Oxuduğunuz məqalə

Azərbaycan dəyişiklik ərəfəsindədir?

 

Bu yazını paylaşın:

Tərcüməçi: Kərtənkələ

İstər adını sabitlik qoyun istər durğunluq, yaxın illər ərzində Azərbaycan davamlı bir dəyişilməzlik adasına çevrilmişdir. Bu müddət ərzində Azərbaycanın qonşuları olan Ermənistan, Gürcüstan, İran və Türkiyə isə böyük dəyişikliklərdən keçmişlər.

Bu davamlı sabitlik artıq əvvəlki gücündə deyil, belə ki adətən stabilliyi ilə fərqlənən ölkədə son bir neçə həftə ərzində bir sıra qarşıdurmalar baş verdi. Polis oktyabrın 19-u və 20-də həm siyasi, həm də iqtisadi sferada daha çox azadlıq tələb edən müxalifətin küçə etirazlarını zor gücünə yatışdırdı və onlarla insan həbs olundu. Bu azmış kimi polis Azərbaycanda yüksək səviyyədə özünü göstərən məişət zorakılığına qarşı etiraz səslərini ucaldan digər bir kiçik mitinqi də dağıtdı.

Bu hadisələrlə birlikdə həmçinin başqa siyasi dəyişikliklər də baş verdi. Prezident İlham Əliyev 16 ildir ki, 2003-cü ildə atası Heydər Əliyevdən miras aldığı prezidentlik postunu buraxmayıb. O, bütün bu müddət ərzində 1990-cı illərdən bəri atasına xidmət edən qoca nazirləri və məsləhətçiləri dəyişdirmək məsələsinə sanki qorxu ilə yanaşırdı.

Amma, prezident İlham Əliyev Oktyabrın 24-ündə nəhayətki administrasiyasının rəhbəri olan, 1995-ci ildən bəri bu vəzifəni tutmuş və həmçinin 1980-ci illərin kommunist rejimində Heydər Əliyevə xidmət etmiş Ramiz Mehdiyevi vəzifəsindən azad etdi və onu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təyin etdi. Mehdiyev ölkədəki ən nüfuzlu ikinci adam olmaqla yanaşı həmçinin avtoritar və anti-Qərb yönümlü siyasətin də baş ideoloqu idi.

Onun yerinə isə prezident bir sıra gənc texnokrat simaları öz kabinetinə cəlb etdi. İyirmi beş il ərzində ilk dəfədir ki, ölkənin baş naziri postunda bu vəzifəyə peşəkar anlamda uyğun gələn bir baş nazir – Əli Əsədov var. Ən dinamik texnokrat, təhsil naziri və vergilər naziri vəzifələrində yerinə yetirdiyi islahatlara görə təqdir qazanan qırx üç yaşlı Mikayıl Cabbarov isə daha yüksək bir post olan iqtisadiyyat naziri vəzifəsinə təyin olundu.

Əliyev, işlərin ciddiyətini göstərmək üçün oktyabrın 15-ində maraqlı və gözlənilməz bir çıxış etdi. O, rəsmi gizlilik pərdəsini aradan qaldırdı və adı açıqlanmayan kabinet üzvlərini islahatları gecikdirməklə günahlandırdı və buna səbəb kimi islahatların onların “şəxsi maraqlarına” və hətta “şantaj” imkanlarına zidd olmasını göstərdi. Prezident, hakimiyyət daxilindəki vəziyyəti “dözülməz” olaraq qiymətləndirdi. Şübhəsiz ki, hazırda ölkədə çox böyük bir cavanlaşdırma prosesi həyata keçirilir. Bu həmdə Azərbaycanı böyük bir reform dalğasının gözlədiyinin siqnalı ola bilərmi? Bu barədə şübhələnmək üçün yetərincə tutarlı səbəblər mövcuddur.

Sistemin artıq oturuşmuş sklerotik səciyyəyə malik olmasını heçkim inkar etmir. 2000-ci illərdəki neft əsaslı canlanma artıq tamamilə sona çatıb. Hakimiyyət 2015-ci ildə manatın, milli valyutanın devalvasiyasından sonra prestij baxımından çox ciddi itkilər verdi. Gəlirlər kəskin surətdə azaldı və on minlərlə insan problemli kreditlər ucbatından çıxılmaz vəziyyətdə qaldı.

O gündən bu yana vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirildi. Qeyri-neft və qaz sektorunun iqtisadiyyatdakı payı artsada bu artım ciddi səviyələrdə deyil. Nəqliyyat nazirliyinin və onun keçmir başçısı, Trump International Hotel & Tower Baku proyektinin sövdələşməsini yerinə yetirən Ziya Məmmədovun nüfuzu azaldı. İş adamlarının dediklərinə görə son illərdə gömrük komitəsində korrupsiya halları əhəmiyyətli dərəcədə azalıb.

Buna, eyni amansız avtoritar çərçivədə dövlət xidmətlərinin daha səmərəli vəziyyətə gətirildiyi “avtoritar modernləşmə” kimi baxmaq olar. Cəmiyyətin böyük bir qismi bunu xoş qarşılayacaq amma sadəcə bu qədəri yetərli olacaqmı?

Sistemi Azərbaycan sistemi ilə bir çox oxşarlıqlarla dolu olan Rusiyada Mixail Qorbaçovdan Dmitri Medvedevə qədər liderlər öyrənməli oldular ki, yarımçıq islahatlar cəmiyyətin ümidlərini artırır və sonrasında isə qarşı reaksiyaya səbəb olur.

Dahası, əgər bütün bu hadisələr bir zamanlar bütün gücü əlində saxlayan, ölkədə hökmranlıq edən və Ramiz Mehdiyevin də üzv olduğu Naxçıvan klanının süqutundan xəbər verirsə, bunun yeganə səbəbi artıq Bakı biznesmen-siyasi elitasının onların yerini tutması ola bilər.

Ortadakı mübarizənin həqiqi qalibi ölkənin birinci xanımı və birinci vitse-prezident Mehriban Əliyeva və onun ətrafı yəni, Paşayevlər ailəsidir. Əliyeva hazırda hökumətin iqtisadi məsələlərə dair iclaslarına rəhbərlik edir.

Müstəqil iqtisadçı Qubad İbadoğlunun sözlərinə görə sadə vətəndaşların yararı üçün iqtisadiyyatın kütləvi surətdə yenidən strukturlaşdırılması vacibdir. İqtisadçı həmçinin qeyd edir ki, bu illik büdcənin 39.9 faizi ölkədəki ən korrupsioner sahələrdən biri olan inşaat sektoruna, 4.2 faizi səhiyyəyə və yalnızca 0.06 faizi ətraf mühitin mühafizəsinə ayrılıb.

Bu məsələ barədə fikirlərini soruşmaq üçün 2018-ci ildə həbsxanadan azad edildikdən sonra siyasətə geri qayıdan müxalif Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədova zəng etdim.

Bəzi müxalifətçilər Məmmədovu “konstruktiv müxalifətçi” olmağa çalışdığı üçün tənqid etsə də o, öz bildiyindən dönmür. O bildirdi ki, partiyası son zamanlar baş təşkil olunan və polis tərəfindən dağıdılan aksiyalarda iştirak etməyib çünki bunlar “səhv zamanlanmış” aksiyalar idi. Amma, o da hakimiyyəti kəskin şəkildə tənqid edənlərdəndir.

“Əsas fundamental problem odur ki, bu hakimiyyət öz mənəvi nüfuzunu itirib. Onlar sadəcə inertiya ilə hakimiyyətdədirlər”, Məmmədov qeyd edib.

O həmçinin bir ildən sonra keçiriləcək parlament seçkilərini gözlədiyi qeyd etdi. Bu seçkilər son iyirmi beş ildir ki formal xarakter daşıyırdı. Bunun səbəbi isə seçkilərin həmişə hakim partiya tərəfindən, xüsusilə də parlament namizədlərini daim nümayiş etdirən və seçən, hazırda isə vəzifəsindən uzaqlaşdırılan Ramiz Mehdiyev tərəfindən ciddi nəzarət altına alınması idi.

Artıq Mehdiyev kənarda qalıb və siyasi məkan bir az olsun açılıb. Uyğunlaşmağa çalışan rejimin öz daxilindəki zəifliklər də üzə çıxmağa başlayır.

Məmmədov ya müxalifətin parlament seçkilərində seçilməsi ya da səsvermə ədalətli olmadığı təqdirdə xalqın ayaqlanması üçün fürsət görür. Digərləri onun bu fürsətdən həddindən artıq çox şey gözlədiyini deyə bilər, amma ən azından onun bir planı var.

2020-ci il Azərbaycan üçün sınaq ili olacaq. Əgər İlham Əliyev yüksələn gözləntilər və canlanan bir müxalifətlə üzləşməli olsa, o zaman təcrübəli avtoritar məsləhətçisini vəzifəsindən azad etdiyi üçün peşman belə ola bilər.

Müəllif: Thomas de Waal, Carnegie Europe, Şərqi Avropa və Qafqaz ekspert

Məqalənin tarixi: 5 Noyabr, 2019

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching