Oxuduğunuz məqalə

BMT: Koronavirus ilə bağlı yaranmış vəziyyət insan hüquqları pozuntularını ört-bastır etmək üçün istifadə oluna bilməz

 

Bu yazını paylaşın:

Müəllif: Hugo Miller, Bloomberg, 27 Aprel, 2020

Tərcüməçi: Kərtənkələ Press

Birləşmiş Millətlər Təşkilatının yüksək rütbəli insan hüquqları rəsmisi xəbərdarlıq edir ki, koronavirus pandemiyası zamanı karantin şəraitinin yaradılması məqsədilə tətbiq olunan təcili tədbirlər, məhbusların hüquqlarını tapdalamaq üçün sui-istifadə edilə bilməz.

İnsan Hüquqları üzrə Ali Komissar Mişel Bachelet bazar ertəsi verdiyi açıqlamasında “Sadəcə ərzaq üçün çölə çıxaraq komendant saatı rejimini pozanları onsuzda ağzına kimi dolu olan həbsxanalara atmaq, bu qanunsuzluqlara nümunə kimi göstərilə biləcək hallardan sadəcə biridir” deyib.

Çilinin keçmiş prezidenti Bachelet həmçinin qeyd edib ki, komendant rejimini təmin etmək üçün polislərin həddindən artıq sərt və bəzən ölümlə nəticələnən müdaxilələri haqqında yayılan xəbərlər “hökumətlərin Covid-19 bəhanəsi ilə insan hüquqları pozuntularını ört-bastır etdiyi, vətəndaşların  hüquqi azadlıqlarının məhdudlaşdırıldığı və qanunun aliliyininin pozulduğu hallar olaraq dərin narahatlığa səbəb olur”.

Hindistan, Cənubi Afrika və Filippində səyahətlərə mart ayında məhdudiyyətlər qoyulmuş və həmin tarixdən bu yana bu ölkələrdə polislərin insanları döyməsi, təpikləməsi və it qəfəslərində saxlaması kimi halları əks etdirən şəkillər ortaya çıxmağa başlamışdı. Sözügedən hüquq pozuntusu hallarının çoxu kasıb ölkələrdə qeydə alınsa da, ABŞ və Avropa kimi məhdudiyyətlərin daha yumşaq olduğu yerlərdə də insanlar getdikcə daha qəzəbli və daha səbirsiz olmağa başlayıblar.

Miçiqan, Minnesota, Texas və digər əyalətlərdə qubernatorların ABŞ iqtisadiyyatına zərbə vuran sərt sosial məsafə qaydalarını ləğv etməsini tələb edən etirazlar aksiyaları başlandı. Prezident Donald Trump, etirazçıların komendant rejimi altında olan bir neçə ştatı "azad etməli" olduğunu deyən bir “tweet” paylaşaraq aksiyaları dəstəklədiyini bildirdi.

Birləşmiş Krallıqda isə Milli Səhiyyə Xidməti, insanların hərəkətlərini izləyən, pandemiyanın yayılması ilə əlaqədar məlumat toplayan və virusa yoluxma ehtimalı yüksək olan insanları xəbərdar edən bir telefon aplikasiyası hazırlamağı planlaşdırır. Bu addım, vətəndaşların hüquq azadlıqlarını qoruyan kampaniyalar tərəfindən insanların şəxsi həyatlarına müdaxilə adı ilə ciddi şəkildə tənqid edilib.

Hüquq Azadlıqları kampaniyasından verilən açıqlamada deyilir ki, Britaniya hakimiyyəti "hamımızı daha rahat izləmək üçün pandemiya müddətində gizli şəkildə nəzarətə üstünlük verir".

Birləşmiş Krallıq İnformasiya Komissarlığı İdarəsi, şəffaflığın və idarəetmənin yüksək səviyyədə olmasını təmin etmək üçün MSX ilə birgə işlədiklərini açıqladı.

İdarənin verdiyi açıqlamada həmçinin qeyd edilib ki, “Covid-19 böhranına qarşı mübarizə aparmaq üçün insanlar şəxsi məlumatlarının istifadə olunma qaydalarına inanmalı və etimad göstərməlidirlər”

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching