Oxuduğunuz məqalə

Azərbaycan iqtisadiyyatını nə gözləyir - Natiq Cəfərli ilə müsahibə

 

Bu yazını paylaşın:

JAM News

Azərbaycanın bir neçə böyük şəhərində cari ilin iyulun 5-dək sərt karantin rejimi tətbiq olundu. Hökumət bunu koronavirus COVID-19 pandemiyasına yoluxanların və ölənlərin sayının artması ilə əlaqələndirdi. Belə ki, Azərbaycanda gündəlik yoluxma sayı 500-ün üzərindədir, ölü sayı isə gündəlik orta hesabla 6-7 nəfər təşkil edir.
Pandemiyanın iqtisadiyyata və sosial məsələlərə təsiri insanları ən çox maraqlandıran məsələlərdən biridir. Bu mövzu ətrafında ReAL Partiyasının icra katibi, iqtisadiyyatçı Natiq Cəfərli ilə söhbət etdik.

Pandemiyanın iqtisadiyyata iki təsiri

Natiq Cəfərlinin sözlərinə görə, pandemiya əsasən iki xətt üzrə iqtisadiyyata ziyan vurur. Birincisi, neftin qiymətinin aşağı düşməsi. May ayının sonunda Azərbaycan neftinin orta qiyməti 40 USD-a yaxın oldu. Büdcədə nəzərdə tutulmuş qiymət 55 USD idi. Bu da Azərbaycanın valyuta daxilolmalarına, makroiqtisadi göstəricilərə mənfi təsir göstərir.

“Rəsmi rəqəmlərə görə, iqtisadiyyatın 1,8 faiz daralmasının şahidi oluruq. Mənə elə gəlir ki, daralma daha dərindir”.

İkinci istiqamət, iqtisadiyyatın tamamilə dayandırılmasıdır.

“Karantin elan olunan şəhərlərdə ölkə əhalisinin 70 faizi yaşayır. Eyni zamanda, əsas iqtisadi aktivlik də bu bölgələrdədir. Bakı və Abşeron rayonu Azərbaycan iqtisadiyyatının lokomotividir”.

İlk dəfə sərt karantin elan olunanda, Azərbaycanın iqtisadiyyat naziri dedi ki, gündəlik 150 milyon AZN itiririk.

“İlk dəfə böyük şəhərlərdə karantin elan olunanda kömək paketləri də elan olundu, həm əhaliyə, həm də biznesə. Bu paketlər iyunun 1-dək nəzərdə tutulmuşdu. Bu dövrdə 308 min nəfərə müxtəlif kanallarla əmək haqqı verildi, üstəlik müəyyən vergi güzəştləri də edildi. 600 min nəfərə isə 190 AZN –lik sosial yardım nəzərdə tutuldu. İyunun ilk iki həftəsində 48+48 saatlıq sərt karantin rejimi tətbiq olunsa da, şəxslərə və biznesə yardımlar təklif olunmadı”.

Hökumət iyulun 5-dək karantin tətbiq etdiyi şəhərlərdə ehtiyacı olan şəxslərə 190 AZN-lik sosial yardımı ödəyəcək. Karanti rejimi bir neçə şəhərdə tətbiq olunsa da, müəyyən peşə sahələrinin fəaliyyəti bütün ölkə üzrə məhdudlaşdırılıb və dayandırılıb. Bundan başqa, şəxs aztəminatlıdırsa, qanunla sosial yardım düşürsə, amma karantin elan olunmayan yerdə qeydiyyatdadırsa, o, 190 AZN ala bilməyəcək.

Cəfərli hesab edir ki, şəxsin qeydiyyatı deyil, onun faktiki yaşadığı ərazi əsas götürlməlidir. Məsələn, şəxs rayon qeydiyyatıdırsa, amma hazırda Bakı şəhərində yaşayırsa, sosial yardım almalıdır.

“Mənim hesablamalarıma görə, bu dəfə 350 min nəfər bu yardımı alacaq”.

Cəfərli əlavə edir ki, biznes üçün bugünədək hansısa yardım paketi olan olunmayıb.

“Bu gün iqtisadiyyata, biznesə dəyən zərərin hesablanması aparılmayıb. Gürcüstanda, hətta Rusiyada iki paralel paket qəbul olunurdu: karantinin özünün vurduğu ziyanın aradan qaldırılması və post-karantin dövründə biznesin inkişafı üçün xüsusi paketlər”.

Gəliri “0” olan şirkətə vergi güzəşti?

“Hökumətin prioritet elan etdiyi turizm sektoru tamamilə sıfırlanıb. Bu sahədə çalışanların gəlirləri də sıfırdır. Hökumət isə gəliri sıfır olan şirkətə vergi güzəşti tətbiq edir. Bu, isə məntiqsizdir, çünki vergi gəlirdən formalaşır”.

İqtisadçı hesab edir ki, Azərbaycan iqtisadiyyatı post-pandemiya dövrünə hazır deyil. Çünki bununla bağlı proqramlar qəbul olunmayıb, müzakirələr aparılmayıb. Dünya təcrübəsində post-pandemiya dövrünün əsas qırmızı xətti iqtisadiyyatın çarxlarının yenidən dönməsi üçün həm tələbatı artırırlar, həm də biznesə çox aşağı faizlə uzunmüddətli kreditlər verirlər.

Cəfərli deyir ki, son 4 ayda sabit gəliri olmayan vətəndaş evindəki ehtiyat vəsaiti xəclədikdən sonra banklara üz tutur. Nəticədə, Azərbaycan banklarında depozitlər azalıb. Bu da post-pandemiya dövrünün ciddi problemidir, çünki insanlarda pul yoxdursa, istehlak da olmayacaq. Bu da ticarət dövriyyəsinə mənfi təsir edəcək və ölkəyə gətirilən malların həcmi azalacaq.

İqtisadçı əlavə edir ki, kreditlərlə bağlı ümumiyyətlə addım atılmadı.

“Həm vətəndaşların, həm də biznesin kreditləri hesablanmaqda davam edir. Ciddi şəkildə problemli kreditlərin artımını görəcəyik və sentyabr-oktyabr aylarında bank sektorunda növbəti böhranlı dalğalanma olacaq. Hökumətdə yeganə ümid budur ki, post-pandemiya dövründə neftin qiyməti yenidən qalxa bilər”.

Cəfərli iddia edir ki, neftin qiymətinə ümid etmək olmaz, çünki “ikinci dalğa” yaşanarsa neft hasilatına olan tələbat azala bilər və dünyada neftin qiyməti 20, 30 USD-dək düşə bilər.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching