Oxuduğunuz məqalə

Avtokratların koronavirus girəvəsi – Qərb mediası by Kərtənkələ

3 min read

Bu yazını paylaşın:

Azadlıq Radiosu

Dünyada bir çox ölkələrin liderləri fövqəladə rejimlə bağlı fərmanlar verir, pandemiya dövründə səlahiyyətlərini genişləndirirlər. Görəsən, bütün bunlar sonradan ləğv olunacaqmı? “The New York Times” qəzetində Selam Gebrekidan bu suala cavab axtarır.

Macarıstanın baş naziri indi fərmanla ölkəni idarə edə bilər. Britaniyada nazirlərə adamları saxlamaq və sərhədləri bağlamaq səlahiyyəti verilir. İsrailin baş naziri məhkəmələri bağlayıb, vətəndaşlar üzərində nəzarətə başlayıb. Çili ordunu vaxtilə etirazçıların əlində olan meydanlara göndərib. Boliviya seçkiləri təxirə salıb.

Avtoritar epidemiya

Müəllif bütün bunların anlaşılan olduğunu, sərhədləri bağlamağa, karantin qoymağa, yoluxmuş şəxsləri izləməyə dövlətlərə yeni səlahiyyətlər gərəkdiyini vurğulayır. Amma tənqidçilərin fikrincə, bəzi hökumətlər səhiyyə böhranını fürsət bilərək çox vaxt epidemiyaya elə də dəxli olmayan yeni səlahiyyətlər əldə etməyə çalışırlar.

Çin tədqiqatçıları yarasa viruslarını ‘təcrid ediblər’ – Qərb mediası

“Səhiyyə epidemiyasını dabanbasma izləyən, onunla paralel gerçəkləşən avtoritar və repressiv tədbirlər epidemiyasının şahidiyik”, – BMT-nin anti-terror və insan haqları üzrə xüsusi məruzəçisi Fionnuala Ni Aolain deyib.

Yeni qanunlar dövlətin nəzarətini gücləndirməklə yanaşı, hökumətlərə adamları qeyri-müəyyən müddətə saxlamaq, ifadə və sərbəst toplaşma azadlığını pozmaq imkanı verir. Müəllifin fikrincə, bu qanunlar on illər boyunca mülki həyatı, siyasət və iqtisadiyyatı formalaşdıra bilər.

“Pandemiya normaları yenidən müəyyənləşdirir. Cənubi Koreya və Sinqapurda, normal şəraitdə senzuraya səbəb olacaq nəzarət sistemləri infeksiyanı səngitdiyi üçün alqışlanır. Çini milyonlarla vətəndaşını təcrid etdiyinə görə tənqid edən hökumətlər indi onun yoluyla gedirlər”, – məqalədə deyilir.

Bəzi ölkələrsə pandemiyadan narazılara divan tutmaq üçün istifadə edir. İordaniyada Baş nazir Omar Razzaz deyib ki, hökuməti “çaxnaşma yaradan şayiə, uydurma və saxta xəbərlər” yayan istənilən şəxslə “sərt davranacaq”.

Moldova hakimiyyəti də COVID-19 pandemiyasından yararlanaraq media azadlıqlarını boğmağa çalışır. “Balkan Insight” portalı yazır ki, media üçün verilmiş, amma ömrü çox çəkməyən sərəncamda “rəy” yaymaq yasaqlanır, fövqəladə vəziyyətdə yalnız hakimiyyətin mövqeyini vermək tələb olunurdu.

Sərəncam martın 24-də Moldovanın Audiovizual Şurası olan CCA-nın prezidenti Dragos Vicol tərəfindən verilib, amma jurnalist və media assosiasiyalarını sərt tənqidi ilə üzləşib. Ertəsi gün Vicol sərəncamı müdafiə etməyə çalışıb, deyib ki, bu, yalnız “qeyri-peşəkar rəyə” aiddir. O, TVR televiziyasına deyib ki, media informasiyanı yalnız Dünya Səhiyyə Təşkilatından, onun təsdiqlədiyi yerlərdən, hökumətdən və səhiyyə nazirliyindən almalıdır, “məsuliyyət daşımayan şəxslərdən deyil”.

Qeyd edək ki, Azərbaycan parlamentinin martın 17-də informasiya qanununa etdiyi dəyişiklik də birmənalı qarşılanmayıb. Dəyişiklikdə deyilir ki, istənilən İnternet informasiya resursunun sahibi onlayn saxta informasiyanın yayılmasını önləməlidir. Buraya “əhalinin həyatına, səhhətinə və əmlakına, yaxud ictimai təhlükəsizliyə”, eləcə də “həyat təminatı, maliyyə, nəqliyyat, kommunikasiya, sənaye, enerji, sosial infrastruktur obyektlərinə” təhdid yaradan informasiya daxildir.

Deputatlar dəyişiklikləri dəstəkləsələr də, ekspertlər bu qanunun alternativ düşüncə sahiblərinə qarşı yönəldiyini söyləyir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching