Oxuduğunuz məqalə

Ermənistan və Azərbaycan yenə müharibədə — amma bu dəfə Dağlıq Qarabağdan uzaqda

 

Bu yazını paylaşın:

İsraildən alınmış silahlardan istifadə edən Azərbaycan, uzun müddətli mübahisənin beşiyi olan anklavdan uzaq bir ərazidə Ermənistanla yenə qarşı-qarşıyadır və bu situasiya mülki vətəndaşların və eləcə də Əliyev rejiminin risk altında qalmasına səbəb ola bilər.

Müəllif: Foreign Policy, Neil Hauer, 24 Avqust, 2020

Tərcüməçi: Kərtənkələ Press

Azərbaycan və Ermənistan arasında uzun müddətdir ki davam edən münaqişə keçən ay yenidən qızışdı və hər iki ölkə son dörd ilin ən ağır itkiləri ilə üzləşməli oldular.

12-16 iyul tarixləri arasında hər iki tərəfdən ən azı 16 hərbçi qətlə yetirildi ki, bunlardan dördü Ermənistan əsgəri, və bir general-mayor da daxil olmaqla 12-si Azərbaycan hərbçiləri olub. (Bir başqa yaralı erməni əsgəri də həmin ayın sonlarına yaxın həyatını itirdi.) Sözügenən döyüşlər Sovet İttifaqının dağılmasından bu yana həll edilməmiş olaraq qalan dövlətlərarası qarşıdurmada baş verən sonuncu əhəmiyyətli hadisə oldu.

İyul döyüşləri bir çox cəhətdən əvvəlki qarşıdurmalardan fərqləndi. Bu döyüşlər mübahisəli Dağlıq Qarabağ cəbhə xətti boyunca deyil, Ermənistan və Azərbaycan sərhədləri boyunca, şimalda, Gürcüstanla sərhədin yaxınlığında, böyük əhəmiyyət kəsb edən mülki infrastrukturla dolu bir ərazidə baş verdi. Hər iki tərəf xüsusən də pilotsuz təyyarələr başda olmaqla yeni texnologiyadan istifadə etdi.

Və bəlkə də ən əhəmiyyətli hadisə müharibə meydanından uzaqda, Azərbaycanın paytaxtı Bakı şəhərində baş verdi. Hökumət əleyhinə şüarların səsləndiyi və polislə toqquşmaların baş verdiyi şəhərdə müharibə tərəfdarı bir aksiya təşkil olundu. Bu mitinqlər Azərbaycan hakimiyyətinə sərt bir şəkildə xatırlatdı ki, hərbidə atılacaq hər hansı bir geri addım xalqın hökumətdən narazılığının ildırım sürətiylə artmasına səbəb ola bilər. Bu elə həmin katalizatordur ki, 1990-cı illərin əvvəllərində ölkənin ilk iki prezidentinin devrilməsinə gətirib çıxartmışdı.

Cənubi Qafqazın cənubunda yerləşən Dağlıq Qarabağ bölgəsi, ABŞ-ın Konnektikut ştatı ilə təxminən eyni böyüklükdə olan bir ərazidir. Bu əraziyə dair mübahisələrin kökləri Sovet İttifaqının ilk dövrlərinə qədər gedib çıxır: 1923-cü ildə o vaxtki Sovet xalqları komissarı İosif Stalin, Dağlıq Qarabağ Muxtar Vilayətini (NKAO) Azərbaycanın tərkibində muxtar bir anklav kimi təqdim etdi – baxmayaraq ki, bölgədəki əhalinin 90 faizi etnik olaraq ermənilərdən ibarət idi.

Ermənistan Sovet Sosialist Respublikası növbəti 60 il ərzində bu məsələni davamlı olaraq gündəmə gətirsə də, məsələnin qızışdırılması Sovet İttifaqının dağılma ərəfəsində ən pik həddə çatmışdı. 1988-ci ilin fevralında Sovetlər Birliyində millətçiliyin baş qaldırması ilə birlikdə Ermənistanın paytaxtı Yerevanda Qarabağın Azərbaycandan ayrılmasını və Ermənistanın bir hissəsinə çevrilməsini dəstəkləyən kütləvi nümayişlər baş verdi. Hər iki respublikada azərbaycanlılar və ermənilər arasında etnik qarşıdurmalara alovlandı. Bunun bariz bir nümunəsi olan Sumqayıt poqromu hadisələrində, etnik ermənilər Bakı yaxınlığındakı şəhərdən qovulmuşdular.

Qısa müddət sonra DQMV-nin yerli rəhbərliyi ərazini Ermənistana birləşdirmək üçün səs verdi. Digər tərəfdən Sovet təhlükəsizlik qüvvələri artan zorakılığı dayandırmaq üçün növbəti üç il ərzində Ermənistan və Azərbaycan daxilində şiddətli və qəfil basqınlar törətsə də bu cəhdlərin hamısı əbəs oldu. Sovet İttifaqı 1991-ci ilin sonunda dağılanda, Dağlıq Qarabağ müstəqilliyini elan etdi və münaqişə geniş miqyaslı bir müharibəyə çevrildi: bir tərəfdə Ermənistan və yeni Dağlıq Qarabağ Respublikası, digər tərəfdə isə Azərbaycan.

Nəhayət 1994-cü ildə atəşkəs elan edildi. Amma, buna kimi artıq 20.000 insan ölmüş, 1 milyon insan didərgin düşmüşdü və Dağlıq Qarabağ isə tanınmayan bir respublika olaraq qalmışdı: bölgə faktiki olaraq müstəqil və Azərbaycanın nəzarətinin tamamilə xaricində idi, lakin haqlı olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yer alırdı.

Tez-tez "dondurulmuş münaqişə" olaraq adlandırılsa da, Dağlıq Qarabağ münaqişəsinin ön cəbhəsində sakitçilikdən söhbət belə gedə bilməz.

Beynəlxalq Böhran Qrupu, 2015-ci ilin yanvar ayından bəri bölgədə atəşkəs rejiminin təxminən 300 dəfə pozulduğunu qeyd edib. Üstəlik, 1994-cü ildə ilk qarşıdurma sona çatdıqdan bu yana baş verən ən şiddətli döyüş olan və hər iki tərəfdən 100-ə yaxın əsgərin həyatını itirdiyi 2016-cı ilin aprel ayındaki Dördgünlük Müharibə bu statistikaya daxil deyil. Həmin il əldə olunan atəşkəs razılaşması böyük döyüş əməliyyatlarının dayandırılmasına səbəb oldu, lakin bölgənin statusu ilə bağlı məsələlər həll olunmamış olaraq qaldı.

Ən son baş verən Ermənistan-Azərbaycan münaqişəsinin hansı zəmində başladığı hələ də məlum deyil. Ermənistan tərəfi iddia edir ki, silahlı qüvvələri sərhədi keçməyə çalışan bir Azərbaycan hərbi yük maşınını atəşə tutub; Azərbaycan tərəfi isə erməni tərəfinin qəfildən atəş açdığını söyləyir. Səbəb hər nə olursa olsun, Böhran Qrupunun Cənubi Qafqaz üzrə baş analitiki Olesya Vartanyanın fikrinə görə bu, əvvəlcədən düşünülmüş bir şey deyil. O, "əgər kimsə buna hazırlaşırdısa, onda çox pis bir planı var imiş" deyə qeyd edib.

Sərhəd bölgəsindəki gərginliyin artmasının bir səbəbi də Azərbaycan tərəfindəki nizami hərbi hissələrin sərhəd mühafizə qüvvələri ilə əvəzlənməsi oldu. Buna əlavə olaraq, Vartanyanın sözlərinə görə, yeni mənzillərin, yolların və digər binaların inşasının qəfil sürətləndirilməsi “hər iki tərəfdə böyük çaşqınlıq yaratdı”.

Bu ərazidə gərginliyin yatızdırılması üçün hər iki tərəfin kifayət qədər çox səbəbi var. Azərbaycandan Türkiyəyə gedən iki böyük neft və qaz kəməri sərhəddən cəmi bir neçə mil məsafədə yerləşən Tovuz rayonundan keçir. Ermənistan tərəfindən baxdıqda isə bu bölgədə həm ticarət malları, həm də insanlar üçün çox vacib bir tranzit dəhlizi olan İrəvan-Tbilisi magistral yolu var və bu yol Ermənistanın Gürcüstan ilə açıq olan sadəcə iki beynəlxalq sərhəd keçidindən birinə birləşir.

Qarabağ cəbhə xətti boyunca əhalinin boşaldıldığı əraziyə yaxın yerlərdə sıx yaşayan əhalinin varlığı, bu bölgədə çox ağır döyüş risklərinin olması deməkdir.

Böhran Qrupu, sərhəddən altı mil məsafədə təxminən 150,000 mülki vətəndaşın yaşadığını qeyd edir ki, bunların da dörddə üçü Azərbaycan tərəfindədir. “Qarabağda [hər iki tərəf] heç bir problem olmadan 120 mm-lik ağır artilleriyadan istifadə edə bilər. Və bu, çox böyük bir fəlakətə səbəb ola bilər” - Vartanyan.

Ağır artilleriya hələ ki söhbətdən kənardadır amma buna baxmayaraq, hər tərəfin işə sala biləcəyi bir çox yeni parlaq oyuncaqları var – xüsusilə də neft pulları ilə maliyyələşdirilən müdafiə tədarükü sayəsində yüksək səviyyəli Rusiya və İsrail hərbi texnikalarını ordusuna qazandırmış Azərbaycanın.

Azərbaycanın müdafiə xərclərində 2000-ci illərin sonu və 2010-cu illərin əvvəllərində böyük bir artım oldu. Moskvada yerləşən Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin 2018-ci il hesabatına görə, 2007-ci ildə 700 milyon dollar olan Azərbaycanın illik müdafiə xərcləri, 2013-cü ildə 3.7 milyard dollara qədər yüksəlib. Bu xərclərə silah alışı üçün Rusiya tərəfinə ödənmiş təxminən 5 milyard dollar vəsait də daxildir: Rəsmi Bakı satın aldığı T-90C döyüş tankları, BTR-82A zirehli heyyət daşıyıcıları, Mi-35M vertolyot və digər avadanlıqlar ilə ordusunu gücləndirmişdir.

Döyüş meydanında özünü ən çox göstərən silahlar isə Bakının İsraildən aldığı avadanlıqlardır, xüsusən də pilotsuz təyyarələr. Azərbaycan inventarlarına daxil olan səkkiz pilotsuz təyyarə tipinin hamısının İsrail istahsalı olduğu bildirilir.

İsrail və Azərbaycan arasında uzun müddətdir ki davam edən hərbi əməkdaşlıqlar mövcuddur. 2016-cı ildə baş verən qarşıdurmada Azərbaycan, kamikaze dronu adlanan IAI Harop-unu (birbaşa hədəfə getmək və düşmənin partlayıcı yüklərini partlatmaq bacarığı ilə fərqlənir) erməni döyüşçülərinə qarşı işlətdi. Azərbaycana məxsus bir Harop erməni könüllülərini cəbhə xəttinə aparan bir avtobusu vurdu və nəticədə 9 nəfər öldü, digərləri isə ağır xəsarətlər aldı.

İyul ayındakı qarşıdurmalarda Bakının ən çox istifadə silahlardan biri yüksək texnologiya ilə təchiz olunmuş bu pilotsuz təyyarələr idi. İsraildən alınan ən yüksək texnoloji avadanlıqların arasında Azərbaycan Müdafiə Nazirliyinin bir çox videolarında erməni hədəflərini vurduğu görülən ən yüksək səviyyəli İsrail silah sistemi olan Spike – tank əleyhinə idarəolunan raketlər də mövcuddur. Azərbaycanın istifadə etdiyi xüsusi Spike modeli olan Spike NLOS, 15 milə qədər uzaqlıqda və görüş məsafəsindən kənarda olan hədəfləri vurma qabiliyyətinə malikdir. Rusiyanın müdafiə sənayesinə fokuslanan King's College London institutun elmlər namizədi Rob Lee bu avadanlıqlar barədə, "bunlar sözün əsl mənasında, dünyada tapa biləcəyiniz ən yaxşı avadınlıqlardır" deyib.

Bakının yeni texnologiyası yüksək təsir bağışlasa da, bu texnologiyanın döyüşlərin bu turunda ortaya çıxan nəticələri kökündən dəyişdirmədiyini görürük. Lee, Xarici Siyasətə verdiyi açıqlamada, "Videoların [Azərbaycan hücumlarını əks etdirən] əksəriyyətində vurduqları hədəflərin hərbi dəyərinin mübahisəli olduğunu görürük" deyib.

Bu, döyüşlərin bu turu üçün ortaya çıxan nəticələri qismən də olsa açıqlayır. “Azərbaycan üçün yaxşı olmadı”, deyən Lee, sübut olaraq Azərbaycan tərəfinin ermənilərdən daha çox itki verdiyini sitat gətirib. Belə ki, Azərbaycan bir general-mayor da daxil olmaqla, 12 hərbi qulluqçusunun öldürüldüyünü təsdiqləyib; digər tərəfdən, Ermənistanın rəsmi itkiləri isə yalnız beş nəfər əsgərdən ibarət olub.

Lakin döyüş meydanında pilotsuz təyyarələrin başqa bir önəmli üstünlüyü də var: təbliğat açıqlamaları üçün münasibdirlər. Lee, "nəticədə, son döyüşləri Azərbaycan üçün uğurlu kimi qiymətləndirmək çətin olsa da, dron görüntüləri Azərbaycan tərəfi üçün müsbət rol oynadı" deyib.

Döyüş meydanında əhəmiyyətli bir uğur əldə olunmasa da, yeni pilotsuz təyyarələrin parlaq videoları dövlət televiziyalarına çox yaraşır. Lee məsələni belə açıqlayıb: "Yeni hərbi texnologiyanı döyüş meydanında qələbələrə çevirə bilməsəniz də, yüksək texnoloji hərbi texnikanı və hərbi hücumları nümayiş etdirərək daxili auditoriyanın marağını həqiqi qələbələrdən müəyyən dərəcədə uzaqlaşdıra bilərsiniz."

Yerli auditoriyanı sakitləşdirmək, hazırki vəziyyətdə Azərbaycan hakimiyyəti üçün olduqca əhəmiyyət kəsb edən bir məsələdir. 14 iyul gecəsi Bakıda böyük bir mitinq qrupu toplandı. Əvvəlcə orduya dəstəyini dilə gətirən izdihamın əhval-ruhiyyəsi axşam saatlarında dəyişdi. Davam edən toqquşmalarda yüksək rütbəli zabitlərin ölümü xəbəri ilə böyük bir qəzəb dalğası yüksəlməyə başladı və başlanğıcda həqiqətən hökumət tərəfdarı olaraq toplanmış kimi görünən nümayişçilər, mitinqin davamında müxtəlif dövlət məmurlarının istefasını tələb etməyə başladılar. 15 İyul səhərinin erkən saatlarında isə əhval-ruhiyyə tamamilə qəzəb ilə əvəz olundu: Etirazçılar parlamentə hücum etdilər və yaranmış vəziyyət polis tərəfindən məcburi nəzarətə alındı.

Bu, birdəfəlik bir hadisə olsa da, İlham Əliyev hökuməti üçün qaranlıq bir əlamət ola bilər. “İcazəsi mütləq şəkildə dövlət tərəfindən verilən keçmiş mitinqlərdən fərqli olaraq, bu mitinq spontan xarakter daşıyırdı” deyə Anar Məmmədov, Bakıdakı Seçki Monitorinqi və Demokratiya Mərkəzinin rəhbəri qeyd edib. “Hökümət şoka düşdü. Yaranmış vəziyyəti necə ələ alacaqlarını bilmirdilər. ”

Tarix göstərir ki, Ermənistanla münaqişələrdə istər real istərsə də qeyri-real hərbi uğursuzluqlar Bakıdakı hökumətlər üçün olduqca təhlükəlidir. 1990-cı illərdə Qarabağdakı döyüşlərdə alınan uğursuz nəticələr əvvəlki iki hökumətin sonunu gətirmişdi.

Təqribən 30.000 iştirakçının toplandığı mitinqin miqyası, xüsusilə polisin mitinqləri zorla dağıtmaqdan çəkinmədiyi bir ölkədə çox böyük bir göstərici idi. Ermənistanla münaqişələrdə istər real istərsə də qeyri-real hərbi uğursuzluqlar tarix boyu Bakıdakı hökumətlər üçün olduqca təhlükəli sonluqlara gətirib çıxartmışdır. 1990-cı illərin əvvəllərində - müharibənin qızğın dövründə Qarabağdakı döyüşlərdə alınan uğursuz nəticələr əvvəlki iki hökumətin devrilməsi ilə nəticələnmişdi və davamında yaranmış xaotik şəraitdə Əliyevlər ailəsi hakimiyyətə gəlmişdi.

Sovet İttifaqının dağılmasının ümumi xaosu fonunda belə, Azərbaycanın suveren bir ölkə kimi yenidən qurulması xüsusilə təlatümlü olmuşdur. SSRİ-nin 1991-ci ilin dekabrında son ölüm zərbələrini aldığı bir vaxtda Sovet qoşunları bölgəni tərk edərkən, Azərbaycan qüvvələrinin Qarabağdakı mövqeyi pozulmağa başlamışdı. Bakıda isə, belə bir dövrdə müxtəlif siyasi qruplar yeni dövlətin nəzarətini əllərinə almaq üçün dürtüşməklə məşğul idilər; Uzaq Qarabağdakı qarşıdurma hakimiyyəti ələ almaq kimi bir mükafatla müqayisədə onlar üçün çox daha az prioritetə malik bir məsələ idi.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin nəzarətini ələ keçirərək yüzlərlə dinc insanı öldürdü və bu hadisə o dövrün Azərbaycan prezidenti, kommunizm adamı Ayaz Mütəllibov üçün öldürücü bir zərbə oldu. Geniş vüsət alan qəzəb dalğası Azərbaycan Xalq Cəbhəsinin təzyiqi ilə Mütəllibovun bir neçə həftə ərzində istefa etməsinə səbəb oldu və davamında öz liderləri – Əbülfəz Elçibəy yeni prezident seçildi. Ancaq Elçibəy Qarabağdakı erməni işğalının qarşısını ala bilmədi: Onun prezident kürsüsündəki müddəti 1993-cü ilin ortalarına təsadüf edən bir hərbi çevrilişlə sona çatdı. Xaos şəraitində, 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyasının baş katibi olaraq fəaliyyət göstərmiş Heydər Əliyev prezidentlik kürsüsünə çıxdı. Əliyev hakimiyyətə gəldikdən doqquz ay sonra apardığı ağıllı məqsədyönlü vasitəsilə atəşkəs elan olunmasına nail oldu.

Mövcud hakimiyyət, xüsusilə də Prezident İlham Əliyev (Heydər Əliyevin oğlu, 2003-cü ildə atasının ölümündən sonra hakimiyyətə gəlmişdi) bu tarixi çox yaxşı bilir. Hazırki vəziyyət və üstəlik koronavirus pandemiyasının iqtisadi təsirlərinin hiss edilməsi onun üçün olduqca ciddi bir vəziyyət deməkdir. “Dörd aylıq karantindən sonra insanlar işsizdir və sadəcə telefonlarının qarşısında oturublar. İnsanlar əsəbidirlər”deyə Məmmədli qeyd edib. "Belə bir mitinqin bugünkü mövzusu Qarabağ olsa da gələcəkdə mövzu tamam dəyişə bilər: sosial məsələlər, iqtisadi problemlər, hətta hökumətin süqutu belə."

Bakıda keçirilən mitinqin ertəsi günü Azərbaycan prezidenti xarici işlər naziri, Ermənistanla dialoqun əsas tərəfdarlarından biri kimi tanınan Elmar Məmmədyarovu vəzifəsindən kənarlaşdırdı.

Bu arada Azərbaycanın Türkiyə ilə birlikdə apardığı ortaq hərbi təlimlər də davam edir. Son iki həftə ərzində Azərbaycan və Türkiyə qüvvələri Naxçıvanın eksklavı boyunca təlimlər keçirdilər. "Bu fəaliyyətlər də qismən də olsa [xalqa] güc göstərmək üçündür" deyə Məmmədli izah edib.

Zəif sülh vəziyyətinin davam etməyəcəyinə dair əlamətlər var.

Fakt budur ki, Əliyevlər kabinetinin müharibə dəstəkçisi olmayan üzvlərindən biri yenicə işdən çıxarıldı. Bakı mitinqinin ertəsi günü Azərbaycan prezidenti xarici işlər naziri Elmar Məmmədyarovu istefaya göndərdi. 16 ildir bu vəzifəni icra edən Məmmədyarov, Ermənistanla əsas dialoq tərəfdarlarından biri kimi tanınırdı və on ildir Qarabağla bağlı beynəlxalq danışıqlarda hökuməti təmsil edən əsas sima idi. Onun istefaya göndərilməsi Bakının gələcək danışıqlar üçün yaxşı əhval-ruhiyyədə olmadığını göstərir.

Rəsmi İrəvan tərəfinin toqquşmaların yeni mərhələsinə keçiddə maraqlı olmaq üçün daha da az səbəbi var – Hazırda Qarabağdakı status-kvo onların xeyrinədir. Son atışmalar Baş nazir Nikol Paşinyanın təhlükəsizliyi baxımından əhəmiyyətli bir təkan idi. Erməni lider həm Qarabağ liderləri, həm də Ermənistan müxalifətindəki bəzi şəxslər tərəfindən təhlükəsizlik məsələlərində həddindən artıq yumşaq biri kimi tənqid edilirdi. Nisbətən uğurlu bir sərhəd döyüşü, onlardan gələn hücumların sakitləşməsinə kömək etdi.

Hal hazırda ərazidə gərgin bir sakitlik hökm sürür. Bu qədəri, artilleriya mərmilərinin hədəf mənzilindəki yüz minlərlə mülki vətəndaş üçün kifayət edir.


Neil Hauer, Ermənistan, İrəvanda fəaliyyət göstərən Kanadalı jurnalist və təhlükəsizlik analistidir. İş fəaliyyətləri əsasən Suriya münaqişəsi və siyasətinə həmçinin Şimali və Cənubi Qafqaz bölgələrindəki milli azlıqlara və qarşıdurmalara fokuslanmışdır. Twitter: @NeilPHauer

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching