Oxuduğunuz məqalə

Azərbaycan/Ermənistan: Dağlıq Qarabağ münaqişəsində odlu silahlardan istifadə edilərək istisnasız şəkildə qətlə yetirilən mülki şəxslərə dair hesabat

 

Bu yazını paylaşın:

Müəllif: Amnesty International, Marie, Struthers, 14 yanvar 2021-ci il

Tərcüməçi: Kərtənkələ Press

  • Sahə müstəntiqləri Azərbaycan və Ermənistanda atəşə tutulan onlarla bölgəni ziyarət ediblər.
  • Dəlillər hər iki tərəfin də odlu silahlarla mülkü şəxsləri istisnasız olaraq atəşə tutduğunu təsdiq edir.
  • İstifadə olunan digər silahlar arasında ballistik raketlər və deyri-dəqiq mənzilli roket və artilleriya sursatları yer alır

“Amnesty International”dan bugün bildirilib ki, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin dəfələrlə qeyri-dəqiq silahlardan (mülki vətəndaşların məskunlaşdığı ərazilərdə geniş miqyasları təsirləri olan odlu silahlar və partlayıcı silahlardan) istifadə etməsi beynəlxalq humanitar hüququ pozmuş və çox sayda mülki vətəndaşın ölümünə, yüzlərlə insanın yaralanmasına, evlərin və müstəsna əhəmiyyətə malik infrastrukturun dağılmasına səbəb olmuşdur.

Təşkilatın yayımladığı yeni hesabat – Atəş Xəttində: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qanunazidd şəkildə endirilən zərbələr nəticəsində həyatını itirən mülki şəxslər – hər iki tərəfdə, yerində aparılan araşdırmalara əsaslanır və mülki insanları qanunsuz şəkildə qətlə yetirən Ermənistan və Azərbaycan qüvvələrinin endirdiyi 18 zərbənin təfərrüatlarını açıqlayır. Ümumilikdə, çoxsaylı uşaq və yaşlı daxil olmaqla ən azı 146 mülki şəxs, 2020-ci ilin sentyabr ayının sonundan başlayaraq noyabr ayına kimi davam edən 44 günlük müharibədə endirilən zərbələr nəticəsində vəfat edib.

Ermənistan silahlı qüvvələri qeyri-dəqiq ballistik raketlər, idarəolunmayan raket sistemləri (MLRS) və artilleriya silahlarından istifadə edib. Eyni zamanda Azərbaycan tərəfi də idarə olunmayan artilleriya və MLRS-lərdən istifadə edib. Hər iki tərəfin səlahiyyətli orqanları, mülki bölgələrə istisnasız zərbələr endirmələrini və odlu silahlardan istifadə etmələrini rədd etsələr də hər ikisinin də bunu etdiklərinə dair açıq sübutlar mövcuddur.

“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Marie Struthers qeyd edib: “Mülki ərazilərin yaxınlığında bu qeyri-dəqiq və ölümcül silahlardan istifadə edən Ermənistan və Azərbaycan silahlı qüvvələri müharibə qanunlarını pozmuş və insan həyatına etinasızlıq göstərmişdir.”

"Mülki ərazilərin yaxınlığında bu qeyri-dəqiq və ölümcül silahlardan istifadə edən Ermənistan və Azərbaycan silahlı qüvvələri müharibə qanunlarını pozmuş və insan həyatına etinasızlıq göstərmişdir"    

"Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Marie Struthers

“Münaqişə tərəfləri şəhər və qəsəbələrdə qeyri-dəqiq silahlardan istifadə edərək dinc sakinlərin ölümünə, ailələrin parçalanmasına və saysız-hesabsız evlərin dağılmasına səbəb olmuşdur.”

Sözsüz ki, qarşıdurma başlayan zaman bir çox insanın atəş zonasından qaçmasaydı və ya zirzəmilərə sığınmasaydı, mülki itkilərin sayı çox daha artıq olacaqdı.

Atəşə məruz qalan onlarla bölgə ziyarət edildi

“Amnesty International” müstəntiqləri münaqişənin hər iki tərəfində atəşə tutulan bölgələri ziyarət edib. Baza xəritə məlumatları: OCHA, ROCCA, ESRI

Münaqişəyə son qoyan 10 noyabr tarixli üçtərəfli razılaşma imzalandıqdan sonra, “Amnesty International” 2020-ci ilin noyabr ayının sonları və dekabr ayının əvvəllərində Azərbaycan və Ermənistanda onlarla atəş zonasını ziyarət edib.

Təşkilat, bu bölgələrə ziyarəti zamanı yerli mülki və hərbi səlahiyyətli orqanlar, QHT işçiləri və jurnalistlərə əlavə olaraq həmçinin atəş zonasından sağ çıxmağı bacarmış mülki şəxslər, şahidlər və həyatını itirmiş şəxslərin yaxınları daxil olmaqla toplam 79 nəfər ilə görüşlər təşkil edib.

“Amnesty International”ın Böhranla Mübarizə qrupu hücumlarda istifadə edilən döyüş sursatlarından geriyə qalmış parçaları təhlil edib və müharibə zamanı çəkilmiş video, foto və peyk şəkillərini ətraflı şəkildə araşdırıb.

“Apardığımız araşdırmalar, hər iki tərəfin mülki insanların öldürülməsi, onlara zərər verilməsi və mülki obyektlərə ziyan vurulması ilə nəticələnən istisnasız və qeyri-mütənasib zərbələr endirdiyini ortaya qoydu. Cəbhə bölgələrindən uzaqda yerləşən mülki yaşayış sahələrinə - yaxınlıqda hərbi hədəflərin olmadığı zonalara - dəfələrlə hücumlar təşkil olunub” deyə Marie Struthers qeyd edib.

Ermənistan silahlı qüvvələrinin hücumları

“Amnesty International”, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə təşkil etdiyi və ümumilikdə 72 mülki vətəndaşın ölümü ilə nəticələnən səkkiz hücumu sənədləşdirmişdir.

17 oktyabrda Gəncə şəhərinə atılan SCUD-B ballistik raketinin Muxtar Hacıyev küçəsinə düşməsi nəticəsində 21 mülki şəxs ölmüş və 50-dən çox insan yaralanmışdır. Südabə Əsgərovanın qızı Nigar, 15 yaşını qeyd etməyə bir gün qalmış bu hücum nəticəsində həyatını itirdi. Südabə Əsgərova “Amnesty International”a verdiyi müsahibəsində “o mənim yeganə övladım idi, sahib olduğum tək varlıq o idi” deyib.

64 yaşlı Ramiz Qəhrəmanov, “Amnesty International” verdiyi açıqlamada, eyni hücum nəticəsində 34 yaşlı qızı Xatirə, onun oğlu 11 yaşlı Orxan və iki qızı: altı yaşlı Məryəm və 18 yaşlı Ləmanın vəfat etdiyini bildirib. Ramiz Qəhrəmanov sözlərinə belə davam edib: “Aşağı baxdım və evin tamamilə dağıldığını gördükdə dərhal onların hamısının öldüyünü anladım, çünki belə dağıntının altından heç kim sağ çıxa bilməzdi. Nəvələrimin cəsədlərini belə tapa bilmədim. Cəsədlərinin bəzi hissələri günlər sonra qonşu küçədən tapıldı və bəzi hissələrindən isə ümumiyyətlə xəbər çıxmadı”.

"Aşağı baxdım və evin tamamilə dağıldığını gördükdə dərhal onların hamısının öldüyünü anladım, çünki belə dağıntının altından heç kim sağ çıxa bilməzdi. Nəvələrimin cəsədlərini belə tapa bilmədim. Cəsədlərinin bəzi hissələri günlər sonra qonşu küçədən tapıldı və bəzi hissələrindən isə ümumiyyətlə xəbər çıxmadı"  

Gəncəyə təşkil olunan hücum zamanı bir neçə ailə üzvünü itirmiş 64 yaşlı Rahiz Qəhrəmanov

27 oktyabrda, erməni silahlı qüvvələrinin Qarayusifli kəndinə kasetli bomba atması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb və yaşayış evlərinə ciddi ziyan vurulub. Hadisə nəticəsində vəfat edənlərdən biri, hücum zamanı bağlarındaki yelləncəkdə oynayan yeddi yaşlı Aysu İskəndərli idi.

Erməni birləşmələri 28 oktyabrda cəbhədən 20 km-dən çox uzaqlıqda yerləşən Bərdə şəhərinə bir neçə iri çaplı raket atıb. Raketlərdən üçü şəhərin mərkəzinə düşüb, ikisi isə iki fərqli xəstəxananın yaxınlığında partlayıb. Bu raketlərdən üçüncüsü – 72 ədəd 9N235 bomba kaseti daşıyan Rusiya istehsalı 9M55 Smerch roketi – əhalinin sıx olduğu bir bölgəyə düşərək 21 mülki vətəndaşın həyatını itirməsinə səbəb olub.

27 sentyabrda – yəni münaqişə başlayan gün, erməni birləşmələrinin Naftalan yaxınlığındakı Qaşaltı ərazisinə endirdiyi artilleriya zərbəsi nəticəsində Qurbanovlar ailəsinin 5 üzvü vəfat edib, yaşadıqları ev isə yararsız vəziyyətə düşüb. Qardaşının arvadı, qardaşı oğlu və qardaşı qızı ilə birlikdə valideynlərini də itirən Bəxtiyar Qurbanov “Amnesty International”a verdiyi müsahibəsində bildirib: “Ailəmiz məhv oldu. Müharibədən əvvəl evi təmir etməyə başlamışdıq, amma indi burada qalmaq belə dözülməz bir ağrı verir.”

Azərbaycan birləşmələrinin hücumları

“Amnesty International” Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı kəndlərə və Ermənistandakı bir qəsəbəyə endirdiyi 9 zərbəni sənədləşdirib. Yerli de-fakto səlahiyyətlilərin verdiyi məlumata görə, münaqişə nəticəsində ən azı 52 erməni mülki şəxs həlak olub.

Bölgənin əsas şəhəri olan Stepanakert tez-tez, bəzən gündə bir neçə dəfə atəşə məruz qalıb. Bu hücumlardan bəziləri 122 mm-lik Qrad raketləri və beynəlxalq səviyyədə qadağan edilmiş kasetli silahlar kimi sursatlardan istifadə edilərək həyata keçirilib.

4 oktyabrda baş tutan hücumlarda dörd mülki şəxs ölüb və bir çox insan yaralanıb. Naver Lalayal, 69 yaşındakı atası Arkadi'nin bu hücumda necə öldürüldüyü haqda “Amnesty International”a danışıb:

“Müharibə başlayandan bəri valideynlərim digər sakinlərlə birlikdə binanın zirzəmisindəki sığınacaqda qalırdılar və hamamdan və mətbəxdən istifadə etmək üçün mütəmadi olaraq mənzilə gəlirdilər. O səhər atam yuxarı mərtəbəyə çıxıb balkonda dayanmışdı və elə həmin anda bağa bir raket düşdü. Atam yerindəcə keçindi və mənzilin böyük bir hissəsi dağıldı.”

Əqli və fiziki qüsurları olan gənc bir qadın da eyni hücum zamanı yaralanıb və travma alıb.

Tərəfsiz bir silah mütəxəssisi, “Amnesty International”ın ərazidə müşahidə etdiyi silah-sursat parçalarını təhlil edib və bunların böyük ehtimalla Azərbaycana satıldığı məlum olan İsraildə istehsal olunmuş "EXTRA ballistik raketlərinə aid olduğunu" müəyyənləşdirib.

Eyni gündə şəhər ətrafı bir neçə digər bölgələrə (fəaliyyəti dayandırılmış bir məktəbin yaxınlığı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinin yaxınlığı da daxil olmaqla) də zərbələr endirilib.

Stepanakertə təşkil olunan digər hücumlarda, Təcili Yardım Xidmətləri də daxil olmaqla kritik infrastrukturun yerləşdiyi şəhərin şərq hissəsinin Azərbaycan qüvvələrinin tərəfindən qəsdən hədəfə alındığı görülüb. 2 oktyabr günorta saat 2 radələrində raketlərdən biri şəhərdəki avtomobil dayanacağına düşüb. Hadisədə ağır xəsarət alan 25 yaşlı Hovhannes Aghanyanyan və digər 10 həmkarı yaralanıb və təcili yardım maşınlarının yerləşdiyi anqara ciddi ziyan dəyib.

"Viktoriya bizim kiçik mələyimiz idi. Artıq həyatda deyil... Balaca oğlum hələ də yuxusunda yeri bombalayan təyyarələri görərək oyanır."  

Martuniyə endirilən zərbə nəticəsində səkkiz yaşlı qızı ölən və iki yaşlı oğlu yaralanan Anahit Gevorgyan

27 sentyabrda, sadəcə dörd dəqiqə içərisində Martuniyə 12 zərbə endirilib. Bu zaman səkkiz yaşındakı Viktoriya Gevorgyan adlı bir qız ölümcül yaralanıb, onun iki yaşındakı qardaşı Artsvik isə ağır yaralanaraq ciddi travmalar alıb.

Uşaqların anası Anahit Gevorgyan “Amnesty International”a bildirib: “Viktoriya bizim balaca mələyimiz idi. Artıq həyatda deyil... Balaca oğlum hələ də yuxusunda yeri bombalayan təyyarələri görərək oyanır.”

Martakert sakini David Xaçatran, 30 sentyabr tarixində ailəsinə məxsus meyvə və tərəvəz dükanı ilə üzbəüzdəki bir binanın girişinə düşən Grad raketi nəticəsində həm valideynlərinin, həm də 60 yaşlarındaki bibisinin necə həlak olduğunu “Amnesty İnternational”a danışıb. “Amnesty International” dekabrın ortalarında hadisə yerini ziyarət edərkən sözügedən raket hələ də binanın pilləkənlərində ilişib qalmışdı.

"Həm Ermənistan həm də Azərbaycan hakimiyyətləri öz silahlı qüvvələrinin əhalinin sıx yerləşdiyi mülki ərazilərdə ağır odlu silahlardan amansız və ehtiyatsız bir şəkildə istifadə etməsi barədə dərhal və qərəzsiz istintaq əməliyyatlarına başlamalıdır."

“Ermənistan və Azərbaycan liderlərinin təhlükəsizlik tədbirləri görməyə başladığı bir zamanda, bu cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin dərhal məsuliyyətə cəlb edilməsi və zərər çəkmiş şəxslərin təzminat alması olduqca vacib bir məsələdir” deyə Marie Struthers qeyd edib.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching