Oxuduğunuz məqalə

Azərbaycanda daha iki lokdaun günü gözlənilir. İnsanlar narazıdır və prezidentə məktub yazırlar

 

Bu yazını paylaşın:

JAMnews

Gələn bazar və bazar ertəsi, yəni 14-15 iyun Azərbaycanın böyük şəhərlərinin sakinlərinə yenidən evdən çıxmaq qadağan olunacaq, bütün mağazalar, hətta apteklər də bağlı olacaq. Koronavirusun yayılması ilə mübarizənin bu metodu ötən həftəsonu sınaqdan keçirilib. Və bu sınaq cəmiyyətdə gərginliyin son həddə qədər yüksəlməsinə səbəb olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın hər şeyə rəğmən eyni eksperimenti təkrarlamaq qərarını açıqlayandan sonra bəzi sosial şəbəkə istifadəçiləri ölkə prezidenti İlham Əliyevə məktub ünvanlayıb, lokdaun qərarını ləğv etməsini xahiş ediblər.

Rəsmi statistikaya əsasən, hazırda Azərbaycanda 8191 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 4606 nəfər sağalıb, 98 nəfər ölüb, 3487 nəfərin müalicəsi davam edir. Hər gün 300-ə qədər yeni yoluxma halı təsdiqlənir.

Azərbaycanda iyunun 15-ə qədər davam etməli olan xüsusi karantin rejimi iyulun 1-ə qədər uzadılıb. Amma iyunun 15-də ölkə daxilində aviareyslər bərpa olunacaq.

Ötən həftəsonu nə baş verib?

Şənbə və bazar günü (6-7 iyun) Azərbaycanın böyük şəhərlərinin sakinlərinə hətta zibil atmaq və itini gəzdirmək üçün də evdən çıxmaq qadağan edilib.

Bəzi hallarda təcili yardım çağırışa gəlməkdən imtina edib. Dərman əldə etmək də mümkün olmayıb.

Məhəllələrdə polis maşınları dolaşaraq, karantin pozucularını kobud şəkildə saxlayıblar. Nəticədə Bakıdakı binalardan birinin sakinləri etiraz əlaməti olaraq polis maşınının üstünə öz balkonlarından zibil atıblar.

Səhəri gün bu binaya çevik polis alayı yeridilib, onlar 11 nəfəri evlərindən zorakılıqla çıxarıb aparıblar. Bu saxlanılmaların videoları internetdə yayılıb və böyük qalmaqala səbəb olub. Sosial şəbəkə istifadəçiləri polisə nifrət edənlərə və saxlanılanların özlərini günahkar sayanlara bölünüb.

İctimai fəal və keçmiş siyasi məhbus Qiyas İbrahimov bununla əlaqədar olaraq birnəfərlik etiraz aksiyası keçirib – yaşadığı binanın damına çıxaraq xalqı polis özbaşınalığına etiraza səsləyib.
Bütün bunların fonunda artıq çoxları koronavirusu daha az təhlükə kimi qəbul edir.

İndi necə olacaq?

Ötən lokdaundan fərqli olaraq insanlara itlərini gəzdirməyə və həyati təhlükə olarsa şəxsi avtomobillərlə hərəkət etməyə icazə veriləcək. Qalan məsələlərdə isə hər şey ötən dəfəki kimi olacaq.

Azərbaycanda çoxları bu məlumatı dəhşətlə qəbul edib və depressiyaya düşüb. Bəziləri ciddi şəkildə bu cür özünü doğrultmayan tədbirlər fonunda polis özbaşınalığının daha pis nəticələrə gətirib çıxaracağından qorxur.

JAMnews-un siyasi şərhçisi Şahin Rzayev hesab edir ki, “Operativ Qərargah özünü İkinci Nikolayın ətrafı kimi aparır. Guya yoluxma ilə mübarizə aparmağa çalışırlar, bunun əvəzində isə inqilabı yaxınlaşdırırlar”.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching