Oxuduğunuz məqalə

Çin peyvəndi Azərbaycanda: cavabları olan suallar

 

Bu yazını paylaşın:

JAMNews

Azərbaycanda COVID-19 koronavirusuna qarşı vaksinasiya başlayıb. Bundan cəmi bir neçə gün əvvəl elan olunub ki, vaksinasiya Çinin “Sinovac” şirkətinin CoronaVac peyvəndi ilə aparılacaq.

Peyvənd vurdurmaq, ya vurdurmamaq? Bu təhlükəsizdirmi? Niyə məhz bu vaksin seçilib? Nə dərəcədə effektivdir? Biz heç olmasa bəzi suallara cavab verməyə çalışacağıq.

Çin peyvəndi nə dərəcədə effektivdir?

Ən başından istehsalçı bildirirdi ki, CoronaVac peyvəndinin effektivliyi 92 faiz təşkil edir. Azərbaycan məmurları da məhz bu göstəricidə israr edir.

“Azərbaycan ən təhlükəsiz və effektiv peyvəndi əldə edib”, – prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

Nəzərə almaq lazımdır ki, pandemiya şərtlərində farmakoloji şirkətlərdən uzunmüddətli effektlə bağlı göstəricilər tələb etmək mümkün deyil, çünki hazırlanma və sınaq prosesi çox məhdud zaman çərçivəsində keçirilir. Amma CoronaVac artıq digər ölkələrdə də tətbiq edilməyə başlandığı üçün effektivlik haqda hansısa məlumat var və olan məlumatlar nikbinliyə əsas yaratmır.

Əvvəlcə peyvəndin necə sınandığını anlamaq lazımdır.

İstənilən xəstəlikdən istənilən peyvəndin effektivliyini və ya təhlükəsizliyini təsdiqləmək üçün üç mərhələdə kliniki sınaq keçirmək qəbul edilib. Birinci mərhələdə peyvənd nisbətən kiçik qrupda gənc və sağlam könüllülərə vurulur. CoronaVac-ın misalında bu, 144 nəəfərdən ibarət bir qrup olub.

Əgər eksperiment uğurlu olarsa, ikinci mərhələyə keçilir – artıq daha çox sayda könüllüyə peyvənd vurulur, bu zaman onlardan bir qisminə peyvənd yox, plasebo vurulur – bu, nəzarət qrupudur, daha sonra vaksinasiyadan keçənlərin nəticələrini onlarınkılarla müqayisə edirlər. Bu mərhələdə CoronaVac 600 könüllü üzərində yoxlanılıb.

Nəhayət, tədqiqatların üçüncü mərhələsində lap çox könüllü iştirak edir və onların arasında hətta risk qrupuna aid insanlar da olur, onlar üçün vaksin ən çox təhlükəli ola bilər.

İdealda kütləvi vaksinasiyaya ancaq üçüncü mərhələdən sonra başlamaq olar. Amma fövqəladə vəziyyətlərdə – indiki kimi – vaksinin istehsalna ikinci mərhələdən sonra icazə verilir, üçüncü mərhələ isə faktiki olaraq vaksinasiyanın başlanması ilə birlikdə həyata keçirilir. İndi bütün dünyada məhz bu baş verir.

CoronaVac-a gəlincə, Çinin özündə sınaqların ancaq birinci və ikinci mərhələsinin nəticələri bəllidir. Məhz bur mərhələlərdə 92 faiz effektivlik qeydə alınıb.

Tədqiqatların üçüncü mərhələsinin ara nəticələri 91,25 faiz, İndoneziyada 65,3 faiz, Braziliyada əvvəlcə 78 faiz, sonra isə ümumiyyətlə 50,4 faiz göstərib – BBC yazır.

Yəni rəqəmlər çox fərqlidir.

Əgər Braziliya göstəricilərinə əsaslansaq, o zaman belə çıxır ki, peyvənd vurulan hər 100 nəfərdən yalnız 50 nəfərində virusa qarşı immunitet formalaşır.

Amma yekun nəticələr çıxarmağa hətta ekspertlər də tələsmir.

Azərbaycan 4 milyon doza CoronaVac əldə edib, bu, 2 milyon insana çatacaq (çünki hər kəsə iki doza peymənd vurulmalıdır) – APA məlumat verib.

Ölkə əhalisinin rəsmi statistikası 10 milyon nəfərdən çoxdur.

Vaksinasiya könüllü olacaq və imtina edənlər heç cür “cəzalandırılmayacaq”.

CoronaVac peyvəndi mahiyyətcə nədir?

CoronaVac peyvəndi ənənəvi üsulla hazırlanıb. Kobud desək, insan zəiflədilmiş, qeyri-aktiv virusun fraqmenti ilə süni şəkildə yoluxdurulur ki, immunitet “işə düşməyə” məcbur edilsin və ən əsası orqanizm virusu yadda saxlasın. Virusu laboratoriyada yetişdirir və kimyəvi yolla zəiflədirlər.

Müqayisə üçün Britaniyanın “Oxford-AstraZeneca” və Rusiyanın “Sputnik” vaksinləri başqa texnologiya üzrə istehsal edilir – onların tərkibində virusun özü yox, yalnız DNT-nin fraqmenti insan üçün təhlükəli olmayan digər virusla birləşmiş halda olur.

Amerikanın “Moderna” və Amerika-Almaniya istehsalı olan “Pfizer-BioNTech” üçüncü, daha müasir texnologiya üzrə hazırlanıb. Onların tərkibində virus qişasının – koronavirusun sağlam hüceyrələrə “yapışdığı” həmin “tikanların” süni şəkildə sintez edilmiş “genetik kodu” olur. “Tikanlar” özlüyündə ziyansızdır və onlar bir növ orqanizmdə “çoxalırlar” və orqanizmi antitel istehsalına məcbur edirlər, bu da nəticədə orqanizmə düşdüyü zaman koronavirusu tez zərərsizləşdirir.

Belə bir fikir mövcuddur ki, məhz bu cür innovativ yanaşma “Moderna” və “Pfizer-BioNTech” preparatlarının hazırda ən effektiv olmasının səbəblərindən biridir.

Eyni zamanda, CoronaVac peyvəndinin üstünlüyü ondadır ki, onu standart soyuducularda daşımaq, saxlamaq mümkündür (elə “Oxford-AstraZeneca” və “Sputnik” kimi). Halbuki “qabaqcıl” peyvəndlərin çox aşağı temperaturda saxlanması tələb olunur, odur ki, saxlanması və daşınması üçün xüsusi avadanlıqlara ehtiyac var, bu isə heç də bütün ölkələrin imkanları daxilində deyil. Buna görə də, CoronaVac hazırda inkişaf edən ölkələr üçün (deməli, Azərbaycan üçün də) ən optimal vaksin hesab edilir.

Adları sadalanan İndoneziya, Türkiyə və Braziliyadan başqa, CoronaVac almağa hazırlaşan ölkələr sırasında Sinqapur, Malayziya, Filippin, Ukrayna və Çili də var.

Kimlər vaksinasiyadan keçiriləcək və bu, necə baş tutacaq?

Azərbaycan sakinlərini təxminən aşağıdakı ardıcıllıqla vaksinasiyadan keçirəcəklər:

– tibb işçiləri;

– 65 yaşdan yuxarı yaşlı insanlar;

– xroniki respirator xəstəlikləri olan insanlar, diabet xəstələri, piylənmədən əziyyət çəkən və hemodializə ehtiyacı olan insanlar;

– 50 yaşdan yuxarı heç olmasa bir xroniki xəstəliyi olanlar;

– müəllimlər, sosial işçilər və əhali ilə bilavasitə təması nəzərdə tutan digər sahələrdə çalışanlar;

– qalan hər kəs.

Hər kəsə 21 gün aralıqla iki doza peyvənd vurulmalıdır.

Uşaqlar və 18 yaşına qədər yeniyetmələr, o cümlədən hamilələr və südverən analar peyvənd olunmayacaq.

Vaksinasiya pulsuzdur, dövlət xəstəxanalarında və poliklinikalarında həyata keçirilir. Arzu edənlər xüsusi elektron sistem vasitəsilə yazıla bilər.

Hansısa qorxulu fəsadlar ola bilərmi?

Bu məsələdə elmi ictimaiyyət yekdildir – zəiflədilmiş virus ştammı virusun özündən daha təhlükəli ola bilməz. Peyvənd əleyhinə olanlar çox vaxt arqument kimi insanların peyvənddən sonra xəstələnməsi hallarını göstərirlər və bu zaman unudurlar ki, “sonra” heç də həmişə “ona görə” demək deyil.

CoronaVan preparatını istehsal edən şirkətin nümayəndəsinin sözlərinə görə, sentyabrda vaksinasiyadan keçən könüllülərin maksimum 5 faizi əhəmiyyətsiz dərəcədə narahatlıq hiss edib.

Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, istənilən peyvənddən sonra yüngül narahatlıq normaldır. Allergik reaksiyalar ehtimalına görə isə peyvənddən sonra müəyyən müddət xəstəxanada gözləmək lazımdır, çünki orada həkimlər dərhal yardım edə biləcəklər.

Peyvənd ediləndən sonra səyahət etmək olar?

Bəzilərini vaksinin effektivliyindən daha çox bunun normal həyata qayıtmağa bir köməyi olacaqmı sualı maraqlandırır. Məsələn, sərhədlər açılacaqmı?

Artıq çoxdan xüsusi “vaksinasiya pasportlarının” tətbiq ediləcəyi haqda söhbətlər gəzir. Bu cür pasportları Avropa İttifaqının bir çox ölkələr öz vətəndaşları üçün hazırlayır. Baxmayaraq ki, bunu diskriminasiya əlaməti kimi görən etirazçılar da az deyildi – axı bu, vaksinasiyadan keçə bilməyənləri səyahət etmək imkanından məhrum edir. Üstəlik, hələ məlum deyil ki, bu pasportlar nə zaman və hansı formada tətbiq olunacaq.

Azərbaycan vətəndaşlarına gəlincə, CBC telekanalının məlumatına görə, peyvənd haqda arayış almaq mümkün olacaq.

“Mən ən yaxşısı hələlik gözləyim”. Kimlər vaksinasiyadan keçəcək?

Cəmiyyətdə vaksinasiya haqda xəbərə ehtiyat və şübhəylə yanaşırlar. Sosial şəbəkəllərdəki bəzi şərhlər:

“Mən vaksinin özündən daha çox Azərbaycanda vaksinasiyaya görə cavabdeh olan şəxslərin səriştəsizliyindən qorxuram”.

“Deyirlər ki, bu vaksinasiyanın çox ciddi fəsadları ola bilər. Yox. İstəmirəm”.

“Mən özüm həkiməm və vaksinasiyaya mahiyyət etibarilə əlbəttə ki, inanıram. Amma yenə də yaşımı və vaksinin hələ çox yeni olduğunu nəzərə alaraq, bir az ehtiyat edirəm. Odur ki, peyvəndə gedənə qədər bir qədər gözləyəcəm”.

“Mən vaksinasiyadan qorxmuram, amma düzü, effektivliyinə də şübhə edirəm. Amma pandemiya ilə bağlı bütün bu epopeya başa çatsın deyə nəsə eləmək də lazımdır axı. Odur ki, növbə mənə çatanda peyvənd vurduracam”.

“Qoy birinci deputatlara və digər məmurlara vursunlar. Biz də baxaq görək onlar necə olacaq, sonra qərar verərik”.

Azərbaycan sakinlərinin vaksinə inamsızlığını izah edən bir neçə tendensiya var.  Məsələn, bütün dünyada olduğu kimi, çipləşdirmə ilə bağlı konspiroloji nəzəriyyələr. Koronavirusdan əvvəl də mövcud olan peyvəndə qarşı hərəkat da var. Hakimiyyətin həmişə öz maraqlarına uyğun hərəkət etməsindən doğan prinsip etibarilə hakimiyyətə etibar etməmək tendensiyasını da unutmaq olmaz. Çox vaxt bütün bunlar aşağı səviyyəli təhsilin üzərinə gəlir və “virus filan yoxdur” əminliyini yaradır.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching