Oxuduğunuz məqalə

Azərbaycan müxalifəti radikaldırmı? [Analiz] by Kərtənkələ

5 min read

Bu yazını paylaşın:

Abzas

Prezident İlham Əliyev mayın 13-də deyib ki, özünü “radikal müxalifət” adlandıran marginal qruplaşma Azərbaycanda vəziyyəti pisləşdirmək istəyir. Prezident qeyd edib ki, bu qrup hökumətin koronavirus pandemiyası dövründə apardığı siyasətinə kölgə salmaqla məşğuldur.

İlham Əliyev “radikal müxalifət” dedikdə Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasını nəzərdə tutub.

“Fakt Yoxla” “radikal müxalifət” ifadəsinin siyasi anlamını və  “radikal” sözünün Azərbaycan müxalifətinə şamil edilməsinin doğru olub-olmadığını araşdırıb.

“Radikalizm” anlayışı siyasi lüğətə XVIII əsrin sonunda daxil olub və latınca “radix”, yəni “kök”, “radikalix” – “köklü” sözündən yaranıb. Siyasətdə “radikalizm” deyəndə adətən kompromisə getməkdən imtina edən, müəyyən dəyərləri paylaşmayanlara düşmən münasibəti göstərən ifrat siyasi qüvvələr nəzərdə tutulur. Belə olduqda, radikalizmi hakim sosial-siyasi institutları inkar edən, qəti hərəkət və tədbirlər tərəfdarlarına verilən ad hesab etmək olar.

Bu cür siyasi ideologiya mənsubları mövcud sosial və siyasi reallığı kökündən və birdəfəlik dəyişməyi və müəyyən hədəfə çatmağı qarşılarına məqsəd qoyurlar.

Bəzi hallarda radikal siyasi hərəkatlar məqsədlərinə çatmaq üçün zorakılığı, silahli mübarizəni və terror yolunu da məqbul görürlər. Radikalizm həm qatı solçu, həm də qatı sağçı hərəkatlara xas xüsusiyyətdir.

Bununla belə, günümüzdə mövcud olan əksər radikal hərəkatlar və partiyalar siyasi proseslərdə iştirakı və elektoral siyasətə üstünlük verilər. Məsələn, Almaniyada ultrasağçı Millətçi Demokrat Partiyası 2004-cü ildə Saksoniyada 9.2%, 2005-ci ildə bütöv Almaniya ərazisində isə 1.6% səs toplamışdı. Bu cür hərəkatlar azsaylı və marginal olduqları üçün seçkilərdə tez-tez öz ideologiyalarına müəyyən qədər yaxın olan iri partiyaları və namizədləri dəstəkləyirlər.

ABŞ-da radikal hesab olunan ifrat və alternativ sağçı və irqçi qruplar 2016-cı ildə Donald Trampın namizədliyini dəstəkləmişdilər. Bununla belə, Tramp onlarla əlaqəsinin olmadığını bildirmişdi.

Siyasi mübarizədə legitim iştirakı seçən radikal hərəkatlar qeyri-radikal mübarizə üsullarını seçsələr də, radikalizm onların ritorikalarında və proqramlarında öz yerini tapır. Bu cür mötədil radikalizmlə yanaşı ifrat radikal hərəkatlar da qeyri-qanuni hesab edilən mövcudluqlarını davam etdirirlər. Buna misal olaraq qadağan olunmuş, müxtəlif siyasi ideologiyalara sahib terror təşkilatlarını və ekstremist qruplaşmaları göstərmək olar.

Radikalizm tam fərqli ideologiyalara mənsub siyasi cərəyanlara xas ola bilər. Tarixçilər və siyasi nəzəriyyəçilər bolşevizmi, alman nasizmini, italyan faşizmini, amerikan Ku-Kluks-Klanını radikal siyasi hərəkatlara misal kimi göstərirlər. SSRİ-də sol ideologiya dominant olsa da, burada “sol radikalizm” deyəndə, dominant doktrinanı qəbul etməyən sol SR-lər (Sosialist-İnqilabçılar Partiyası), trotskiçilər, daha sonra isə maoçular nəzərdə tutulurdu.

Silahlı mübarizə və terror metodlarından istifadə edən və İslam dininə aid şüarlardan istifadə edən qruplaşmaları media tez-tez “radikal islamçı” adlandırır. Məsələn, həm “Taliban”, “Hizbullah”, həm də onlardan daha qatı və barışmaz olan “İŞİD” kimi hərəkatlar haqda tez-tez “radikal” ifadəsindən istifadə olunur. Bu ifadəylə yanaşı “ekstremizm” anlayışından da tez-tez istifadə olunur.

“Radikalizm”ə verilən mənfi və neytral təriflə yanaşı, bu ifadəni müsbət qəbul edənlər də olub. Bunu XIX əsrin əvvəllərində Fransa və Almaniyada fəaliyyət göstərən liberal və sol anti-monarxist demokratik hərəkatlara aid etmək olar. Onların əsas xüsusiyyəti inqilabi mahiyyət daşımaları idi. Əlavə olaraq, son zamanlar bu məsələ ilə bağlı ABŞ mediasında yaranmış debatlarda radikalizmin müəyyən formalarına müsbət qiymət verənlər var idi. Zamanında quldarlıqla mübarizə aparan abolisionistlərə, işçi haqlarını müdafiə edənlərə və ya sülh tərəfdarlarına, digər tərəfdən ABŞ-da dövlət müdaxiləsinə qarşı olan mütləq kapitalizm tərəfdarları da radikal adlandırılırdı. Buna görə də, bəzi müəlliflər bu anlayışın kontekstə uyğun olduğuna işarə edirlər.

Marksizmi liberalizmin müəyyən dəyərləri ilə sintez edərək yeniləməyə çalışan argentinalı filosof Ernesto Laklau və belçikalı siyasi nəzəriyyəçi Şantal Muff “radikal demokratiya” anlayışını təklif ediblər. “Radikal demokratiya” Qərbdə mövcud liberal demokratik sistemlərdə islahatlar keçirərək, siyasi sistemdə “görünməyənlərin” iştirakını təmin etməyi və geniş debat mədəniyyətinin yaradılmasını nəzərdə tutur. Onlar öz nəzəriyyələrinə həm də “radikal reformizm” deyərək, “radikal” sözünü bu kontekstdə müsbət qiymətləndirirlər. Azərbaycan dilinin izahlı lüğətində “radikal” sözünə “köklü, əsaslı, qəti, çox təsirli” tərifi verilir.

Bununla belə, “radikalizm” ifadəsi əksər hallarda mənfi çalarlarda istifadə edilir. Hökumət təmsilçilərindən başqa, hökumətə yaxın ekspertlər və media qurumları da “radikal müxalifət” ifadəsindən vaxtaşırı istifadə edirlər.

Beynəlxalq praktikada “radikal” ifadəsi fərqli kontekstlərdə istifadə edilsə də, Azərbaycanda “radikal müxalifət” meyarı kimi müxalif qüvvələrin hakimiyyətin təklif etdiyi şərtlər altında dialoqa getməkdən imtina etmələri, hakimiyyətin islahat kimi təqdim etdiyi siyasəti tənqid etmələri və islahat kimi qəbul etməmələri, həmçinin mitinq və kütləvi aksiyaların tərəfdarları olmaları göstərilir.

AXCP və Müsavat Partiyasının siyasi tələblərinə və məqsədlərinə nəzər saldıqda görünür ki, onlar mübarizə üsulu kimi yalnız dinc siyasi prosesdə iştirakı seçiblər və zorakılığı məqsədə çatmaq üçün üsul olaraq qəbul etmirlər.

AXCP-nin proqramında qeyd olunur ki, partiya ölkədə çoxpartiyalı sistemin formalaşdırdığı parlamenti daimi dialoqun təminatı, dinc və demokratik siyasətin əsas dayağı kimi görür, siyasi mübarizədə hər cür zorakılığı inkar edir və öz fəaliyyətini yerli qanunvericiliyə, ölkənin bu sahədə qoşulduğu beynəlxalq konvensiyalara, habelə ATƏT-in Venesiya Kommissyasının tələblərinə uyğun qurur.

Müsavat Partiyasının proqramında isə bildirilir ki, ölkənin dinc yolla inkişafını istəyən Müsavat köklü seçki islahatlarının tərəfdarıdır. Bundan başqa, proqramda bildirilir ki, Müsavat bütün ictimai və siyasi qüvvələrin, iqtidarla müxalifətin daimi dialoqu, ümumilli problemlərin birgə müzakirəsi, siyasi mübarizənin qanuni və mədəni qaydalarla aparılması, hər cür zorakılığın hamılıqla pislənməsi və rədd edilməsi tərəfdarıdır.

Beləliklə, hakimiyyətin “radikal müxalifət” adlandırığı qüvvələrin məqsədlərinə nəzər saldıqdan sonra iddia etmək olar ki, onlar hakimiyyətə gəldikdən sonra mövcud sosial-siyasi reallığı məhv edib, yenidən qurmaq məqsədinə sahib deyillər. Bu siyasi təşkilatların səsləndirdikləri məqsədləri radikal hesab etmək mümkün deyil, çünki onların hədəfləri mövcud konstitusional əsasların, hüquqi və iqtisadi sistemin məhv edilməsini və ya hər-hansı zorakılığı nəzərdə tutmur.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, AXCP və Müsavat Partiyasını radikal adlandırmaq “radikalizmin” ifadəsinin neqativ və ya neytral mənası ilə üst-üstə düşmür.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching