Oxuduğunuz məqalə

‘Azadlıq’ qəzetinin müxbiri və daha bir cəbhəçinin saxlandığı deyilir

 

Bu yazını paylaşın:

Azadlıq Radiosu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai şöbəsinin üzvü İslam İslamzadə və “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin saxlandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna partiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, İslam İslamzadə günorta saat 13.00 radələrində saxlanıb:

“Həyat yoldaşıyla birlikdə övladlarına kitab almaq üçün Qış parkının yaxınlığında yerləşən mağazaya gediblər. Xanımı mağazadan çıxanda görüb ki, nə maşını var, nə də özü. Telefonuna da zəng çatmır”.

Təzəxan Mirələmlini isə partiya sədri Əli Kərimlidən evində müsahibə alıb çıxanda mülki geyimli şəxslərin tutub apardıqları qeyd edilir.

Daxili İşlər Nazirliyindən adları çəkilən şəxslərin saxlanması barədə deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Aprelin 17-də Abşeron rayon Məhkəməsinin qərarıyla AXCP-nin başqa bir üzvü Vüqar Əbilli da polisə müqavimətdə suçlanaraq, inzibati qaydada 20 sutka həbs olunub. Son on gündə 6 nəfər AXCP fəalı İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə həbs olunub. Onlardan AXCP sədrinin köməkçisi Faiq Əmirli, mühafizəçiləri Ruslan Əmirov, Niyaməddin Əhmədov, partiya fəalları Baba SüleymanovNicat Abdullazadənin hər birinə 30 sutka həbs cəzası verilib.

Bundan əlavə, AXCP məlumat yayıb ki, aprelin 15-dən partiya sədri Əli Kərimlinin həm özünün, həm də ailə üzvlərinin telefon və internet əlaqələri məhdudlaşdırılıb.

AXCP baş verənləri partiyaya qarşı təzyiqlərin növbəti dalğası kimi dəyərləndirir. Partiya hesab edir ki, hakimiyyət karantin rejimindən fəalları cəzalandırmaq üçün də istifadə edir.

Daxili İşlər Nazirliyi isə xüsusi karantin rejimi çərçivəsində müxalifət nümayəndələrinin təqib olunması haqda fikirlərin əsassız olduğunu bəyan edib.

“Obyektivlikdən sözsüz ki, kənar olan həmin iddiaların heç bir əsası yoxdur. Bu cür qərəzli fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyil. Əqidəsindən,... asılı olmayaraq, cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır”, - rəsmi açıqlamada vurğulanır.

Amma AXCP sədri Əli Kərimlinin həm özünün, həm də ailə üzvlərinin telefon, internet əlaqələrinin məhdudlaşdırılması ilə bağlı açıqlamaya gəldikdə isə, buna, hələlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda da martın 24-dən aprelin 20-nə kimi karantin rejimi elan edilib. İndi dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching