Oxuduğunuz məqalə

Fərdi repetitorluğun doğurduğu təhlükələr: sosial hərəkətliliyin sonu? by Kərtənkələ

10 min read

Bu yazını paylaşın:

Kərtənkələ Press Orijinal

Təhsil hər bir ölkənin iqtisadi və sosial inkişafında müstəsna əhəmiyyətə malikdir. Təhsil, az maaşlı işlərdə işləmək və daha sadə məhsullar istehsal etmək yerinə yüksək texnologiya əsasında ərsəyə gələn mürəkkəb və kompleks məhsulların istehsal olunması və bunları istehsal etmək üçün savadlı insanların yetişdirilməsi üçün ən mühüm elementdir. Təhsili prioritetləşdirmək həmçinin cəmiyyətin sosial hərəkətliliyində də mühüm rol oynayır: bir şəxsin və ya ailənin yoxsulluq vəziyyətindən çıxması və ya aşağı gəlir səviyyəsindən orta gəlir səviyəsinə qalxması kimi sosial status dəyişiklikləri, onun aldığı təhsilin səviyyəsindən əhəmiyyətli dərəcədə asılı olur. Təhsil həmçinin bəzi hallarda demokratikləşmə proseslərinə də dəstək ola bilir.

Azərbaycan iqtisadiyyatının ilk növbədə neft ixracından asılı olması hamıya məlumdur (2019-cu il üçün statistika cədvəllərimizə buradan baxın). Buna görə də insan kapitalına habelə təhsilə investisiyaların qoyulması, iqtisadiyyatın şaxələndirilməsi üçün vacib addımlardan biridir (Bakı Tədqiqat İnstitutu, 2019). Nəzərə alsaq ki əhalimizin 40%-i 24 yaşdan kiçikdir, ölkənin ümumi inkişafı üçün təhsilin rolu özünü daha qabarıq şəkildə göstərir.

Azərbaycanda təhsilə gəldikdə isə məsələnin iki tərəfinin olduğunu görürük. Birincisi, şübhəsiz ki, ibtidai və məktəbəqədər təhsil sisteminin yaxşı qurulmuş olmasıdır. 30 ildən artıqdır ki oxuma və yazma qabiliyəti baxımından ölkədə ümumi vəziyyətin ürəkaçan olduğunu deyə bilərik. Hətta gender müqayisəsində belə bu göstəricilər çox aşağı səviyyədədir (Statista, 2020). 2015-ci ildən 2019-cu ilə qədər məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı faiz nisbətində 15%-dən 75%-ə qədər artmışdır və bu da ölkədə insan kapitalının inkişafı üçün lazımlı təməl resursları daha da artırmışdır (UNICEF, 2019).

Lakin, orta və ali təhsilə diqqət yetirdikdə isə xüsusən də ailənin sosial vəziyyətindən asılı alaraq rəqəmlərin yüksək dərəcədə bir birindən fərqlənməyə başladığını görürük. Daha da acınacaqlı olanı odur ki, ölkədə mövcud olan təhsil sistemi onsuz da yüksək səviyyədə olan sosial bərabərsizliyi daha da artırır və bu da öz növbəsində ölkədaxili elitizm strukturunu dəstəkləyir. Bu məqaləmizdə ölkəmizin təhsil sistemindəki ən böyük problemlərdən birini - fərdi repetitorluğu müzakirəyə qoyacağıq.


Yüksək səviyəli təhsilə duyulan ehtiyac

Azərbaycanda təhsil əsasən pulsuz olsa da, təhsil ilə bağlı olaraq yaranan xərclərin siyahısı kifayət qədər uzundur. SSRİ-nin dağılmasından bu yana təhsil sistemində lazımi islahatlar görülməyib (Əliyev, R.). Bunun səbəblərindən biri,  son on ildə Təhsil Nazirliyinə ayrılan illik büdcənin ümumi dövlət büdcəsinin çox kiçik bir hissəsini təşkil etməsidir. Faiz nisbətində götürsək, 2017-ci ildə Dövlət xərclərinin sadəcə 7%-nin təhsilə xərcləndiyi görürük. Müqayisə üçün qeyd edək ki, həmin göstərici 2000-ci ildə 21%-ə bərabər idi (Dünya Bankı, 2020).

Bu, bütün ölkədə təhsil keyfiyyətinin aşağı olması və xüsusilə də kənd yerlərində daha böyük bərabərsizliklərin ortaya çıxması ilə nəticələnir. 2016-cı ildə təhsilin keyfiyyəti digər keçmiş SSRİ ölkələri ilə müqayisədə aşağı olmuşdur (Quliyev, 2016). PISA 2018 (Beynəlxalq Tələbələrin Qiymətləndirməsi Proqramı, OECD) məlumatlarına görə, azərbaycanlı tələbələr mütaliə, riyaziyyat və elm sahələri üzrə OECD-nin orta səviyyəsi ilə müqayisədə müvafiq olaraq 16%, 11.5% və 15.2% daha aşağı nəticə göstərmişdilər. Bu tendensiya kəndlərdəki və şəhərlərdəki təhsil mühitlərini müqayisə etdikdə özünü daha qabarıq şəkildə göstərir. 2019-cu ildə Dövlət İmtahan Mərkəzinin statistikalarının təhlili (Bakı Tədqiqat İnstitutu, 2019), Bakı və Sumqayıtdan başqa digər bölgələrdə şagirdlərin buraxılış imtahanlarında daha aşağı nəticə verdiyini göstərdi.

Eyni problemlər ali təhsil səviyəsində də mövcuddur, çünki Dövlət İmtahanından aşağı bal toplayan tələbələr universitet illərində daha mürəkkəb konseptləri öyrənməkdə adətən çətinlik çəkirlər (Quliyev, 2016). İqtisadi vəziyyət və kənd/şəhər bərabərsizliyi kimi amillər ali təhsildə də özünü göstərir və nəticə etibarilə regionlardan və/vəya kasıb ailələrdən daha az şagirdin tələbə adını qazandığının şahidi oluruq (Əliyev, R.). Üstəlik, lazımi islahatların aparılmaması və/və ya bu islahatların yetərsizliyi, həmçinin yeni tədris metodlarından istifadədə yaranan çətinliklər nəticəsində əksər məzunların həm daxili, həm də beynəlxalq əmək bazarlarında iş tapmaq üçün lazımi hazırlıq səviyyəsinə malik olmadığını görürük.


Bir epidemiya?

Fərdi repetitorluq termini əsasən şəxslər və qurumlar tərəfindən təklif olunan dərsləri əhatə edir (Bray, Silova, 2006). Tədqiqatlar göstərir ki, fərdi dərslərin qiymətlərə və ya universitetlərə qəbul faizlərinə müsbət və ya mənfi təsiri haqqında konkret bir konsensus mövcud deyil (Safarzynska, 2013). Lakin, bütün araşdırmalar son iki onillikdə MDB ölkələrində fərdi dərslərə marağın artdığını təsdiqləyir.

Şagirdlərin və onların ailələrinin fərdi repetitorlara üstünlük verməsinin əsas səbəbləri arasında daha yaxşı akademik nəticələri, universitetə qəbul imtahanlarına daha yaxşı hazırlaşmaq və eyni zamanda mövcud təhsil sistemi tərəfindən təklif edilən metodlara nisbətən daha yaxşı fərdi öyrənmə metodlarını və öyrənmə mühitini göstərmək olar (Silova, 2010). 2013-cü ildə keçirilmiş bir sorğuda, azərbaycanlı tələbələr dövlət universitetlərindən hər hansı birinə daxil olmaq üçün orta məktəblərdə verilən təhsilin yetərli olmadığını və məktəbdə öyrədilənlərin qəbul imtahanlarında müvəffəqiyyət qazanmaq üçün kifayət etmədiyini bildirmişdir. (Jokic, 2013). Tələbələr, həmin sorğuda özəl repetitorlara olan ehtiyacın əsasən "həddindən artıq mürəkkəbləşdirilmiş tədris proqramının" bir nəticəsi olduğunu qeyd etmişdir. Azərbaycanlı tələbələr digər MDB ölkələri ilə müqayisədə daha uzun müddət fərdi repetitorlardan istifadə edir və təhsil sistemində fərdi dərslərdən yararlanmağa daha erkən başlayırlar.

Nəticə etibarilə ölkəmizdəki “pulsuz” təhsil sadəcə bir illüziyadır deyə bilərik. İstər orta məktəbi müvəffəqiyyətlə bitirmək, universitetə daxil olmaq istərsə də diplomlarını almaq üçün olsun, tələbələr özəl dərslərdən istifadə etmək məcburiyətində qalır və bu dərslərdən yaranan təhsil xərclərini ödəməli olurlar. Təhsil sistemimizin ən böyük çatışmazlığı bu nöqtədə ortaya çıxır: sistemin təhsil bərabərsizliyinə qarşı mübarizə apara bilməməsi və meritokratiyanı dəstəkləməsi - ləyaqətin uğur qazandığı bir sistem olması. Gəliri və sosial statusu daha yüksək olan ailələr övladlarına daha yaxşı akademik imkanlar verdiyi halda, orta və aşağı gəlirli ailələr qazanclarının böyük hissəsini əlavə dərslərə ayırmaqda çətinlik çəkir ya da uşaqlarının təhsillərini orta məktəb səviyəsində dayandırmaqdan başqa çarələri qalmır. Məhz bu səbəbdən, fərdi dərs epidemiyası cəmiyyətdə maddi cəhətdən imtiyazlı olan şəxslərin mövqelərini daha da möhkəmləndirir. Başqa sözlə desək, əsas olan nə etməyiniz ya da nə qədər yaxşı etməyiniz deyil, kim olduğunuz və nə qədər pulunuzun olmasıdır.

@cafealternativo, Twenty20

Qeyd etmək lazımdır ki, müəllimlərin tərəfindəki vəziyyət də heç də yaxşı deyil. Müəllimlərin özləri də aşağı səviyyəli təhsil sisteminin məhsuludur. Üstəlik, müəllimlərin maaşları da ölkədəki ən aşağı maaşlar sırasında olduğundan onların fərdi repetitorluq epidemiyasına qarşı çıxmaları üçün də heç bir əsas yoxdur. Təhsilin bütün səviyyələrində işləyən müəllim və professorların maaşları uzun illər boyu aşağı olub, yalnız 2016-cı ildə müəllim maaşlarında kiçik bir artım oldu amma bu, ölkədəki ümumi qiymət artımı ilə ayaqlaşmaq üçün kifayət deyil (Bakı Tədqiqat İnstitutu, 2019). Daha çox aylıq yaşam xərclərini təmin etməyə fokuslandıqları bir vəziyyətdə (Silova, 2010) müəllimlər, fərdi repetitorluğa tələb yaratmaq üçün şagirdlərin nailiyyətlərini məqsədyönlü şəkildə aşağı salmaq və ya məktəbdən kənar saatlarda onlardan özəl repetitorluq etmələrini xahiş etmələri üçün şagirdlərə təzyiq göstərmək və s. kimi qeyri-etik davranışlar göstərməyə məcbur qalırlar (Jokic, 2013).


Bu trendi niyə və necə tərsinə çevirməliyik?

Fərdi dərslərdən kütləvi və uzun müddətli istifadə, ölkənin ümumi təhsili sistemindəki problemlərin bir nəticəsi olmaqla yanaşı, eyni zamanda sosial bərabərsizliyə təkan verən növbəti bir amildir.

2010-cu illərin əvvəllərində baş verən neft bumuna və Azərbaycan hökumətinin gəlirlərin artması nəticəsində sosial məsələlərə daha çox pul ayıracağına dair vədlərinə baxmayaraq, dövlətin səhiyyəyə və təhsilə xərclədiyi vəsait əvvəlcə stabil qaldı, sonra isə müvafiq olaraq ÜDM-in 4%-indən və 9%-nə gerilədi (Məmmədova, 2016). Qeyd edək ki, həmin dövrdə Avroviziya (2012), Avropa Oyunları (2014) vəAzərbaycan Qran-prisi (2017) üçün böyük məbləğlər xərclənmişdi. 2014-cü ildə başlayaraq neft qiymətlərində müşahidə olunan düşüş ilə birlikdə neft gəlirləri aşağı düşdüyündən 2016-cı ildə təhsil xərcləri ÜDM-in 3%-nin altına düşdü (TradingEconomics). Azərbaycan hökumətinin təhsilə qarşı bu diqqətsizliyi, varlılar və kasıblar arasındakı təhsil bərabərsizliyini daha da genişləndirməyə davam edir vətəndaşlarının insani inkişafına mane olur (Məmmədova, 2016).

Bütün fərdi repetitorluq (PT) xidmətlərini tamamilə dayandırılmaq mümkün deyil və buna ehtiyac da yoxdur. Fərdi repetitorluq akademik yardım xidmətlərinin başqa bir növüdür. Ancaq fərdi repetitorluq xidmətlərini məhdudlaşdırmaq və bu xidmətlərə daha geniş çıxışı təmin etmək olar. Kərtənkələ bəzi araşdırmalar apardıqdan sonra, fərdi repetitorluğun mənfi təsirlərinə qarşı mübarizə aparmaq üçün bir çıxış yolu təqdim edəcəkdir.

Daha əvvəl də qeyd etdiyimiz kimi, bu problemin əsas səbəblərindən biri müəllimlərin əmək haqlarının azlığıdır hansı ki, fərdi dərslərə tələbat yaratmaq üçün motivasiyaya çevrilir. Bu nöqtədə fərdi repetitorluğun bütün sosial qruplar üçün daha əlçatan olmasına biz də tövhəmizi verə bilərik.

Maaşların məqbul səviyyəyə qaldırılması müəllimlərin fərdi dərslər verərək əlavə pul qazanma ehtiyacını və motivasiyasını azaldar və bununla da fərdi dərslər üçün süni şəkildə yaradılmış tələb də məhdudlaşmış olar. Ancaq bu, kasıblar və varlılar arasındakı boşluğu tam doldurmaq üçün hələ də kifayət etməyəcəkdir. Bu ikinci problemi həll etmək üçün xüsusi repetitorluğunu özəldən dövlətə keçirərək dövlət tərəfindən verilən repetitorlula əvəz etmək olar. Dövlət tərəfindən maliyyələşdirilən bu növ repetitorluq məktəbdənkənar fəaliyyətlər şəklində dövlət məktəblərinin daxilində aparıla bilər. Bu yolla daha çox tələbə fərdi dərslərdə iştirak etmək imkanı əldə edəcək, beləliklə daha yüksək akademik dərəcələrə yiyələnə və ya ailələrinin əlavə maliyyə dəstəyinə ehtiyac olmadan seçdikləri universitetə daxil ola bilərlər. Bu çıxış yolu müəllimlərə əlavə gəlir mənbəyi olmaqla bərabər fərdi repetitorluq istəyən vəya buna ehtiyacı olan tələbələr üçün fərdi repetitorluğun maddiyyat problemlərini aradan qaldırır.


Nəticə

Biz düşünürük ki, əgər Azərbaycan inkişaf etmiş bir ölkəyə çevrilmək istəyirsə, orta və ali təhsilə və özəl kurslara çıxış imkanlarını prioritetləşdirməli, tədris metodikalarını modernləşdirməli, bütün bölgələrdəki müəllim və professorlara yaxşı dolanışıq təmin etmək üçün onların maaşlarını qaldırmalıdır. Yalnız bu şərtlər yerinə yetirildikdən sonra ümumi təhsili sistemi əhalinin humanitar inkişafında müsbət bir vasitə rolunu oynaya bilər.

Mənbələr:

Əliyev, R. (). Azərbaycan: How Equitable is Access to Higher Education? Khazar Journal of Humanities and Social Sciences. University of Maryland, USA.

Bakı Tədqiqat İnstitutu. (2019). Orta təhsildə islahatlar və eksperimentlər. BAİ İqtisadi Qrupu. Onlayn mövcuddur: https://bakuresearchinstitute.org/az/reforms-and-experiments-in-secondary-education/

Bray, M. Silova, I. (2006). The private tutoring phenomen: international patterns and perspectives. In Silova, I., Budiene, V. and Bray, M. (Eds.), Education in a Hidden Marketplace: Monitoring of private Tutoring. Open Society Institute.

Quliyev, F. (2016). The Quality of Education in Azerbaijan: Problems and Prospects. Caucasus Analytical Digest, n.90.

Jokic, B. (2013). Emerging from the Shadow. A Comparative Qualitative Exploration of Private Tutoring in Eurasia. Network of Education Policy Centers. Zagreb: NEPC.

Məmmədova, S. (2016). The Oil Boom and Human Capital Development in Azerbaijan:  “Turning Black Gold into Human Gold”. Caucasus Analytical Digest, n.90.

Safarzynska, K. (2013). Socio-economic Determinants of Demand for Private Tutoring. European Sociological Review, Vol. 29, No. 2, pp. 139-154.

Silova, I. (2010). Private tutoring in Eastern Europe and Central Asia: policy choices and implications. Compare Vol. 40, No. 3, May 2010, 327–344. College of Education, Lehigh University, USA.

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching