollara ala bilər. Əgər bu koridor üzərindən Azərbaycandan Türkiyəyə bir qaz xətti çəkilərsə, İranın qaz gəlirindən itkisi böyük ola bilər.
  • Türkmənistandan İran üzərindən keçərək Türkiyəyə çəkilməsi planlaşdırılmış qaz boru kəməri layihəsi 2017-ci ildə maliyyə məsələsində fikir ayrılıqları səbəbindən dondurulmuşdu. İndi isə Türkmənistan artıq bu qazı Azərbaycan üzərindən də Türkiyəyə çatdıra bilər.
  • İranın Ermənistana boru kəmərinin əhəmiyyəti də azalıb.
  • ABŞ-ın dəstəklədiyi Transxəzər boru kəməri layihəsi yenidən gündəmə gələ bilər. Türkmənistan paytaxtı Türkmənbaşıdan Azərbaycana uzanacaq bu boru xətti Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı mövcud boru xətləri üzərindən Avropaya istiqamətləndirilə bilər.
  • İrandan Avropaya qaz nəqlini nəzərdə tutan boru kəməri layihəsi qarşısında daha çox əngəl ortaya çıxacaq.

İran mətbuatında Türkiyə, Azərbaycan və İsrail tərəfindən Ermənistanın İranla sərhəddəki ərazilərini işğal edilməsi planlaşdırıldığı, lakin İranın bölgədə varlığı səbəbiylə bu planın gerçəkləşmədiyi və bunun əvəzinə dəhliz variantına qayıdıldığı qeyd edilir.

Türkiyə ilə Orta Asiya arasındakı ticarət marşrutu dəyişə bilər

İran hazırda Türkiyədən Orta Asiyaya uzanan quruyol ticarətinə nəzarət etmək imkanındadır.

İran Yol və Nəqliyyat Nazirliyinin 2020-ci ilə aid məlumatlarına görə, bu il koronavirus pandemiyasının ticarət əlaqələrinə təsir etməsinə baxmayaraq, hər ay Türkiyənin 12 minə yaxın yük maşını İran-Türkiyə sərhədini keçir və onun əhhəmiyyətli bir hissəsi türk respublikaları və Əfqanıstana yollanır.

Bu ticarət İran üçün çox sərfəlidir. Türkiyə sərhədindən İran ərazisinə daxil olub Türkmənistan sərhədinədək gedən hər bir yük maşını 1800 kilometrlik yol üçün İrana 700-800 dollar məbləğində keçid haqqı ödəyir. Ermənistanda açılacaq dəhliz bu trafiki xeyli dərəcədə azalda bilər.

Dəmiryolu daşımaları ümidi

Rusiya imperiyası dövründə inşa edilən dəmiryolu Ermənistanın paytaxtı Yerevandan Naxçıvana daxil olduqdan sonra Naxçıvan-İran sərhədi boyu keçərək Ermənistan dəhlizi ilə Azərbaycana bağlanır.

Bu dəmiryolu müharibə səbəbindən illərdir işləmirdi.

İran bu dəmiryolu yenidən işə düşdükdən sonra Naxçıvan üzərindən dəmiryolu ilə Ermənistana çıxış əldə edəcəyinə ümid edir. İki ölkənin quru sərhədləri olmasına baxmayaraq, bu sərhədi keçən dəmiryolu xətti yox idi.

Anlaşmada Tehranın marağına uyğun ola biləcək nadir məqamlardan biri də bu dəmiryolu üzərindən İranın ticarətin artacağına bəslədiyi ümidləridir.

İran 2018-ci ildə Avrasiya İqtisadi Birliyi ilə hərtərəfli ticarət müqaviləsi imzalayıb.

Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın iştirak etdiyi bu iqtisadi birlik ilə imzalanan müqavilə 2021-ci ildə tam qüvvəyə minəcək.

Türkiyə isə Qarsı Naxçıvana bağlayan yeni bir dəmiryolu ilə Ermənistan koridoru üzərindən Azərbaycan və Orta Asiyaya çıxış əldə etməyi hədəfləyib.

Ermənistan da dəmiryolu ticarəti sayəsində ticarətini artırmaq istəyir.

Müharibə səbəbindən Naxçıvan üzərindən İranla dəmiryol əlaqəsi kəsilmiş, Ermənistanın Türkiyə və Azərbaycanla da dəmiryol xətləri eyni işləksiz durumda idi.

Ermənistanı dünyaya bağlaya biləcək yeganə dəmiryolu Gürcüstan ərazisindən Rusiyaya keçirdi.

Ancaq bu dəmiryolunun keçdiyi bölgədə yerləşən Abxaziya Rusiyanın dəstəyi ilə müstəqilliyini elan etdikdən sonra Gürcüstan bu bölgə ilə nəqliyyat əlaqəsini kəsdi, nəticədə isə Ermənistan qatarlarının da Rusiyaya yolu kəsildi.

İndi isə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan üzərindən Rusiya ilə, Naxçıvan üzərindən isə İranla ticarət aparılacağına ümid etdiyini bildirib:

“Bu, bir dönüş nöqtəsi ola bilər. Ancaq bunlar danışıqlarda həll ediləcək mövzulardır, bunun həyata keçib-kecməyəcəyini hələ bilmirik”.

Sərhəd qəsəbələrində ticarət artımı

İranın Ermənistanla dəmiryolu əlaqəsinin açılmasının faydasına əlavə olaraq, Azərbaycanın İranla sərhəddə Ermənistanın işğalı altında olan yaşayış məntəqələrini geri qaytarması və yenidən qurulmasının İranın şimalı ilə ticarətin artacağını ehtimal etməyə əsas verir.

İran bu sərhəddə yeni gömrük qapıları açmağı düşünür.

“İranın sərhədlərinin əhəmiyyəti Ermənistanda açılacaq kiçik bir dəhlizlə azaldıla bilməz. İranın bölgədəki fəal iştirakı həm İrana, həm də Azərbaycana daha çox fayda gətirə bilər,” – İranın rəsmi İRNA agentliyi yazıb.

Geopolitika: Türkiyənin Qafqazda artan nüfuzu

Türkiyənin Qafqazda artan rolu və Rusiya sülhməramlı qüvvələrinin bölgədə yerləşdirilməsi İran üçün həyəcan təbili çaldıran digər bir səbəbdir.

Rusiyanı özünə tərəfdaş kimi görən İranı Türkiyənin Qafqazda artan nüfuzu daha çox narahat edə bilər.

İslam İnqilabı Keşikçilərinə yaxın olan mühafizəkar Cavan qəzetində Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki rolunun təhlil edildiyi bir məqalədə qeyd olunur ki, “Türkiyə bölgədə Rusiyanın geopolitik, iqtisadi və enerji sahəsində təsirini azaltmağa çalışır”.

“Türkiyənin yanaşması ABŞ-ın Rusiyanı məhdudlaşdırmaq strategiyasına uyğun gəlir. Yeni bir dəhliz quraraq İranın geosiyasi maraqlarını pozmaq ağıllı bir yanaşma deyil. İran Türkiyə və Azərbaycan tərəfindən göstərilən bu cəhdlərə dözüm nümayiş etdirmək fikrində deyil və bu dəhlizi qəbul etməyəcək,” – məqalədə deyilir.

İran parlamentində çıxış edən millət vəkili Mahmud Əhmədi Bighaş deyib ki, “Türkiyə bölgənin siyasi xəritəsini dəyişir, NATO, İsrail və ABŞ üçün Xəzər dənizinə yol açır”.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching