Oxuduğunuz məqalə

Azərbaycanda karantin rejimi daha da sərtləşdirilib, amma insanlar qadağaları tam anlamır by Kərtənkələ

2 min read

Bu yazını paylaşın:

JAMNEWS

Evdən çıxışa qoyulan məhdudiyyət, küçələrin dezinfeksiyası, insanların çaşqınlığı və qəzəbi

Azərbaycanda Covid-19 koronavirusu ilə mübarizə məqsədilə elan olunmuş karantin rejimi daha da sərtləşdirilib. İnsanlardan “evdə qalmaq” tələb olunur, onlar isə anlamırlar ki, indi hara getmək olar, hara getmək olmaz.

Martın 31-ə olan rəsmi məlumata əsasən, Azərbaycanda 273 Covid-19 virusuna yoluxma halı qeydə alınıb. Yoluxanlardan dörd nəfər ölüb, iyirmi nəfər sağalıb.

Martın 30-da Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumata əsasən, insanlar indən belə öz evlərində qalmağa borcludur, yalnız xüsusi ehtiyac olduğu zaman küçəyə çıxmaq olar – həkimə və ya mağazaya, zibil atmağa və ya işə getmək üçün. Bununla belə ərzaq dalınca evə ən yaxın mağazaya getmək tövsiyə olunur.

Yeni qaydalar aprelin 20-ə qədər (daxil olmaqla) qüvvədə olacaq.

Əksər müəssisə və təşkilatların fəaliyyəti də eyni müddətə dayandırılıb. Yalnız ərzaq mağazaları və apteklər, istehsal və kənd təsərrüfatı müəssisələri, banklar, poçt, tibb müəssisələri, kommunal və sosial xidmət, o cümlədən də kimyəvi təmizləmə, avtoservis və avtoyuma, baytarlıq klinikaları və zoomağazalar işini davam etdirir.

İnsanların sosial şəbəkələrdəki reaksiyalarından onların nəyə icazə verildiyi, nəyə icazə verilmədiyini anlamadıqları anlaşılır. Məsələn, banka və ya təzə ət almaq üçün qonşu mikrorayondakı bazara getmək olarmı? Əgər kimyəvi təmizləmə açıqdırsa, deməli, qış paltonu təmizlətməyə aparmaq olar, bu da xüsusi ehtiyac sayılırmı?

Həmçinin bəziləri hakimiyyətin bu tədbirləri niyə “fövqəladə hal” yox, “gücləndirilmiş karantin rejimi” adlandırdığı aydın deyil, halbuki martın 30-dan küçələrdə patrul nəzarətinə polislə yanaşı daxili qoşunlar da cəlb olunub.

Sosial şəbəkələrdə bu günlərdə iki tip videolar xüsusi populyarlıq qazanıb.

Birincilərdə insanlar xüsusi kombinezonlarda Bakı küçələrini dezinfeksiya edirlər. Bu mənzərə kifayət qədər “səhnələşdirilmiş” kimi görünür, xüsusən də fonda müvafiq musiqi verildiyi zaman. Çoxlarını bu cür videolar xeyli güldürür.

İkinci tip videolar isə əksinə, qəzəb doğurur. Bu videolarda metrro stansiyaları qarşısında izdihamlar və vaqonlarda basabas əks olunub. Yəni vəziyyət karantin şərtlərinə və məsafə gözləmək qaydasına tam ziddir. Hər şey ona görədir ki, Bakı metropoliteni məhdudlaşdırılmış iş rejiminə keçib və gün ərzində cəmi bir neçə saat fəaliyyət göstərir.

Cəmiyyətdə qəzəb doğuran başqa bir məsələ hakimiyyətin indiyə qədər epidemiyadan və karantin rejimindən ən çox ziyan çəkənlərin: xırda və orta biznesin, işsiz qalan və dolanışıq imkanını itirənlərin dəstəklənməsi ilə bağlı heç bir tədbir görməməsidir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching