Oxuduğunuz məqalə

“Manatın devalvasiyası iri addımlarla yaxınlaşır” by Kərtənkələ

4 min read

Bu yazını paylaşın:

Meydan TV

İqtisadçı: “Belə kəskin addım gözlənilən idi”

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin martında satılan vəsaitin həcmini açıqlayıb.

Məlumatda bildirilir ki, bu ilin mart ayında fond 1 mlrd. 928.3 mln. ABŞ dolları satıb. Bu, fevral ayı ilə müqayisədə 3.5, ötən ilin mart ayı ilə müqayisədə 3.2 dəfə çoxdur.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu, manatın növbəti devalvasiyasına iri addımlarla yaxınlaşmanın göstəricisidir.

İqtisadçı deyir ki, Dövlət Neft Fondu daha əvvəl yanvarda 300,2 milyon ABŞ dolları, fevralda isə 543,4 milyon ABŞ dolları məbləğində vəsait satdığı barədə məlumat yaymışdı:

"Rəqəmlərdən də görünür ki, ARDNF 3 ay ərzində bazarda 2 milyard 771 milyon 900 min dollar valyuta satıb. Bu dövrdə ARDNF-yə “Azəri Çıraq” qaz yatağından 1 milyard 671 mln. ABŞ dolları, o cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından 100 mln. ABŞ dolları daxil olub. Deməli, bu ilin 3 ayında ARDNF vayuta bazarında artan tələbatı qarşılamaq üçün 1 milyard 100 milyon 900 min dollardan çox əlavə vəsait xərcləyib".

Qubad İbadoğlu əlavə edir ki, bu xərcləmə də heç şübhəsiz əlavə xərclər aktivlər hesabına ödənilib:

"Bu azalmaya aktivlərin dəyərsizləşməsindən itkilər daxil deyil. Dövlət Neft Fondu bu günə qədər bu barədə açıqlama verməyib".

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Foto: sosial şəbəkə

Mərkəzi Banka gəlincə, iqtisadçı deyir ki, ilin əvvəlindən onun ehtiyatları 135,8 milyon dollar artıb. Görünən odur ki, Azərbaycan manatın növbəti devalvasiyasına sürətlə yaxınlaşır.

İqtisadçı Rövən Ağayev isə bildirir ki, panika və tələbatın yüksək olduğunu nəzər alsaq, belə kəskin artım gözlənən idi:

"Ancaq bu prosesdə mənim diqqətimi başqa məqam çəkdi. 2015-ci ildən fərqli olaraq, bu dəfə Mərkəzi Bankın ehtiyatlarına toxunulmadan yalnız Neft Fondunun aktivləri istifadə edilib. Əksinə, yanvar-mart aylarında MB-nin ehtiyatları 140 mln dollardan çox artıb. Fevralla müqayisədə martda Mərkəzi Bankın ehtiyatları cəmi 6 mln dollar azalıb. Çox kiçik rəqəmdir və ola bilər bu azalma da sırf aktivlərin yenidən dəyərləndirməsi nəticəsində məzənnə fərqinə görə yaranıb".

İqtisadçı hesab edir ki, təsdiqlənən büdcə proporsional bölünsə, Neft Fondunun layihəlləri üçün ehtiyacları və dövlət büdcəsinə transfertləri nəzərə alınsa, maksimum 1.8 mlrd dollar həcmində valyuta bazara çıxarılmalı idi:

"Maraqlı sual - niyə 2015-ci ildə olduğu kimi indi də Mərkəzi Bankın ehtiyatları bazara cəlb edilmədi, amma fondun rüblük büdcə öhdəliklərindən təxminən 55 faizdən çox valyuta kütləsindən istifadə edildi?"

Rövşən Ağayev əIavə edir ki, burada ən ağlabatan bir ehtimal Mərkəzi Bankın öz ehtiyatları ilə bazara çıxmasının monetar daralmaya səbəb olmasıdır. Çünki MB sərəncamındakı dolların müqabilində bazardan manat kütləsini strelizasiya etməlidir:

"Hökumətin son 3 ildə dövlət büdcəsi xərclərini 50% artırdığı şəraitdə monetar daralma iqtisadiyyatın indiki durumunda daha ağır fəsadlar yarada bilər. Daha dəqiq desək, fiskal genişlənmənin hazırkı miqyası monetar daralmanı mümkünsüz edir. Ona görə də bazara valyutanı monetar genişləndirmə yaradan kanalla - Neft Fondu vasitəsilə çıxarırlar. Bu halda isə bazara buraxılan ehtiyatlar manat kütləsini strelizasiya etmir, əksinə, iqtisadiyyatın bir neçə subyektindən (ev təsərüffatları, biznes, maliyyə institutları) alıb, digər subyekti (hökumət və ya dövlət idarəetməsi) vasitəsilə büdcə kanallarından iqtisadiyyata qaytarır".

Rövşən Ağayev

Rövşən Ağayev

Mənbə: Foto: sosial şəbəkə

İqtisadçı fikrincə, nəticə etibarı ilə hər iki halda bazarın xarici valyuta tələbi ödənir. Sadəcə MB-nin satışı monetar və fiskal daralmaya, NF-nin satışı isə əksinə, hər iki kanalın genişlənməsinə səbəb olur:

"İndi diqqətlə izləyin: valyuta bazarına satışyönümlü müdaxilənin genişlənməsi yaxın aylarda pul bazasını da artıracaq. Baxmayaraq ki, hökumət inflyasiya və manata təzyiqə görə monetar daralmaya daha çox can atır. Sadəcə virusun yaratdığı ağır iqtisadi böhran və onun sosial fəsadları tələ yaradıb. Həm valyuta ehtiyacını qarşılamaq, həm də büdcəni böyütmək üçün fiskal böyüməyə getməyə məhkumsan. Bu da monetar genişlənmə olmadan imkansızdır. O tərəfdən isə məzənnə və inflyasiya təzyiqi başımızın üzərindədir".

Rövşən Ağayev deyir ki, burada sual oluna bilər; Fond öhdəliyindən artıq satdığı manat kütləsini neyləyəcək?

"Manat aktivi kimi saxlayacaq. Çünki həmin vəsaiti növbəti rüb büdcə qarşısında öhdəliklərinə yönəldəcək. Neft Fondu digər valyutalarda olduğu kimi manatla da aktiv saxlamaq hüququna malikdir və növbəti öhdəliyin icrasına qədər saxlayacaq", - iqtisadçı vurğulayıb.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching