Oxuduğunuz məqalə

Baş nazir oxşar məsələ ilə bağlı niyə yenidən Konstitusiya Məhkəməsinə müraciət edib?

 

Bu yazını paylaşın:

Abzas

Pandemiya dövründə bağlanan banklarda əmanətləri qalan vətəndaşlar son günlər Mərkəzi Bank qarşısında bir neçə dəfə etiraz aksiya keçirib, əmanətlərinin qaytarılmasını tələb ediblər.

Etirazlardan sonra, iyulun 11-də baş nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib, məhkəmədən Əmanətlərin sığortalanması haqqında qanunun 2.1.2.6-cı maddəsinin şərh edilməsini istəyib.

Məsələni şərh edən hüquqşunas Sübhan Həsənli bildirir ki, Əmanətlərin sığortalanması fondu illik faiz dərəcsi 12 faizdən çox olmayan əmanətləri (2020-ci ilin iyununa olan məlumat) qoruyur.

Vətəndaşın günahı nədir?

“Hazırki problemi qısaca belə təsvir edim ki, ümumiyyətlə, Mərkəzi Bankın banklara əmanət qəbul etməyi qadağan etdiyi banklar bağlanandan sonra məlum olub. Bunun səbəbi isə bankların iqtisadi vəziyyəti, likvidlik problemləri olub. Lakin naməlum səbəblərdən bu banklar əmanət qəbul etməyə davam etdiyi kimi, Əmanətlərin Sığortalanması Fonduna da ödənişlərini ediblər. Bu prosesə nəzarət etməli olan qurumlar olan Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu isə bu prosesə göz yumublar”.

Hüquqşunasın sözlərinə görə, banklar vətəndaşlardan əmanətləri alıb, hətta onlara əlavə bonuslar da təklif edib.

“İndi isə banklar bağlanıb və Əmanətlərin Sığortalanması Fondu deyir ki, bəs biz o vaxtı o bankları xəbərdar etmişdik. Burada vətəndaşın günahı nədir? Bilən yoxdur. Aldığım məlumatlara görə, bununla yanaşı bu dövrdə başqa problemlər də ortaya çıxıb. Bir sıra banklar vətəndaşlardan qorunan əmanət qəbul etdikdən sonra müqaviləyə əlavə ediblər ki, əgər vətəndaş 1 ildən sonra bu müqaviləni uzatmazsa, bank birtərəfli qaydada müqaviləyə dəyişiklik edə bilər”.

Konstitusiya Məhkəməsinin qərarı olduğu halda niyə yenidən sorğu göndərilir?

S. Həsənli deyir ki, bunun nəticəsində bir çox vətəndaşın qorunan əmanətləri, misal üçün illik 8 faizlə aldığı ödənişi bank bir ildən sonra artırıb edib 15 faiz və avtomatik olaraq vətəndaşın depozitini qorunan əmanətdən qorunmayan əmanətə keçiriblər. İndi isə haqlı olaraq Əmanətlərin Sığortalanması Fondu bu ödənişləri qaytarmaqdan imtina edir.

“Qayıdaq əvvəlki məsələyə. Baş nazirin Konstitusiya Məhkəməsinə verdiyi sorğu çox maraqlı və araşdırılmalı mövzudur. Çünki Konstitusiya Məhkəməsi eyni məsələ ilə bağlı 5 sentyabr 2018-ci il tarixində Dəmirbankla bağlı qərar verib. İndi bu sorğunun yenidən verilməsinin səbəbi nədir? Niyə yenidən sorğu verilir?”

Ekspert bildirir ki, bu sorğu qanuna da ziddir. Belə ki, Konstitusiya Məhkəməsi haqqında qanunun 37.0.6-cı maddəsinə əsasən, məsələ üzrə Konstitusiya Məhkəməsinin qərarı mövcud olduqda, sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.

Məhkəmə icraata götürübsə, fərqli qərar olacaq?

“Lakin Konstitusiya məhkəməsi bu prinspi nəzərə almadan sorğunu icraata qəbul edib. Düşünürəm ki, bu məsələni media nümayəndələri daha yaxından araşdırmalı və diqqətdə saxlamalıdır. Çünki verilən bir qərardan sonra eyni məsələ ilə bağlı yenidən müraciət edilibsə yəqin ki, müraciət edən tərəf 2018-ci ildən daha fərqli qərar çıxacağına ümid edir. Qərar necə olacaq bilmirik. Amma hər bir halda, bu qərar vətəndaşların əmanətlərinə təsir etməməlidir”.

Hüquqşunasın sözlərinə görə, digər tərəfdən, qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu 90 gün ərzində vətəndaşların depozitlərini qaytarmalıdır. Artıq 90 günə bir neçə gün qalmasına baxmayaraq, hələ də bu ödənişlər tam həyata keçirilməyib və vətəndaşlar 90 gündür ki, əmanətləri ilə birlikdə ondan əldə edəcəyi faydanı da itirməkdə davam edirlər. Halbuki, vaxtında bu depozitləri alsaydı əgər, onu başqa banka əmanət edib faizini alardı.

İyulun 11-də Mərkəzi Bank media açıqlamasında bildirib ki, bundan əvvəl də “Dəmirbank”ın timsalında belə presedent olub və Konstitusiya Məhkəməsinin qərarı ilə bu insanların əmanətləri qaytarılıb: “Bu məsələdə də biz ümidliyik ki, həmin insanların əmanətlərinin hamısı ödəniləcək”.

Sübhan Həsənlinin sözlərinə görə, Mərkəzi Bankın açıqlamasından da görünür ki, məhkəmənin bu mövzuda əvvəl verdiyi qərar bəlli ola-ola yenidən məhkəməyə sorğu göndərilib.

Konstitusiya Məhkəməsinin baş nazirin sorğusuna iyulun 28-də baxacağı gözlənilir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching