Oxuduğunuz məqalə

İranın yeni “macərası” Qafqazın stabilliyini pozur

 

Bu yazını paylaşın:

Müəllif: Stephen Blank, War on the Rocks, 18 iyun 2020-ci il

Tərcüməçi: Kərtənkələ Press

Başı Suriyadan Yəmənədək münaqişələrə qarışmış İran indi də Qafqazda sizin ola bilsin haqqında heç vaxt eşitmədiyiniz Dağlıq Qarabağ münaqişəsini qızışdırmaqla məşğuldur. Bu yaxında Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının 1993-cü ildə Ermənistanın işğal etdiyi, indiyədək də münaqişə mövzusu olaraq qalan Dağlıq Qarabağda özünü müstəqil elan etmiş erməni hökumətini enerji ilə təmin etdiyindən xəbər tutdu.

Bugünədək İran Dağlıq Qarabağ məsələsində rəsmi olaraq bitərəf mövqedə idi və oranın Azərbaycanın ərazisi olduğunu tanıyırdı. İranın bu mövqeyi təəccüblü səslənə bilər, çünki post-sovet dövrü ərzində İran Azərbaycanla bağlı gərgin siyasət yeritmiş, eyni zamanda da Ermənistanın sadiq tərəfdaşı olmuşdur. Tehranın bu mövqeyinə İranın şimal-qərbindəki Azəri etnik azlığının İrandan ayrılmaq istəməsi qorxusu səbəb olmuşdur. Hətta İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, general-leytenant Məhəmməd Baqiri açıq bəyan etmişdir ki, Qarabağ Azərbaycan ərazisidir və sərhədlərin zor gücünə dəyişdirilməsi qəbulolunmazdır.

Regional təhlükəsizliyə ciddi zərbə vuraraq, İran Dağlıq Qarabağ üzrə əvvəlki mövqeyindən çəkilmişdir. Ermənistana yardım edərək, eyni zamanda Azərbaycanla əlaqələrini yaxşılaşdırmağa çalışmaq əvəzinə – vaxtilə İran hətta münaqişənin həll olunmasında köməyə hazır olduğunu dilə gətirmişdi - İran son hadisələrlə sübut etdi ki, Azərbaycanın maraqları ilə hesablaşmaq fikrində deyil və Azərbaycanla Ermənistan arasında pis-yaxşı  mövcud olan atəşkəs rejimini pozmağa hazırdır. Qafqazda hər hansı bir müharibə Rusiya və Türkiyəni də münaqişəyə qatacağına görə, bu cür müdaxilələr təhrikedici və regional sabitliyə zərbə vurandır.

İranın Dağlıq Qarabağ mövqeyini dəyişdirməsi

Aprel ayında İrana məxsus dövlət qeydiyyat nişanlı yük maşınları Dağlıq Qarabağa daxil olaraq orada yaşayan yerli əhalini ərzaq, enerji və digər məhsullarla təmin edir. Tehranın Qarabağı Azərbaycanın ərazisi kimi tanımağını bəyan etməsinə baxmayaraq öz mövqeyinə zidd addım atması, oraya pay göndərməsi yəqin ki, birinci dəfə deyil. Lakin İranın Azərbaycandakı səfirliyi də daxil olmaqla İran rəsmiləri hadisəni təkzib etmiş, onun saxta xəbər olduğunu, İran rejiminin rəqibi olan separatçı Azəripərəst qüvvələr tərəfindən yayımlandığını iddia etmişdir. Tehranın hərəkətləri və ardınca da əməllərini təkzib etməsi Azərbaycan hökumətində və ictimai fikirdə narazılıq və etiraz doğurmuşdur.

İranın ermənilərin Artsax adlandırdıqları Dağlıq Qarabağı nə Ermənistan ərazisi, nə də müstəqil ərazi kimi tanımasını iddia etməsinə rəğmən, onun Ermənistanla ikitərəfli əlaqələri 2016-cı ildən bəri inkişaf etmişdir. Həmin vaxta qədər İran artıq Dağlıq Qarabağla sərhədində yerləşən Xudafərin su elektrik stansiyasını tikməklə məşğul idi. Mənbələrdən biri Dağlıq Qarabağın Xarici İşlər naziri Masis Mailyanla 2018-ci il tarixli müsahibəyə istinadən bildirib ki, İran və Dağlıq Qarabağ ikitərəfli münasibətlərdən qarşılıqlı faydalanır. Bu cür fəaliyyətlər haqqında İran əvvəllər Azərbaycanı məlumatlandırırdı. Görünür, artıq həmin vaxtlar geridə qalıb.

Çox güman ki, İranın Dağlıq Qarabağ hökuməti ilə enerji təminatı sahəsindəki əməkdaşlığı uzun müddətdir davam edirmiş və Ermənistan hökuməti də bu əməkdaşlığı İranla geniş münasibətlərinin bir hissəsi kimi dəstəkləyirmiş. Beynəlxalq normaların bu şəkildə pozulması paytaxt Yerevanın işlərini qəlizləşdirəcəkdir. Bu cür əməkdaşlıq, həmçinin, İranın Dağlıq Qarabağ ərazisindən silah-sursat və narkotik maddələr daşımasına yol açaraq beynəlxalq hüquq normalarını pozacaq. Bütün bunlar münasibətləri gərginləşdirəcək və Azərbaycan üçün ciddi təhlükə törədəcək. Bir halda ki, İran Azərbaycanla münasibətlərini korlamaqda israrlıdır və nəzərə alsaq ki, münaqişə tərəfdaşlarına (məsələn, Yəməndəki Husi qiyamçılarına) silah-sursat və raket yardımlarını artırıb, Tehranın Dağlıq Qarabağdakı tərəfdaşlarına da silah-sursat göndərəcəyi ağlabatan ehtimaldır.

İranla əməkdaşlığını genişləndirməklə Ermənistan Vaşinqtonla yaxşı olan münasibətlərini riskə atır. İran ABŞ sanksiyaları altında ola-ola Ermənistanın İranla enerji daşınmasında əlbir olması Yerevanın ABŞ-la münasibətlərini və Ermənistanın qlobal maliyyə sisteminə çıxışını təhlükəyə atacaqdır. ABŞ bu yaxında İranla iqtisadi münasibətlərinə görə Ermənistana anlayışla yanaşmış, İranla ticarət əlaqələri üçün Ermənistana sanksiya tətbiq etməmişdir. Ermənistanın sonuncu addımı ABŞ hökumətinin dözümlü davranışını sınağa çəkəcəkdir.

ABŞ maraqları ilə toqquşma

İranın Qafqazdakı davranışı ABŞ maraqlarına ziddir. Tehranın, 2012-ci ildən bəri yaxınlaşmaq istədiyi Azərbaycanla münasibətləri riskə atmağa meyllənməsi İranın xarici siyasətində sabitliyi pozan dönüş nöqtəsidir. Amerika bunu cavabsız qoysa, İran elə başa düşəcək ki, regionu istədiyi kimi destabilizə edə bilər. İranın uzaq məsafədə yerləşən ölkələrə nisbətən özü ilə həmsərhəd ölkələrlə daha ehtiyatlı davranmasını nəzərə alsaq, bu gedişat onu deməyə əsas verir ki, İran, gözlənildiyinin əksinə olaraq riskə getməyə hazırdır.

Odur ki, ABŞ maraqlarının birbaşa cəmləndiyi Yaxın Şərq kimi regionlarda İran daha çox riskə gedə bilər. İranın dayanmadan nüvə ilə silahlanması, bəzi ərazilərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin baxış keçirməsinə icazə verməməsivə İraq və Suriyadakı əməliyyatları bu trenddən xəbər verir. Birləşmiş Statların yanvar ayında İranın xarici avantürizminin əsas memarı olan general Qasım Süleymanini öldürməsinə baxmayaraq, güman ki, İran geri çəkilməyəcək, əksinə, daha böyük əməliyyatlara hazırlaşacaq. Azərbaycana qarşı bu cür əməliyyatların daha çoxu, böyük ehtimalla, qabaqdadır.

Qafqazdakı son hadisələr Vaşinqtonun bu regiona son on ildə əhəmiyyət verməməsinin ona baha başa gəldiyini göstərir. ABŞ regionda sülhün bərqərar olmasında, Rusiyanın gücündən və İranın dəstəklədiyi terrordan xilas olmaqda regiona kömək göstərməkdə maraqlıdır. 2018-ci ildə Ermənistanda demokratik inqilabın gerçəkləşməsinə verdiyi dəstəklə ABŞ həm də demokratiyanın onun çoxdankı maraqlarından biri olmasını göstərdi. Sonda isə ABŞ, Xəzər dənizindən Rusiyaya enerji axınının gücləndirilməsi ilə yerli hökumətlərin özü-özünü təmin etməsinin, Qafqazda və Avropada Rusiyanın təsirinin azalmasının marağındadır.ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə Məsləhətçisi John Boltonun 2018-ci ildə Ermənistan, Azərbaycan və Gürcüstana səfər etməsi bu regiona ABŞ-ın yüksək rütbəli rəsmilərinin nadir hallarda gəlməsindən dolayı xüsusi diqqət doğurdu. Səfərdə ikən Bolton Ermənistana ABŞ-ın silah satmasını təklif etdi, Ermənistan isə ictimai şəkildə ABŞ-la əməkdaşlıqdan imtina etdi. Bundan əlavə, Ermənistanda hazırkı rejimin tənqidçisi, oliqarx Gagik Tsarukyanın həbs olunması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda bütün təklifləri rədd etməsi Ermənistanın göründüyü qədərilə demokratiyadan geri çəkildiyini göstərir.

Yaxşı olardı ki, Vaşinqton bu konfliktə və ümumilikdə Qafqaza daha çox diqqət ayırsın, çünki Dağlıq Qarabağ münaqişəsinin alovlanması Rusiya və Türkiyəni də konfliktə qatacaq. Münaqişə 1993-cü ildə az qala rus-türk müharibəsi ilə nəticələnəcəkdi. Ermənistan, beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınan ərazidən əl çəkməzsə, regionda qarışıqlıq yaradacaqdır. Dağlıq Qarabağı saxlamaq üçün İranla əlbir olması və vaxtı gələndə oranı özünə birləşdirmək niyyətində olduğuna görə Ermənistanın siyasəti ifşa olunmalı, əks halda ABŞ Azərbaycanı dəstəkləmək məqsədilə bu siyasətdən əl çəkməyə Ermənistanı vadar edəcəkdir. Belə bir təhdid Yerevanı ona baha başa gələcək hazırki siyasətindən əl çəkib sülh bağlamağa razı sala, eləcə də İranın Qafqazdakı profilini ifşa edərək gücünü azalda bilər.

Gələcəyə baxış

İranın Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinə artan nüfuzu Qafqazda yeni, destabilizəedici faktordur.  Tehranın regiondakı fəaliyyəti onun Azərbaycanla əlaqələrinə mənfi təsir göstərəcək, həmçinin sübut edəcək ki, İran nəinki Yaxın Şərqdə və Körfəz ölkələrində, həmçinin Qafqazda da destabilizəedici qüvvədir. İranla əlbir olduğu və ABŞ sanksiyalarını pozmaqda alət rolu oynadığı kimi görünən Ermənistan buna görə çıxılmaz vəziyyətdədir.

Tehranın Qafqazdakı yeni mövqeyi heç də birinci və axırıncı olmayacaq. Odur ki, maraqlıdır, İranın yeni üzə çıxmış bu destabilizəedici davranışına Vaşinqton reaksiya verəcəkmi? Reaksiya verəcəksə, Birləşmiş Ştatlar Azərbaycanın öz maraqlarını qorumasını dəstəkləməlidir. Belə olacağı təqdirdə bəlkə bu mənfi situasiyanın içindən könülaçan bir nəticə hasil olunar.

Stephen Blank Rusiyanın xarici və müdafiə siyasəti və keçmiş Sovet İttifaqı ölkələrinin beynəlxalq əlaqələri üzrə tanınmış beynəlxalq mütəxəssisdir. O, həmçinin Avropa və Asiya təhlükəsizlik və enerji məsələləri üzrə aparıcı mütəxəssisdir. 2020-ci ildən Xarici Siyasətin Tədqiqatı İnstitutunda Baş Elmi İşçidir ( www.fpri.org ).  2013-2020-ci illərdə Amerika Xarici Siyasət Şurasında Baş Elmi İşçi olmuşdur ( www.afpc.org). 1989-2013-cü illərdə Pensilvaniya ştatında U.S. Army War Kollecinin Strateji Tədqiqatlar İnstitutunda Rusiya Milli Təhlükəsizlik Tədqiqatları professoru olmuşdur. Dr. Blank 1989-cu ildən Strateji Tədqiqatlar İnstitutunda Milli Təhlükəsizlik Məsələləri üzrə professordur.1998-2001-ci illərdə War Kollecində Douglas MacArthur Tədqiqat Professoru olmuşdur.

Şəkil: Maxim atayants

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching