Oxuduğunuz məqalə

Bir ölkə şəxsi biznesə çevriləndə: Azərbaycan MMC

 

Bu yazını paylaşın:

Kərtənkələ Press Orijinal

English version/Русская версия

Xəbərlər, son dövrlərdə ortaya çıxan korrupsiya qalmaqalları və daha bir çox nüans dünyanın müxtəlif ölkələrində məmurların dövlət büdcələrindən necə sui-istifadə etdiklərini, ölkənin maraqları üçün yox, öz şəxsi maraqları üçün büdcəni necə talan etdiklərindən bəhs edir. İstər ABŞ, Rusiya, Çin istərsə də Azərbaycan olsun, belə görünür ki, ölkəni bir növ şəxsi biznes kimi idarə etmək artıq bir tendensiyaya çevrilib. Daha da acınacaqlısı odur ki, ölkənin resursları hakimiyyətdə olan bir və ya bir neçə ailənin şəxsi portfelindəki aktivlərə çevrilir.

Rusiya, ABŞ və həmçinin Hollandiyanın bəzi bölgələrində bələdiyyə başçıları şəhər menecerləri ilə əvəz edildi. Bu terminologiyanın arxasındaki fikir budur ki, xalq idarə edilməsi lazım olan bir resursdur – halbuki əslində bunun tam əksi olmalıdır. Dövlət məmuru dedikdə insanlara xidmət edən, şəhərin və ya ölkənin resurslarını əhalinin xeyrinə olacaq şəkildə işlədən və idarə edən bir şəxs başa düşülməlidir. Belə görünür ki, bir çoxları vətəndaş və dövlət arasındaki münasibətləri müştəri və biznes arasındaki münasibətlərlə qarışıq salır.

Bu məqalədə əvvəlcə dövlət və biznes anlayışlarını müzakirə edəcək, daha sonra isə dövlətlərin öz orijinal məqsədlərinə, yəni xalqa xidmət etməyə tamamilə zidd bir şəkildə şəxsi biznes kimi fəaliyyət göstərmələrinin müxtəlif yollarını təhlil edəcəyik.

Dövlət anlayışı

Eyni vaxtda həm yaxşı həm də pis ola bildiyi üçün dövlət anlayışı başa düşülməsi çətin bir anlayış ola bilər. Pis tərəflərini bir kənara qoysaq, dövlətə olan ehtiyac bir insan olaraq təcavüzdən və ya ədalətsizlikdən qorxmadan cəmiyyətdə yaşamaq ehtiyacımızdan irəli gəlir. Dövlət hər birimizə öz hüquqları çərçivəsində hərəkət etmək imkanı yaradır. Dövlətin növündən asılı olaraq, hər bir ölkə vətəndaşı dövlət büdcəsinə vergi verir və bu vergilər daha sonra əhalinin dolanışığını yaxşılaşdırmaq, iqtisadi və texnoloji inkişaf, səhiyyə və təhsil sistemini təşkili və digər fərqli sahələri dəstəkləmək məqsədilə yenidən üçün bölüşdürülür.

Bu nöqteyi nəzərdən, dövlətin var olma səbəbi azadlığımıza ədalətli məhdudiyyətlər qoyan və zorakılıq, oğurluq, soyğunçuluq, zor tətbiq etmə kimi səhvləri cəzalandıran ədalətli və hamı üçün bərabər bir hüquq sistemi yaratmaqdır. Bir tərəfdən bir ölkənin vətəndaşlarını idarə edən bir hökumətin olması zəruridir, digər tərəfdən isə hər hansı bir hökumətin səlahiyyətləri məhdudlaşdırılmalı və hökumətin özü də səhvlərinə görə məsuliyyətə cəlb edilməlidir. (E. Read, 2018).

Biznes anlayışı

Biznes dedikdə adətən mənfəət əldə etmək üçün birlikdə işləyən şəxslərdən ibarət bir təşkilat başa düşülür. Biznes təşkilatı içərisindəki insanların iyerarxik mövqeyindən asılı olaraq, şirkət mənfəətlərini artmaları və ya investorları xoşbəxt etmək, şəxsi dəyərlərini artırmaq, aktivləri artırmaq, yenidən investisiya etmək kimi fəaliyyətləri onlara bu təşkilatdaki işlərini itirməmələri üçün bir növ zəmanət verir.

Bir şirkət və ya biznes haqqında danışarkən ağlımıza strateji planlaşdırma, məqsədlərə çatmaq, xərcləri azaltmaq, xərclərin optimallaşdırılması, marketinq, investisiya menecmenti, investorlar və s. kimi bir çox söz gəlir. Bu biznes təşkilatı iqtisadi fəaliyyətlərini qanuni formada həyata keçirdiyi və fəaliyyət göstərdiyi ölkənin qanunlarına əməl etdiyi təqdirdə gəlir qazana bilər. Ona görədə ölkədəki hökumət biznes azadlığını müəyyən dərəcədə məhdudlaşdırır və hərhansı bir səhv iş gördükdə onu cəzalandırır.

Təəssüf ki, bu iki anlayış bir biri ilə həddindən artıq çox səhv salınır.

Xərclərin idarə edilməsi

Hər bir biznes üçün əsas məsələlərdən biri xərclərin idarə edilməsidir. Xüsusilə də çətin dövrlərdə şirkətlər gəlirləri azaldıqca xərclərini optimallaşdırılması müstəsna əhəmiyyət daşıyır. Bəziləri işçilərini ixtisar edir, digərləri isə problemin həllini daha ucuz təchizat variantlarını axtarmaqda və ya reklam xərclərini azaltmaqda görür. Şirkətlər mövcud iş mühitinə uyğunlaşmalı olduqlarından bu cür metodlara əl atmaları normaldır. Əgər iqtisadi təhsiliniz minimum səviyyədədirsə, bu vəziyyətin çatışmazlıq və resursların mövcudluğu anlayışlarına aid olduğunu qeyd edə bilərik.

Keçmişdə digər şirkətlər xərclərin idarə edilməsi və gəlirlərin optimallaşdırılması üçün daha aşağı etik səviyyəsi ilə seçilən metodlara əl atmışlar. 2019-cu ilin əvvəlində, dünya şöhrətli video oyun şirkəti olan Blizzard, bir il əvvəl rekord qazanc əldə etməsinə baxmayaraq 800-dən çox işçisini işdən azad etdiyi üçün diqqət mərkəzində idi. Bu, şirkətin öz müştərilərinə keyfiyyətli xidmət göstərmək yerinə səhmdarlarının qeydinə qalmağı və öz gəlirlərini artırmağı üstün tutduğunu göstərən bir fakt idi.

Azərbaycan vətəndaşlarının böyük bir hissəsi dövlət sektorunda, məsələn neft və qaz sənayesin, təhsil, səhiyyə və ya dövlət idarəetməsi kimi sahələrdə çalışır. Təbii ehtiyatlardan yüksək gəlir əldə edilməsinə baxmayaraq, dövlət vətəndaşlara daha yaxşı maaş, ya da sosial təminat və ya pensiya verməkdən boyun qaçırdır...Əvvəlki məqaləmizdə qeyd edildiyi kimi, müəllimlər cüzi maaş alır və normal bir həyat yaşamaq üçün kifayət qədər pul qazanmaq üçün çətinliklərlə üzləşməli olurlar. Eyni şeyi həkimlərimiz və tibb işçilərimiz üçün də deyə bilərik. Hətta ARDNŞ, BP, Total və başqa şirkətlərdə rəhbər vəzifələrində işləyənləri çıxsaq, digər işçilərin vəziyyətləri də yuxarıdakılardan fərqli deyil.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilişi zamanı bir neçə QHT kənd işçilərinin necə dolandırılması, saxta və ya səhv müqavilələrə imzaların atılması, təhlükəli mühitlərdə işləyərkən belə işçilərin sosial təminatının olmaması barədə məlumat vermişdi. Digər məsələlər isə kənd yerlərində yaşayan qadınların məcburi şəkildə seks işçilərinə çevrilmə hallarının arması ilə bağlı idi. BTC boru kəmərinin siyasi və iqtisadi təsiri olduqca böyükdür və xüsusilə geosiyasət baxımından Avropanın Azərbaycanı yeni bir sabit neft və qaz tədarükçüsü kimi görməyə başlamasına şərait yaratmışdır, amma bütün bunlar bütövlükdə əhalimizin yaşayışına öz müsbət təsirini göstərə bilmədi.

Mənbə: ARDNŞ (SOCAR) veb saytı, 2020.

Təbii sərvətlərin suveren fondunun (SOFAZ) mövcudluğuna baxmayaraq, hökumətimiz neft və qaz gəlirlərinə çətin vaxtlar üçün qənaət edə bilmədi. Amma əslində 2014-cü ildən bəri fondun gəlirlərinin 60%-indən çoxu dövlət büdcəsinə köçürülüb. Kim bilir, bəlkə də elə bu pulların sayəsində İran və Ümumdünya Səhiyyə Təşkilatına ümumilikdə 10 milyon dollarlıq koronavirus yardımını maliyyələşdirə bildilər. Dəqiq bildiyimiz şey budur ki, hətta ən pik illərdə belə Azərbaycanda sosial bərabərsizlik artmaqda idi.

Dünyadakı bütün şirkətlər investorların kapitallarını geri çəkməsi təhdidinə görə gəlirlərini artırmaları üçün təzyiqə məruz qalsalar da, hökumətin də bu şəkildə davranmasına ehtiyac yoxdur. Azərbaycanda SOFAZ-ın vəsaitləri daim sui-istifadə olunur, həm böyümə, həm də iqtisadi krizis dövründə dövlət büdcəsini artırmağa yönəldilir. Korrupsiyalaşmış bir hökumət, büdcənin çox hissəsi müəyyən insanların cibinə yığıldığı üçün nə olursa olsun büdcədəki vəsaiti artırmağı təşviq edir, digər tərəfdən də xərcləri minimuma endirir (məsələn, aşağı maaşlar).

Risklərin menecmenti

Risklərin menecmenti hər hansı bir biznes üçün lazım olan standart prosesedurlardan biridir. Bir şirkət nə qərar verirsə versin, həmişə müəyyən risklər almış olur. Məsələn, bir şirkət yeni bir innovativ məhsulu bazara çıxarırsa, kifayət qədər tələbi olmayan bir məhsulu bazara çıxarmaq riskini və ya həddindən artıq tələbin olması ucbatından istehsal gecikmələri, tələsik və keyfiyyətsiz formada istehsal olunan bir məhsula investisiya qoymaq kimi fərqli risklər alır. Məhz buna görə də şirkətlər qarşıya çıxabiləcək hər hansı bir problemə hazırlıqlı olmaq və bu problemlərdən yaranan itkiləri minimuma endirmək üçün riskləri əvvəlcədən qiymətləndirməlidir.

Eyni şəkildə, şirkətlər böhran baş verdikdə də riskləri idarə etməlidirlər. 2008-ci ildə Avropanın “Société Générale” şirkəti menecerlərinin fəaliyyətlərinə görə məsuliyyət götürməkdən imtina etmiş və təxminən 5 milyard avro ziyana görə yalnız bir treyder – Jerome Kervieli məhkəməyə verərək imicini xilas etməyə çalışmışdı. Bu hadisə ilə Azərbaycan hökumətinin öz imicini xilas etmək üçün Hacıyev skandalında Əliyev-Paşayev klanının və hakim elita ilə əlaqəli digər şəxslərin, o cümlədən Rasim Əsədov, Yaqub və Emin Eyyubov, Azər Qasımov və Əli Nağıyevin rolunun olduğunu etiraf etməkdən boyun qaçırtması arasında çox bir fərq yoxdur.

Daha yaxın tarixdə baş verən bir hadisədə, Çin Kommunist Partiyası, Covid-19-un Hubei bölgəsində yayılmasına görə məsuliyyət götürməkdən imtina edərək liderləri Xi Jinping'i qorumağa çalışdı. Çin Kommunist Partiyası virusun geniş yayılması haqqında ictimaiyyəti məlumatlandırmaq əvəzinə bir ovuc dövlət məmurunu işdən azad etmək və ya vəzifələrini endirməklə diqqəti Pekindən Wuhan-a yönəltmək qərarına gəldi.

Mənbə: Çin Prezidenti Xi Jinping 15 Mart 2019-cu ildə Pekində keçirilən Xalq Qurultayının dördüncü və son plenar iclasında. ANDREA VERDELLI/GETTY IMAGES

Bunların hər ikisi, bir çox bizneslərin səhmdarlarını (Hacıyev məsələsində, çirkli pulların yuyulması sxeminə daxil olan hər kəsi) qorumaq, daha çox itkiyə yol verməmək (Qərbdəki müttəfiqlərinin dəstəyini itirməmək) və imicini qorumaq (xalq arasındaki imicini itirməmək) üçün tətbiq etdiyi böhran menecmenti strategiyalarına misaldır. Bundan əlavə, Əliyev-Paşayev klanı Cahangir Hacıyevi məhkəməyə verərək ölkədəki iqtidar üçün potensial bir təhlükəni də aradan qaldırmış oldu. İstənilən risk menecmenti kursunun sizə öyrədəcəyi ilk şey budur: aktivlərinizə və gəlirlərinizə dair bütün təhlükələri müəyyən edin və onlara nəzarət edin.

Hökümətin, məsələn, iqtisadiyyatı təbii ehtiyatlar sektorundan şaxələndirməklə riskləri idarə etməsi normaldır. Lakin hökumətin öz yanlış addımlarına və qanun pozuntularına görə məsuliyyətə cəlb edilməməsinə normal baxmaq olmaz.

Ailə biznesi

2016-cı ildən bəri bir çoxumuz Prezident Trump-ın demək olar ki hər gün paylaşdığı gülünc tvitlərini və mitinq çıxışlarını lağa qoyuruq, ancaq bunlar sadəcə bir fikir yayındırma taktikasıdır. Bəziləri sözlərini təbliğ edir, bəziləri isə ona konkret nifrət edir, amma həqiqət budur ki Trump ABŞ-ı şəxsi bir biznes kimi idarə edir, ailə üzvlərini və həmçinin müvafiq təcrübəsi olan və ya olmayan insanları ən yüksək dövlət vəzifələrinə təyin edir və bunu bütün Trump ailəsinin daşınmaz əmlak daxil olmaqla müxtəlif sahələrdəki maraqlarının toqquşmalarını müzakirə etmədən gerçəkləşdirir. Trump, bir iş adamı olaraq bir ölkəni idarə etmək üçün mükəmməl şəxs olduğunu dəfələrlə qürurla bildirmişdir. Həqiqət budur ki, əgər məqsəd ABŞ-ı iflas vəziyyətinə salmaq idisə, bu cəhətdən artıq uğur qazanıb deyə bilərik.

Azərbaycanda hakimiyyət 2003-cü ildə 76,84%-lik şüphə doğuran çox yüksək bir göstərici ilə atadan oğula ötürülmüşdü. 2003-cü ildə Əliyevlər uşaqları üçün münbit şəraiti artıq hazırlamışdılar. Sızdırılan Panama Sənədləri sayəsində məlum oldu ki, 2005-ci ildə Mehribanın vergilər naziri Fazil Məmmədovla birlikdə yaratdığı “UF Universe” Fondununun gəlirlərinin 20%-i onların oğlu Heydər Əliyevə, 30%-i  isə Leyla və Arzuya gedir. Panamada yerləşən bir çox gizli şirkətlər vasitəsilə qurulan bu fondun böyük bir hissəsi, Azərbaycanda dağ-mədən, neft-qaz, telekommunikasiya və bank sənayesində səhmləri olan Ata Holdinqə aid idi. 2017-ci ildə prezidentin həyat yoldaşı yeni vitse-prezident seçildi və prezident olmaq üçün minimal yaş həddi 18-ə endirildi və beləcə övladlarının prezident postuna gələ bilməsi üçün şərait yaradılmış oldu.

Bir şirkətdəki səhmlərin ailə üzvlərinə ötürülməsi hər hansı bir biznesmen üçün məqbuldur, çünki həmin şəxs bu səhmlərin faktiki sahibidir. Dövlət resursları isə heç bir dövlət məmurunun şəxsi mülkiyyəti deyil, əksinə, bu resurslar ölkənin vətəndaşlarına məxsusdur və onların xeyrinə istifadə edilməlidir.

Nəticə

Problem ondadır ki, bir şirkət mənfəətlərindən sui-istifadə edərsə və ya qanunsuz bir iş görərsə, dövlət onları cəzalandırır. Dövlət özü bu cür səhv addımlar atdıqda isə reaksiya verməli olan tərəf xalqdır. Dövlətlər xalq üçün mövcuddur: xalq hökumətin müştərisi yox, onun müdiridir.

Yuxarıda sadalananların hamısı ölkəmizdə və dünyanın başqa yerlərində baş verənlərə yalnız bir neçə nümunədir. Ən çox narahat edən odur ki, oğurluğa əl atanlar çox vaxt imtiyazlı vəzifələrdə olan şəxslərdir, lakin o qədər acgözlüdürlər ki, öz ölkələrini və insanlarını qarət etməkdən çəkinmirlər.

Hökumətlər, ayrı-ayrı şəxslərin toplusundan ibarətdir – eynilə bizim kimi insanlardan. Ədalətsiz hökümətlərə və korrupsiyalaşmış dövlət məmurlarının fəaliyyətlərinə kütləvi şəkildə reaksiya verilməsə bu şəxslər şəxsi mənfəətləri naminə səlahiyyətlərindən sui-istifadə etməyə davam edəcəklər (E. Read, 2018). Əgər sabahkı gün dövlət vəsaitindən sui-istifadə etməkdə şübhəli bilinən hər bir vəzifəli şəxs işdən azad olunarsa, o zaman eyni fikirdə olan şəxslərin təzədən seçilməsini və oğurluq əməllərinə davam etmələrinin qarşısını alan heç bir şey yoxdur.

Son parlament seçkiləri bunun bariz bir nümunəsidir. Heç bir real dəyişiklik baş vermədi və ölkədə sonrakı illərdə uğurlu islahatların həyata keçirilməsi ehtimalı yenə çox zəif olaraq qaldı. Prioritet isə eyni olaraq qalır: təbii ehtiyatların xalqdan oğurlandığı mövcud oliqarxik və kleptokratik sistemin qorunması və davam etdirilməsi.

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching