Oxuduğunuz məqalə

Dağıstanda ilişib qalan Azərbaycan vətəndaşları aclıq elan edib və vətənə qaytarılmalarını tələb edirlər

 

Bu yazını paylaşın:

JAMnews

Azərbaycanın 800-dən çox vətəndaşı hələ də Dağıstanda qapalı Rusiya-Azərbaycan sərhədində vətənə buraxılacaqları günü gözləyirlər. Onlar qeyri-sanitar vəziyyətdən və digər problemlərdən şikayətlənirlər, onlardan onlarla insan isə hətta etiraz əlaməti olaraq aclıq elan edib – “Kavkazskiy uzel” xəbər verib.

Azərbaycan vaxtaşırı olaraq 100-ə qədər insanı vətənə gətirir, amma bu, problemi çözmür.

13 nəfərdə koronavirus aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib və indi onlar təkrar analizin cavabını gözləyirlər.

Bağlı sərhədlər, çadırlar və gözləntilər

Tass.ru

COVID-19 koronavirusu yayılandan sonra Rusiyanın dörd bir yanından Azərbaycan vətəndaşları Dağıstanın Dərbənd şəhərinə axışmağa başlayıb. Sərhədin bağlı olduğunu onlardan çoxu artıq Dərbəndə gələndən sonra xəbər tutub.

Bu insanların qayğısına qalmağı qismən yeni hakimiyyət və yerli əhali götürüb. Amma hazırda Dağıstanın özündə koronavirusla bağlı çox mürəkkəb vəziyyət yaranıb, yüksək yoluxma səviyyəsi səbəbilə dağıstanlı məmurlar Azərbaycan hakimiyyətində öz vətəndaşlarının evakuasiyası prosesini sürətləndirməyi xahiş ediblər.

Bu arada Azərbaycanda da epidemioloji vəziyyət ağır olaraq qalır – hər gün 300 civarında yeni yoluxma halı qeydə alınır (mayın əvvəli ilə müqayisədə bu, xeyli çoxdur), karantin rejimi iyunun 15-ə qədər davam edəcək, amma növbəti dəfə müddətin uzadılması istisna edilmir. Müvafiq olaraq, sərhədlər də hələlik qeyri-müəyyən müddətə bağlıdır.

Dağıstanda ilişib qalan azərbaycanlılar əsasən çadırlarda yaşayırlar. Bəziləri artıq bir aydan çoxdur ki, sərhəddədir, amma vətənə gedənlərin siyahısına heç cürə düşə bilmirlər. Aclıq elan edərək onlar Azərbaycan hakimiyyətinin diqqətini özlərinə çəkməyə çalışırlar.

Onlardan biri Sadıx Rzayev deyib ki, mayın 14-dən sərhəddə gözləyir.

“Mən Qroznıda (Çeçenistan) inşaatda işləyirdim. İş dayananda biz Azərbaycana qayıtmaq qərarına gəldik. Mən də aclıqda iştirak edirdim. Amma dünən təzyiqim kəskin düşdüyü üçün dayandırdım. Ümid edirəm ki, bir az özümə gəlib aksiya iştirakçılarının sırasına qayıdacam”, – o danışıb.

Azərbaycan onların hayında deyil?

“Son üç ay ərzində Azərbaycan tərəfi cəmi üç dəfə öz vətəndaşlarını qəbul edib. Birinci dəfə onların sayı 120, ikinci dəfə 131, sonuncu dəfə isə 122 nəfər olub. Həər dəfə sərhəd açılanda və yüzdən çox sərhədi keçəndə Rusiyanın hər tərəfindən daha 200 nəfər bura gəlir. Amma Azərbaycan tərəfi müəyyən limit tətbiq edir. Hamısını birdən aparmaq mümkün deyil”, – Dərbənd rayonunun icra hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirən Fuad Şıxiyev deyib.

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah ancaq onu bildirib ki, vətəndaşların xaricdən qayıtması infrastruktur imkanları nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilir.

Sərhəddə ilişib qalan insanların özləri də, Azərbaycandakı bəzi ekspertlər də güman edirlər ki, problem həm Azərbaycan hakimiyyətinin, həm də sosial şəbəkələrin diqqətindən kənarda qalıb.

Azərbaycanın “Turan” informasiya agentliyinin şərhçisi Tofiq Türkel öz müşahidələrinə əsasən bildirib:

“Apreldə məsələ hələ yeni yarandığı zaman mövzunu həm hökumətyönlü media, həm də müstəqil onlayn nəşrlər işıqlandırırdı. İndi hökumətyönlü mediada mövzu ancaq Azərbaycan vətəndaşlarının növbəti qrupu sərhədi keçəndə xatırlanır. Sərhəddəki insanların problemləri haqda əsasən müstəqil nəşrlər yazır. Sosial şəbəkələrə gəlincə isə müxalifyönlü istifadəçilər daha çox fəalların təqib olunmasına, pandemiya şəraitində hakimiyyətin sosial siyasətinin, o cümlədən də bu dövrdə polisin karantin pozucularına qarşı sərt davranışının tənqidinə diqqət yetirir”.

Azərbaycanda vəziyyət hazırda həqiqətən də gərgindir. Hətta virusdan daha çox hökumətin virusla mübarizə adı ilə gördüyü tədbirlərə görə.

Karantin rejimini pozmaq ittihamı ilə artıq çox sayda müxalifətçi və ictimai fəal həbsdədir, camaat arasında isə həm karantin qaydaları, həm də bu fonda müşahidə olunan polis zorakılığı ilə bağlı narazılıq artır.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching